news Image
2015.04.01
09:30
| A A A
Prolemli kreditlər bank sektorunu çökdürür
Natiq Cəfərli: “Problemli kredit artması kiçik bankların bağlanması ilə nəticələnə bilər”

Bank sektoru üçün ciddi başağrısına çevrilən problemli kreditlərin həcmi artmaqda davam edir. 2015-ci ilin yanvar ayının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 30,9 milyon manat təşkil edir. Bu, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 26,5% çoxdur. Təkcə yanvarda problemli kreditlərin məbləği 5,6% artıb. Fevral və mart aylarında da belə kreditlərin miqdarının artması istisna olunmur.

Artımda dollarla verilən kreditlərin payının üstünlük təşkil edəcəyi istisna olumur. İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, problemli kreditlərin həcmi əvvəlki aylarda, devalvasiyadan öncə də artırdı: "Manatın devalvasiyasından sonra valyuta kreditlərindəki mövcud problemlər hələ də həll olunmamış qalır. Ancaq hələlik həmin kreditlərin hansı yolla qaytarılmasında Mərkəzi Bankın işlək proqramı yoxdur. Hələ güzəştlərin tətbiq olunub-olmayacağı barədə dəqiq məulmat yoxdur. Bu, daha çox narahatedici faktordur. Amma geri qayıtmayan kreditlərin həcminin artmasında əsas səbəb yüksək kredit faizləridir. Düzdür, faizlərin aşağı salınması ilə bağlı dəfələrlə təkliflər olub. Amma hələlik konkret addımlar atılmayıb. Eyni zamanda son illərdə istehlak kreditlərinin həcmi də artıb. Banklar təhlükəsizlik qaydalarına əməl etmədən sanki bir-biri ilə yarışa girmişdilər. Təminatı olmadan, ancaq şəxsiyyət vəsiqəsi ilə kreditlər verirdilər. Bu da nəticədə geri qayıtmayan kreditlərə çevrilirdi. İlin sonuna qədər isə ilin əvvəlinə nisbətən problemli kreditlərin həcmi 2 dəfə arta bilər. Bu da təxminən 2 milyard manat deməkdir ki, bu, bank sektoru üçün ciddi stres olacaq".

Ekspertin sözlərinə görə, ilin sonuna qədər proqnozlar özünü doğrultsa, təqribən problemli kreditlərin həcmi ümumi kredit portfelinin 8% civarında olacaq. Bu isə bank sektoru üçün ciddi təzyiq sayılır. Ekspert təklif edir ki, problemli kreditlərin həciminin artmaması üçün ən əsası kredit faizləri aşağı salınmalıdır: "İnzibati üsullarla müsbət nəticəyə varmaq mümkün deyil. Həm Mərkəzi Bankın uçot dərəcəsi, həm də rəqabətli mühitin yaradılması vasitəsi ilə prosesə təsir etmək olar. Məsələn, bir neçə xarici bankın Azərbaycan bazarına daxil olmasına imkan yaradılmalıdır. Onlar Azərbaycan bazarına daxil olanda ciddi rəqabət mühiti formalaşacaq.

Natiq Cəfərli qeyd etdi ki, prolemli kreditlər artacaqsa, bəzi banklarda kapitalın dövriyyəsi dayana bilər: "Problemli kredit həcmi artırsa, bankların faydalı iş əmsalı aşağı düşür. Bu isə sonda kiçik bankların bağlanması ilə nəticələnə bilər. Orta banklar isə ən yaxşı halda bir-biri ilə birləşəcəklər. Yəni, gələcəkdə Azərbaycan bazarında bankların sayı azala bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs