Əlaqə Arxiv
news Image
2012.07.14
12:45
| A A A
Nəsimi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Yüksək dinamizm üzərində qurulan inkişafını uğurla davam etdirən Azərbaycan bu gün qazandığı nailiyyətlərlə artıq dünya miqyasında yeni sosial-iqtisadi tərəqqi modelinin müəllifi kimi çıxış edir. Qısa zaman kəsiyində ölkəmizin böyük bir intibah yolu keçməsinə gətirib çıxarmış inkişafın Azərbaycan modelinin xarakterik xüsusiyyətləri artıq beynəlxalq səviyyədə tədqiqat predmetinə çevrilməkdə, dərindən öyrənilərək tətbiq edilməkdədir. Kifayət qədər möhkəm özüllər üzərində bərqərar olan mövcud inkişaf strategiyası isə qarşıdakı dövr ərzində də Azərbaycana möhtəşəm müvəffəqiyyətlər vəd etməkdə, onu beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevirməkdədir.

Abadlıq və quruculuq ünvanı

Sosial-iqtisadi sferada qazanılan uğurların real təzahürünü siması gündən-günə yeniləşərək daha da gözəlləşən ölkəmizin, onun şəhər və rayonlarının, qəsəbə və kəndlərinin timsalında da aydın görmək olar. Yaşanan yüksəlişin möhtəşəm ünvanlarından biri isə Bakının mərkəzi hesab edilən, paytaxtın giriş qapısı sayılan Nəsimi rayonudur. Azərbaycanın ən böyük ədiblərindən və söz ustadlarından birinin adını daşıyan rayon bu gün sözün həqiqi mənasında özünün hərtərəfli tərəqqi dövrünü yaşayır. Yaranması ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin birinci dövrünə təsadüf edən Nəsimi rayonu elə o vaxtdan bəri ümumi daxili məhsul istehsalında daim fərqlənənlər sırasında yer alıb. Ölkəmizin yeni müstəqillik tarixində isə sözügedən rayonun inkişafı yeni keyfiyyət mərhələsinə yüksəlib.

Cəmi 10 kvadrat kilometr ərazisi olan Nəsimi rayonu güclü iqtisadi potensiala, zəngin infrastruktura malikdir. Bu kontekstdə rayon son bir neçə il ərzində görülən işlər nəticəsində sürətli tərəqqinin əsas ünvanlarından birinə çevrilib. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Nəsimi rayonu ümumi sosial-iqtisadi inkişafda oynadığı rola görə təkcə Bakının yox, eləcə də respublikanın ən qabaqcıl inzibati ərazi vahidləri sırasında yer alır. Bunu adi statistik rəqəmlər də təsdiq edir. Məsələn, təkcə ötən ildə rayonda ümumi məhsul buraxılışının həcmi təxmiən 1 milyard 133 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz artım deməkdir. Cari ilin ilk yarısının yekunları isə rayonda bu il daha çox məhsul buraxılışı proqnozlaşdırmağa əsas verir. Paytaxtın tədricən əsas sənaye mərkəzlərindən birinə çevrilməkdə olan Nəsimi rayonu burada həyata keçirilən abadlıq və quruculuq işlərinə görə də birincilər sırasında yer alır. O da təqdirəlayiq haldır ki, sənaye məhsullarının istehsalında özəl sektorun xüsusi çəkisi də artır. Belə ki, ötən il istehsal olunan sənaye məhsulunun həcmi 4,1 dəfə artaraq, 341 milyon 224 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 8 faiz artaraq 340 milyon 309,2 min manat olub. Cari ilin ilk yarısı isə ötən ilin analoji dövrü ilə müqayisədə daha yüksək nəticələrə nail olunduğundan xəbər verir. Rayon ərazisində 27 iri sənaye müəssisəsi fəaliyyət göstərir. Onlar sırasında "Bakı Tikiş Evi" ATSC, "Bakı Tikiş Sənaye" ATSC, "ACA mebel" ASC, "Lotos W və V" MMC, "Maşzvod" SC, "Maşzvod" SC, "Bakı Yük Avtonəqliyyat" ASC və digərlərinin adını qeyd etmək olar.

210 mindən artıq insanın məskunlaşdığı rayon istər yeni açılan iş yerlərinin sayında, istər bir nəfərə hesablanan orta aylıq əmək haqqının məbləğində statistik məlumatlara nəzər salmaqla böyük artımların yaşandığının şahidi olmaq mümkündür. Belə ki, cari ilin I rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 8 faiz artaraq 409 manat təşkil edib. Rayonda yeni istehsal sahələrinin yaradılması, həmçinin mövcud müəssisələrin fəaliyyətinin intensivləşməsi həm yeni daimi xarakterli iş yerlərinin açılması ilə müşayiət olunur, həm də rayon sakinlərinin maddi rifah halının yüksəlməsinə rəvac verir. Araşdırmalar gösətrir ki, rayon üzrə işçilərin sayı təxminən 140 min nəfər təşkil edir ki, bu da Nəsimidə böyük əmək potensialının cəmləşməsindən xəbər verir.

Bununla yanaşı, əmtəə, nəqliyyat, rabitə, əhaliyə göstərilən pullu xidmətlərin həcmində ildən-ilə böyük artımlar yaşanır. Eləcə də özəl sektorun, sahibkarlığın istehsal olunan məhsullarda xüsusi çəkisi illər üzrə artıb. Sahibkarlığın inkişafına yaradılan münbit şərait rayon iqtisadiyyatına qoyulan investisiyaların həcminin artmasına stimul verib.

Nəsimi rayonunun inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərilir

Sosial-iqtisadi sferada görülən işlər istər keyfiyyət, istərsə də kəmiyyət baxımından mühüm nəticələrə gətirib çıxarmasını şərtləndirən ən başlıca səbəblərdən biri isə ölkənin digər bölgələrinə olduğu kimi Nəsimi rayonuna da ən yüksək səviyyədə göstərilən diqqət və qayğıdır. Hələ ötən ilin mart ayında Prezident İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirə isə Nəsimi rayonunun həyatında da silinməz izlər buraxdı. Xatırlatmaq yerinə düşərdi ki, paytaxtda, onun ətraf qəsəbə və kəndlərin sosial-iqtisadi, mədəni inkişafın yeni vüsət alması, aparılan abadlıq və quruculuq işlərinin uğurla davam etdirilməsinin proqram təminatı məqsədilə həmin müşavirədə dövlət başçısı tərəfindən konkret tapşırıqlar verildi, vəzifələr müəyyənləşdirildi. Bunun ardınca Bakının, onun rayonlarının simasını daha da gözəlləşdirəcək, müasirləşdirəcək, insanlara daha yüksək səviyyədə xidmət göstərilməsini təmin edəcək müvafiq dövlət proqramı ərsəyə gəldi. Ötən ilin mayın 4-də Prezident İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" adlanan bu mühüm sənədin təsdiq olunması ilə bağlı sərəncam imzaladı.

Qeyd olunan sənədin icrası Bakı və onun qəsəbələrinin daha da modern hala gəlməsini təmin etməklə yanaşı, bütövlükdə paytaxtın yeni rəngarəng gözəlliyə qovuşmasına səbəb olmaqdadır. Bunu barəsində söhbət açdığımız Nəsimi rayonunun timsalında da görmək olar. Adıçəkilən proqramın icra müddəti ərzində Nəsimi rayonu üzrə 41 tədbirin görülməsi nəzərdə tutulub. Bunlar qaz, elektrik enerjisi, istilik, su təchizatlarından tutmuş kanalizasiya, rabitə və informasiya, yol təsərrüfatı və nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət sahələrinə kimi ən müxtəlif sferaları əhatə edir. Cari ilin ilk yarısının sosial-iqtisadi yekunları "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın bütün paytaxt ərazisində olduğu kimi Nəsimidə də böyük vüsətlə həyata keçirildiyini göstərir.

Bu kontekstdə onu da xüsusi olaraq qeyd etmək vacibdir ki, müxtəlif tədbirlərdə, açılışlarda, təməlqoyma mərasimlərində iştirak məqsədilə dövlət başçısı dəfələrlə rayon ərazisində olub. Məsələn, elə cari ilin may ayında Prezident İlham Əliyev ən müasir tələblərə uyğun olaraq inşa edilən Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. Ötən il isə rayonda aparılan təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmaq, başa çatdırılmış tikintilərin açılış mərasimlərində iştirak etmək üçün cənab İlham Əliyev 9 dəfə rayonda olub. Nəsimidəki 35 nömrəli orta məktəb binasında aparılan təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub, "Zabitlər" parkının, "BakıElektrikŞəbəkə" ASC-nin inzibati binasının, 28 May küçəsi ilə Bül-Bül prospektinin kəsişməsində yerləşən yeraltı keçidinin və digər obyektlərin açılış mərasimində iştirak edib. Öz növbəsində bütün bunlar Nəsiminin abadlığın və quruculuğun əsas ünvanlarından birinə çevrilməsini şərtləndirib, onun modernləşməsində, müasirləşməsində xüsusi çəkiyə malik olub, eyni zamanda əhalinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəldilməsinə müsbət yöndə ciddi təsir göstərib. Danılmaz həqiqətdir ki, hazırda Nəsimi həm müasir görünüşü, həm malik olduğu infrastruktur və sosial obyektlər, həm də ümumi sosial-iqtisadi inkişafda oynadığı rolla ən qabaqcıl rayonlar sırasında yer alır.

Problemlər uğurla həll olunur

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində genişmiqyaslı işlər görülməkdədir. Bunun nəticəsidir ki, son illərdə rayonda kommunal xidmətlərin göstərilməsi sahəsində vəziyyət daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə qazanılan uğurların miqyası əhəmiyyətli dərəcədə genişləndirilib. Bundan başqa paytaxtın mərkəzində yerləşməsi isə rayonun sosial-iqtisadi tərəqqisi ilə yanaşı, mədəni inkişafına müsbət təsir göstərir. Bakının yaşıllaşdırma işlərinin ən geniş vüsət aldığı illərindən olan Nəsimidə müasir standartlara cavab verən 12 istirahət parkı, 1 mədəniyyət evi, 5 kinoteatr, 6 kitabxana fəaliyyət göstərir. Bütün bunlardan əlavə Heydər Əliyev Sarayı, Heydər Əliyev adına İdman Konsert Kompleksi, Bakı Dəmir Yolu Vağzalı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, 28 May, C.Cabbarlı, 20 Yanvar və Memar Əcəmi metro stansiyaları Nəsimi rayonunun ərazisində yerləşir.

Rayonu Azərbaycan təhsilinin döyünən ürəyi də adlandırmaq olar. Belə ki, rayon ərazisində 8 ali məktəb - Azərbaycan Neft Akademiyasi, Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti, eləcə də 4 Elmi Tədqiqat və Layihə İnstitutu, 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası yerləşir. Onların bir çoxunda isə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq əsaslı təmir işləri aparılıb.

Təkcə Bakıda yox, bütün ölkədə kifayət qədər yaxşı tanınan səhiyyə müəssisələrinin bir çoxu da məhz Nəsimi ərazisində fəaliyyət göstərir. Hazırda rayonda 11 xəstəxana, 11 poliklinika, o cümlədən Bakı şəhər Baş Səhiyyə İdarəsi, Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu, Respublika Dəri-Zöhrəvi Dispanseri, Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanası, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, 5 saylı şəhər Poliklinikası və digərləri əhalinin sağlamlığının keşiyində durub.

Görülən və görülməkdə olan işlər Nəsimi rayonunun bundan sonra da ölkənin ən inkişaf etmiş inzibati ərazi vahidlərindən biri olacağını deməyə əsas verir. Təbii ki, iş olan yerdə müəyyən problemlərin də meydana gəlməsi qaçılmazdır. Belə problemlərdən biri rayonun simasına xələl gətirən, bəziləri isə qəzalı vəziyyətdə olan köhnə binalardır. Onlar da tədricən sökülməkdə, yeni müasir binalarla əvəzlənməkdədir. Rayon ərazisində bütün yaşayış məntəqələrinin də istiliklə təchiz edilməsi hələ tam mümkün olmayıb. Lakin qeyd olunan istiqamətdə də görülən işlər böyük perspektivlər vəd edir. Təbii qazla təminat sahəsində isə ciddi problem özünü göstərmir. Lakin rayon ərazisində inşa olunan bəzi yeni çoxmərtəbəli binalar müvafiq dövlət komissiyası tərəfindən istismara qəbul olunmadığından onlar "mavi yanacaqla" təmin edilmirlər. Rayonun su və kanalizasiya sistemində özünü göstərən problemlər isə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq aradan qaldırılmaqdadır.

Ümumilikdə isə real mənzərə Nəsimidə təkcə rayon sakinlərinin yox, bütün azərbaycanlıların qürurun oxşayacaq, iftixar doğuracaq bir inkişafın yaşandığını göstərir.

Rasim BAYRAMOV

Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün

Sizin Reklam Yeriniz