Əlaqə Arxiv
news Image
2012.08.15
16:49
| A A A
Ərzaq böhran ıilə bağlı daha bir xəbərdarlıq
Əli Əlirzayev: «Bazarda rəngarəng məhsulların olduğu bir dövrdə hansısa qıtlıqdan, aclıqdan, səfələtdən danışmaq mümkün deyil»

"Böyük İyirmilik" (G-20) ölkələrinin üzvləri bir daha dünya xalqlarını ərzaq qıtlığının olacağı barədə xəbərdar edib. Son zamanlar dünyada bahalaşan istehlak məhsullarının qiymətlərini müzakirə edən aparıcı ölkələr hesab edirlər ki, dünyada hökm sürən inflyasiya iqtisadi disbalansa səbəb olur. Artıq qidaların qiyməti təhlükəli həddə çatıb. Yoxsulluq səviyyəsi artmaqdadır.

Ölkə rəhbərləri hesab edirlər ki, bahalaşmaya əsas səbəb olan faktorlardan biri də dünya səviyyəli şirkətlərin, istehsal müəssisələrinin və bankların möhtəkirliyidir. Qiymətlərin bahalaşması, ərzaq qıtlığının yaranması süni xarakter daşıyır.

Fransanın yeni prezidenti Fransua Oland ötən həftə bildirib ki, dünya iqtisadi siyasətinin yenidən işlənilməsinə ehtiyac var. "Yeni metodologiyalardan istifadə olunmalıdır. Çin, Rusiya, Kanada kimi qida məhsullarının ixracına üstünlük verən ölkələrlə idxala meylli olan ölklər arasında anlaşma yapılmasına ehtiyac var. İri banklara artıq etibar etmək olmaz. Onlar ümidlərimizi puç etməkdədilər. Qlobal maliyyə böhranının məsuliyyətini bizim etibar etdiyimiz banklar daşıyırlar. Xalqların ümidli gələcəyə inamlarını artırmalıyıq".

Ekspertlər hesab edir ki, qlobal iqtisadi böhranın aradan qaldırılması iri ölkədlərdən asılıdır. Dünyanın aparıcı ölkələri çıxış yolunu birlikdə tapmalıdılar.

İqtisadçı alim Əli Əlirzayevin sözlərinə görə, dünyanı iqtisadi böhranın bürüyəcəyinə dair xəbərlər hər dəfə səslənib: "Hətta sovet dövründə də belə bəyanatlar səsləndirilib. Amma bunların heç biri baş verməyib. 90-cı illərin əvvəllərində deyirdilər ki, çörək qıtlığı yaşanacaq. Sonradan elə oldu ki, dünyada çörəyə olan təlabat azaldı. İndi insanlar çörəkdən daha az istifadə edirlər. Elə ölkələr var ki, orada ümumiyyətlə çay içilmir. Bəzi ölkələrə görə isə çay olmasa, yaşamaq mümkün deyil. Bazarda rəngarəng məhsulların olduğu bir dövrdə hansısa qıtlıqdan, aclıqdan, səfələtdən danışmaq mümkün deyil. Araşdırmalar göstərir ki, indiki ac xalqlar tarixən ac olublar. Tox xalqlar isə həmişə eyş-işrət içində yaşayıblar. Avropada acından ölən xalq tapmaq olmaz. Mədəni şüurun yüksəkliyi iqtisadi gəlirlər əldə etməyə imkan verir, yaradıcılığı artırır. "Böyük İyirmilik" hər dəfə həyacanlı xəbər verməklə, özlərini mövcudluğunu göstərmək istəyirlər. Artıq mən onlara inanmıram".

Ə.Əlirzayev onu da bildirdi ki, əgər dünyada qida çatışmazlığı həqiqətən də olsa, bundan Azərbaycan da əziyyət çəkə bilər: "Qeyd etdiyim kimi aclıq-filan olmayacaq. Azərbaycanın vəziyyəti ildən-ilə düzəlir. Ölkədə inkişaf var. Bu danılmaz həqiqətdir. İnsanlar işləmək istəyir, ayrı-ayrı şirkətlər fəaliyyətlərini gücləndirirlər, yeni müəssisələr yaradılır. Dövlətin qeyri-neft sektoruna dəstəyi də çoxalıb. Bütün bunlar faktdır. Fəallıq artırsa, hansı qıtlıqdan danışmaq olar?"

Ə.Əlirzayev hesab edir ki, dünyanın aparıcı ölkələri ərzaq qıtlığı barədə deyil, keyfiyyətsiz ərzaqlarla bağlı həyəcan təbili çalsa daha yaxşı olar: "Dünyada keyfiyyətsiz ərzaq növlərinin sayı artmaqdadır. Buna qarşı birgə mübarizə aparılmalıdır. Zay ərzaqların həcminin artmasına ilk növbədə əhalinin gəlirlərinin aşağı düşməsi və təlabatın artması səbəb olur".

Sizin Reklam Yeriniz