news Image
2012.08.05
19:11
| A A A
“Elektron hökumət” portalında xüsusi bölmə yaradılıb

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ hüquqi aktların layihələrinin "Elektron hökumət" portalında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 25 iyun 2012-ci il tarixli 142 nömrəli Qərarının icrası ilə əlaqədar portalda xüsusi bir bölmə yaradılıb.

"ICTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə "Elektron hökumət" portalında məlumat verilib.

Məlumatda bildirilir ki, hazırlanan "Normativ hüquqi aktlar" bölməsinin əsas məqsədi layihələrin razılaşdırılmağa göndərildiyi andan ictimai və ya peşəkar müzakirəyə çıxarılmasından ibarətdir. 

Layihənin müzakirəsində iştirak etmək istəyən şəxslər portalda tələb olunan qeydiyyatdan keçməlidirlər. Layihə ilə birlikdə informasiya sahibinin adı, layihənin adı, tarixi, müzakirəyə verilmə tarixi, müzakirənin son tarixinə dair məlumatlar portalda yerləşdirilib.

Bundan əlavə vətəndaşların axtarışını asanlaşdırmaq məqsədilə yuxarıda adı sadalanan bölmələr üzrə ayrı-ayrılıqda axtarış imkanı yaradılıb. Eyni zamanda "Baxış" hissəsində layihənin tam mətninə baxa və ya faylı yükləyə bilərlər. Həmçinin bu hissədə yerləşdirilən "Təkliflər" bölməsi vasitəsilə vətəndaşlar müzakirə edilən layihə ilə bağlı öz irad və təkliflərini lazımi informasiya sahiblərinə göndərə və onlardan cavab almaq imkanına malik olurlar. Bu proses dialoq rejimində qurulub. Onu da qeyd edək ki, irad və təklifləri yalnız elektron imza sertifikatına sahib olan vətəndaşlar göndərə bilərlər. "Bütün təkliflər" bölməsində isə hər bir vətəndaşın hesabında olan bütün təkliflər əks olunur. 

Müzakirə müddəti bitmiş layihələr portaldan çıxarılır. Verilmiş irad və təkliflər nəzərə alınmaqla layihələr üzərində dəyişikliklər edildikdə, hazırlanmış yeni variant razılaşdırılmağa göndərildiyi andan portalda yerləşdirilir. Müzakirəsi tam başa çataraq təsdiq üçün normayaratma orqanına təqdim edilmiş layihələrlə əlaqədar yaranmış bütün məlumatlar arxivləşdirilir və siyahısı portalda saxlanılır.