news Image
2015.01.07
09:40
| A A A
Neft gəlirləri sığortalanacaq?!
Mustafa Abbasbəyli: “Bunun üçün ilk növbədə sığorta qanunverciliyinə müəyyən dəyişiklər olmalıdır” Zəfər Vəliyev: “İxrac edilən neft məhsulunun və ya xammal yükünün sığorta altına alınması ən vacib məsələdir”

Neftin qiymətinin sürətlə düşməsi iqtisadi müstəvidə hələ də aktuallığını qoruyan ən həssas mövzu olaraq qalmaqdadır. Lakin qiymətlərin aşağı düşməsindən heç də bütün istehsalçı şirkətlərin zərər gördüyünü də söyləmək olmaz. Belə ki, bir sıra xarici dövlətlərdə neft şirkətləri proqnozlaşdırılan gəlirlərini sığortalayırlar. Sığorta şirkəti ilə bağlanmış müqaviləyə əsasən, əgər neft şirkəti göstərilən müddət ərzində proqnozlaşdırılan gəliri əldə etməzsə, kəsr hissəni sığorta şirkəti ödəyir. Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alsaq, göstərilən üsulun bizdə də tətbiqi məqbul sayılır.

Sığorta məsələləri üzrə ekspert Mustafa Abbasbəyli bildirir ki, Azərbaycanda hələlik belə bir təcrübə yoxdur: "Bunun üçün ilk növbədə sığorta qanunverciliyinə müəyyən dəyişiklər olmalıdır. Çünki, neft gəlirlərinin sığortası fərqli sığorta növüdür. Hətta qanunverciliyə dəyişiklik ediləcəksə belə, onun icrası çətin məsələdir. Düzdür, neft və neft məhsulları adətən xaricə satılır. Amma istənilən halda prosesdə yerli sığorta şirkətləri iştirak etməlidir. Çünki, Azərbaycan ərazisində olan istənilən əmlak, əməliyyat yerli sığorta şirkətləri tərəfindən sığortalanmalıdır".

Ekspertin fikrincə, belə təcrübə həyata keçirilərsə, neft məhsullarının qiyməti arta bilər: "Amma şirkətlərin maliyyə sabitliyinin təmin olunması burada əsas mövzudur".

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev isə məsələyə fərqli aspektdən yanaşdı: "Neft sahəsində sığorta məsələsi uzun illərdir, həyata keçirilən bir vasitədir. Məsələn, ötən ilin sentyabr ayından başlayaraq dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması enerji şirkətlərinin gəlirlərini və neft-qaz sahəsinə qoyulan investisiyaları təhlükə altına alıb. Odur ki, transmilli enerji şirkətləri neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşması ilə bağlı öz büdcə imkanlarını, investisiya layihələrini sığortalamaq və mümükün maliyyə itkilərini qabaqlamaq üçün optimist ssenarilər hazırladılar. Çünki, dünya bazarlarında neftin qiymətinin belə sürətlə aşağı düşməsi sözügedən enerji sektoruna, karbohidrogen yataqlarının istismarına yönələn vəsaitləri böyük risk altına alır. Ona görə də, transmilli şirkətlərin öz gəlirlərini sığorta altına alması başadüşüləndir. Dünya bazarında neftin qiyməti bundan sonra da düşməkdə davam edərsə, adıçəkilən enerji şirkətlərinin ciddi maliyyə itkiləri ilə üzləşməsi problemi yarana bilər. Bu baxımdan ARDNŞ də bütün alqı-satqı müqavilələrində, enerji layihələrində sığorta məsələsini əvvəlcədən müqavilə şərtlərinə əlavə edir. ARDNŞ-nin xarici iqtisadi fəaliyyətə yönəlik bütün müqavilələrində sığorta ilk məsələdir. İxrac edilən neft məhsulunun və ya xammal yükünün sığorta altına alınması ən vacib məsələdir".

Ekspert əlavə etdi ki, neft şirkətlərinin gəlir sığortası isə bank sektoruna aid olan məsələdir: "Neft şirkəti maliyyə əməliyyatları keçirən zaman maliyyə alətlərinin orta qoyulması banklar vasitəsi ilə gerçəkləşir. Əgər dünya bazarında neftin qiymətinin aşağı düşərsə, maliyyə sektorunda böhranlı vəziyyət yaranarsa, bankların müflisləşməsi təhlükəsi olarsa, onda neft şirkətinin bank hesabı olan bank sığortalanıbsa, dəymiş zərəri sığorta şirkəti ödəcəyəcək. Çünki, bank da əvvəlki maddi vəziyyətinə qayıtması üçün sığorta şirkəti ilə əvvəlcədən müqavilə bağlayır. Yəni, dolayısı ilə neft şirkətinin itkilərini sığorta şirkəti ödəmiş olur".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs