Əlaqə Arxiv
news Image
2012.08.14
18:01
| A A A
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İqtisadiyyat Nazirlərinin toplantısı keçirilir
Bu gün Bakıda işə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İqtisadiyyat Nazirlərinin 2-ci görüşündə üzv ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur.
"APA-ECONOMICS"in məlumatına görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektoru təmsil edən 100-dən çox nümayəndəsi, Şuranın baş katibi Xəlil Akınçı iştirak edirlər.
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, Bakı görüşü Bişkek Zirvə Görüşünə hazırlıq çərçivəsində təşkil edilib. Ş.Mustafayev bəyan edib ki, Şuraya üzv olan ölkələrin məcmu ÜDM-i 1 trln. dollara bərabərdir, ölkələr arasında ticarət dövriyyəsi bu ilin 6 ayı ərzində illik müqayisədə 35%, ötən il isə 55,5% artıb.
Ş.Mustafayev həmçinin Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib, regionda neft-qaz və nəqliyyat sahəsində həyata keçirilən iri layihələri vurğulayıb və bildirib ki, bu layihələr iqtisadi əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayır.
Qazaxıstanın iqtisadi inkişaf və ticarət naziri Bakitjan Sagintayev bildirib ki, nazirlərin görüşünə hazırlıq çərçivəsində keçirilən Əməkdaşlıq Şurasının işçi qruplarının iclaslarında qeyd olunub ki, sahibkarlıq, ticarət, nəqliyyat və digər iqtisadi sahələrdə maneələrin aradan qaldırılması istiqamətində işlər görülür. B.Sagintayev xüsusən vurğulayıb ki, əlaqələrin inkişafı üçün dövlətlər böyük potensiala malikdir.
Qırğızıstanın iqtisadiyyat və antiinhisar siyasəti naziri Temir Sarıyev isə qeyd edib ki, Qırğızıstan Türkdilli Ölkələrin İnkişaf Fondunun yaradılmasını dəstəkləyir və hesab edir ki, bu Fond ölkələrə birbaşa investisiya yatırmaqla iqtisadi əməkdaşlığı daha da gücləndirəcək.
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan isə öz çıxışında Şuraya üzv olan ölkələr çərçivəsində İnvestisiya Agentliyinin yaradılmasının mümkünlüyü və məqsədəuyğunluğu bildirib və qeyd edib ki, bu qurum ölkələr arasında qarşılıqlı investisiyaların inkişafında dəstək olacaq.
Şuranın baş katibi Xəlil Akınçı isə qeyd edib ki, Bakıda keçirilən görüşdə Şuraya daxil olan ölkələr arasında nəqliyyat sektorunda əlaqələrin yaxşılaşdırılması, milli iqtisadiyyatların diversifikasiyası, qarşılıqlı investisiyalar və digər ölkələrdən investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunacaq. Sadalanan məsələlərə bağlı təkliflər hazırlanacaq və Bişkek Zirvə Görüşündə prezidentlər səviyyəsində müzakirəyə və qəbul olunmaq üçün çıxarılacaq.
Qeyd edək ki, Bişkek Zirvə Görüşü avqustun 23-də keçiriləcək. Avqustun 22-nə isə 4 ölkənin xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub.
Sizin Reklam Yeriniz