news Image
2014.10.30
07:08
| A A A
Fond bazarının inkiaşfında əsas problemlər açıqlandı
Vüqar Bayramov: “Səhm bazarında zəif iştirak edən yerli şirkətlərin əksəriyyəti istiqraz bazarına da daxil olmayıb” Samir Əliyev: “Səhm bazarının inkişafını arzulayırıqsa, mütləq fond birjalarının fəaliyyətini formalaşdırmalıyıq”

Azərbaycanda fond bazarının inkişaf etdirilməsinə ciddi ehtiyac var. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib: "Azərbaycanda bank sektorunun aparıcı qüvvə olsa da, bəzi Qərb ölkələrində iqtisadiyyatın aparıcı qüvvəsi fond bazarıdır. Azərbaycanda da bu sektorun inkişaf etdirilməsinə ciddi ehtiyac var".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, ölkəmizdə kapital bazarları vasitəsilə maliyyə cəlb etmələri üçün biznes sektorunun məlumatlandırılmasına və fond bazarının inkişafına həqiqətən ehtiyac var: "Bizdə özəl sektorda korporativ idarəetmə zəif inkişaf etdiyindən, bu hal özünü yerli müəssisələrin qiymətli kağızlar bazarında da göstərir. Korporativ idarəetmənin formalaşmaması bir çox şirkətlərin üçün alternativ vəsaitlərin cəlb edilməsində ciddi maneədir. Səhm bazarında zəif iştirak edən yerli şirkətlərin əksəriyyəti istiqraz bazarına da daxil olmayıb. Digər səbəb odur ki, istiqraz bazarının həcmi kiçikdir. Bununla yanaşı, alıcıların sayı da azdır. Kiçik dövriyyəyə malik olan bazar isə şirkətlər üçün cəlbedici görünmür. Alıcıların əksəriyyəti investor müştərilər olduğundan dövriyyənin miqyası genişlənmir. Burada şirkətlərin əksəriyyətinin qiymətli kağızlarla işləmək ənənəsinin olmaması amili də var. Həmçinin, bu gün şirkətlərin əksəriyyəti uzunmüddətli dövr üçün borclanmaqda maraqlı deyil".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, hazırda cüzi də olsa, Banklararası Fond Birjasının fəaliyyəti hiss olunur: "Fond bazarının fəaliyyətsizli bu sahənin inkişaf etməməsindən xəbər verir. Məsələn, qiymətli kağızlar bazarı normal inkişaf etməyibsə, fond birjasının inkişafından danışmaq olmaz. Eyni zamanda valyuta birjasının fəaliyyəti də normal deyil. Birjalar, adətən inkişaf etmiş ölkələrdə təşəkkül tapır. Məsələn, birjanın bütün sahələrini əks etdirən hərraclar Almaniya, ABŞ, İngiltərə kimi ölkələrdə keçirilir. Azərbaycanda isə bu cür böyük hərraclar mümkün deyil. Çünki qiymətli kağızlar, valyuta, əmtəə, əmək bazarı adları çəkilən ölkələrdəki kimi yüksək səviyyədə deyil. Biz səhm bazarının inkişafını arzulayırıqsa, mütləq fond birjalarının fəaliyyətini formalaşdırmalıyıq. Elə müəssisə rəhbərlərinin özləri səhmlərinin artmasında maraqlı deyil. Çünki, ölkəmizdə müəssisələr arasında rəqabət mühiti zəifdir".

Samir Əliyevin əlavə etdi ki, Azərbaycan nəzəri cəhətdən birjaların keçirilməsi üçün əlverişlidir: "Ancaq tək yerli yox, xarici şirkətlərin də burada iştirak etmələri yaxşı olardı. İş burasındadır ki, Azərbaycan regional biznes mərkəzi kimi tanınmır. Ona görə də qonşu dövlətlər bizdə birja reallaşdırmırlar".

Ekspert hesab edir ki, bizdə keçirilən əmək yarmarkalarına da əmək birjaları sayılmır: "Birja gündəlik olmasa da, həftədə bir dəfə təşkil olunmalıdır. Bizdə əmək birjasının işini adətən internet portalları görür. Ümumilikdə, fond bazarının inkişaf etməməməsinin əsl səbəbi orta və kiçik sahibkarlığın inkişafı həddi ilə bağlıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs