Əlaqə Arxiv
news Image
2015.01.17
10:37
| A A A
Rubl Azərbaycan vətəndaşlarını da zərərə salır
«Kimsə rublla ehtiyatını hansısa valyutaya dəyişmək istəyirsə, onun manata üstünlük verməsi yaxşıdır»

Şimal qonşumuzun gördüyü bütün tədbirlərə baxmayaraq, rus rublu dəyər itirməkdə davam edir. Bu, tək Rusiya yox, valyuta ehtiyatlarında rubl olan ölkələr üçün də müəyyən problem yaradıb. Rubl ilə əmanət saxlayan vətəndaşlar da Rusiya pulunun ucuzlaşmasına görə itki ilə qarşılaşır. Belə vətəndaşlar ölkəmizdə də var. Onlar rublla ehtiyatlarını ya banklarda, yaxud nağd şəkildə özlərində saxlayırlar.

İqtisadçı ekspert Qadir İbrahimli "Mövqe"yə açıqlamasında bildirdi ki, əhalinin burada edə biləcəyi nəsə yoxdur: "Əgər banklarla depozit qoyanla bank arasındakı müqavilədə rublun inflyasiya olacağı təqdirdə qorunacağına dair razılıq nəzərdə tutulubsa, şəxs həmin təzminatı alacaq. Əgər əmanət müqaviləsində belə hallar nəzərdə tutulmayıbsa, rubl dəyərdən düşdüyü kimi vətəndaş da ziyana düşəcək. Yəni, bunun qarşısının alınması prosesi yoxdur. Öz əllərində olan əmanətlərə isə heç nə etmək mümkün deyil. Amma ölkə əhalisi əmanətlərini əsasən dollar və manat ilə yatırım edirlər. Yəni, rubl ilə yatırımların həcmi çox azdır. Müəyyən hissəsi isə avro ilə yatırılıb. Odur ki, zərər çox kiçik əhali qrupunu əhatə edəcək".

Lakin iqtisadçı onu da qeyd etdi ki, rublun dəyərdən düşməsi prosesi hələlik davam edəcək: "Düyada neftin qiyməti endikcə rubl daha da dəyərsizləşəcək. Hətta elə bir mərhələyə çata bilər ki, rubl hər saat "ölə" bilər. Dünyanın iqtisadi tarixində belə hadisələr olub. Rusiyada qeyri-neft sektorunda problemlərin, iqtisadiyyatının neftdən asılı olduğunu nəzərə alsaq, inflyasiya sürətli fazaya daxil ola bilər. O elə bir fazadır ki, inflyasiya hər saat dəyişə bilir".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, rublun bunan sonrakı məzənnəsinə 2015-ci ildə neftin qiyməti, ABŞ dolları və avronun dönərliyi, Rusiya hökumətinin aparacağı islahatlar, Qərbin sanksiaları və makroiqtisadi göstəricilər təsir edəcək: "2015-ci ilin sonuna doğru rublun məzənnəsində stabilləşmə pronozlaşdırılır. Orta hesabla 1 dollar 56, 1 avro isə 66 rubl səviyyəsində proqnozlaşrılır. Çünki, dünya bazarında neftin qiymətində 2015-ci ilin sonlarına yaxın artmalar müşahidə oluna bilər. Bu təsir nəticəsində rublun məzənnəsində stabilləşmə gözlənilir".

Ekspert bildirir ki, Azərbaycanda fərdi şəxslərdə rublun saxlanılması bir neçə səbəbdən doğur: "Bu gün xüsusən də region əhalisinin bir hissəsi Rusiyada çalışır. Onların gəlirləri rubl ilə olur. Son dövrlər rublun manat qarşısında dəyərdən düşməsinə baxmayaraq, onlar hələlik gözləmə mövqeyində durublar. Bu, sırf psixoloji məqamdır. Azərbaycan Mərkəzi Bankı 2014-cü ildə 1.3 milyard manata yaxın vəsait xərcləyib ki, manatın dönərliyi stabil qalsın. 2015-ci ildə də bu tendensiya davam etməlidir. Ona görə də indiki vəziyyətdə dönərlilik baxımından manat etibarlıdır. Odur ki, əgər kimsə rublla ehtiyatını hansısa valyutaya dəyişmək istəyirsə, manata üstünlük verməsi yaxşıdır. Lakin rublun məzənnəsində stabilləşmə gözlənilir".

Sizin Reklam Yeriniz