Əlaqə Arxiv
news Image
2012.04.11
13:19
| A A A
Bakı və Ankara arasında qaz ziddiyyəti
Türkiyə “Transanadolu” kəmərində payını artırmaq istəsə də ARDNŞ bu qərara yenidən baxılmasını mümkünsüz sayır


Bu gün neftlə yanaşı Azərbaycanın tədricən iri qaz ixracatçılarından birinə çevrildiyi aydın müşahidə olunmaqdadır. Araşdırmalara görə isə hazırda respublikada hasil olunan təbii qazın əsas hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" strukturundan əldə edilir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq iri qaz-kondensat yatağı sayılan "Şahdəniz" 1999-cu ildə kəşf olunub. Xarici tərəfdaşlarla birlikdə işlənilən "Şahdəniz" dəniz akvatoriyalarında ən iri qaz-kondensat yataqlarından hesab edilir.

Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qaza "Cənub qaz dəhlizi" layihəsi üçün əsas mənbə kimi baxılır. "Şahdəniz-2" layihəsi üzrə qazın ixracına 2017-ci ildən başlanılması planlaşdırılır.

Aparılan hesablamalara görə, Azərbaycan ərazisi ilə 2020-2025-ci illərdə 50-55 milyard kubmetr həcmində qazın nəql olunacağı gözlənilir. Nəql olunacaq təbii qaz mənbələrinə tək ölkəmizin ehtiyatları deyil, qonşu ölkələr - Türkmənistan və Qazaxıstandan tranzitlə göndəriləcək qaz da daxildir. Burada Azərbaycan və Türkmənistan arasında "Transxəzər" qaz kəmərinin tikintisi ilə bağlı kifayət qədər ümidverici danışıqların getdiyini də vurğulamaq yerinə düşərdi.

Ötən il dekabrın 26-da Azərbaycan ilə Türkiyə arasında imzalanan "Transanadolu təbii qaz boru kəməri" isə ölkəmizin ixrac kanallarının daha da genişlənməsinə rəvac verir. TANAP layihəsi ilə Azərbaycanda hasil olunan təbii qaz Gürcüstandan keçərək Türkiyə vasitəsilə Avropaya nəql olunacaqdır. Layihə "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsinin əsas elementlərindən biridir. Bu, Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycandan ildə 16 milyard kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 milyard kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 milyard kubmetri isə Avropaya ixrac ediləcək. Layihə üzrə hazırda əməli işlər həyata keçirilir. Kəmərin ötürmə gücünün artırıla biləcəyini də nəzərə alsaq, "Transanadolu" qaz boru kəmərinin Azərbaycan üçün perspektivli layihə olduğunu görərik. Çünki Azərbaycan, qazı öz kəməri vasitəsilə Türkiyənin qərb sərhədlərindən birbaşa avropalı istehlakçılara satmaq imkanı əldə edəcək.

Lakin hazırda "Transanadolu" kəmərində Azərbaycan və Türkiyə arasında pay bölgüsü ilə bağlı ciddi ziddiyyət yaranıb.

Bu günlərdə TANAP-da Türkiyənin payının artırılmasının mümkünlüyü barədə Türkiyənin energetika nazirinin müavini Metin Kılıc açıqlama ilə çıxış edib. Lakin ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd edib ki, bu qərara yenidən baxıla bilməz. ARDNŞ boru kəmərinə nəzarəti və idarəni özündə saxlayır. Məsələ ilə bağlı "Eurasianet.org" saytı yazır ki, mədəni və dil yaxınlığı sayəsində yaxın diplomatik əlaqələrə malik olan Bakı ilə Ankaranın qaz ixracı üzrə boru kəməri layihəsi ətrafında çəkişmələri ölkələrin əlaqələrinə təsirsiz ötüşmür. "Ötən ilin dekabr ayında imzalanmış memoranduma əsasən "Şahdəniz -2"dən Avropaya qaz nəql edəcək TANAP layihəsində ARDNŞ və iki Türkiyə şirkətinin payı 80 - 20 faiz nisbətində bölünüb. Bu layihənin mart ayında gerçəkləşməsi gözlənilirdi. Lakin imzalanma mərasimi baş tutmadı. ARDNŞ rəsmisi "Eurasianet.org" saytı ilə müsahibəsində yubanmanın səbəbini izah edərkən Türkiyə tərəfinin 50-50 pay bölgüsünün istədiyini bildirib. Aprelin 3-də sənaye və energetika naziri Natiq Əliyev Türkiyənin maliyyə resurslarına malik olduğu təqdirdə payın artırılmasının əleyhinə olmadığını deyib.

Lakin ertəsi gün Dövlət Neft Şirkətinin prezidenti bildirib ki, "həll olunmuş" pay bölgüsü məsələsinə yenidən baxıla bilinməz. Azərbaycan layihədə iştirak etmək istəyən BP və "Statoil" şirkətinə öz 80 faizlik payından hissələrin ayrılmasını nəzərdən keçirir. "Bunlar TANAP payçıları olmaq istəyən yeganə ölkələr deyil", deyən Rövnəq Abdullayev bütün tədbirlərdə Azərbaycan Dövlət Neft Şirkətinin boru kəməri üzərində nəzarəti saxlamaqda qərarlı olduğunu bildirib".

Hazırda TANAP-dan başqa "Şahdəniz" qazının Qərbə ixracı üzrə TAP, "Nabukko" və Cənub-Şərqi Avropa qaz kəməri nəzərdən keçirilir. ARDNŞ bütün marşrutların gündəlikdə qaldığını bildirir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia isə bildirir: "Biz tıxacsız və ləngimə olmadan uzun müddətli və davamlı fəaliyyət göstərən dəhliz istəyirik".

Ekspertlər isə qeyd edir ki, Bakı və Ankara TANAP-la bağlı yaranan ziddiyyətin çözülməsində hər hansı ciddi fikir ayrılığı yaşamayacaq.

Əsgər CAVADOV


Sizin Reklam Yeriniz