Əlaqə Arxiv
news Image
2015.04.02
02:00
| A A A
Dövriyyəyə dəmir manatlıqların buraxılması gündəmə gəlir
Bir çox parametrlər baxımından dəmir pullar kağız əskinaslardan daha üstün sayılır

Amerikanın dövlət borcu artmaqda davam etdiyi bir vaxtda ABŞ Konqresi maliyyə vəsaitlərinə qənaət etməyin yolları üzərində daha çox baş sındırmağa başlayıb. Belə bir vaxtda lobbi qrupu olan Dollar Sikkə İttifaqı 1 dolların kağız pul əvəzinə sikkə kimi buraxılsa, milyonlarla dollara qənaət oluna biləcəyini deyir. Dollar sikkələri uzun zamandır mövcuddur, ancaq çox insan onlardan istifadə etmir. ABŞ höküməti bu səbəbdən 2011-ci ildə dollar sikkələrinin istehsalını dayandırdı.

Amerikalılar belə demək olarsa, kağız dollarlarını daha çox sevirlər. Amma Dollar Sikkə İttifaqının sədri Cim Kolbe sikkəyə keçidin faydalı olacağını düşünür: "Sikkəni istehsal etmək daha bahadır. Kağızı istehsal etmək 5-6 sentə, sikkə isə 17 sentə başa gəlir. Lakin sikkələr 35 il davam edir və təkrar emal olunan metallardan hazırlanır, kağız isə yeni materiallardan hazırlanmalıdır. Onlar tez köhəldiyi üçün isə hər il 3 milyon kağız dolları tullamalı oluruq".

Keçmiş konqresmen olan Cim Kolbe "greenback" adlanan kağız dolları sikkə ilə əvəzləyən qanunu qəbul etdirməyə çalışıb. Buna isə həm siyasətçilər həm də ictimaiyyət müqavimət göstərib. Amma o deyir ki, hazırda vəziyyət dəyişib və son sorğuda 61 faiz amerikalıların bu fikri dəstəklədiyi bildirilib: "Onlar kağız pulu sikkə ilə əvəz edəndə nə qədər pula qənaət olunacağını öyrənəndə bu fikri dəstəkləyəcəklər".

Hazırda dəmir pullarla bağlı problem qızılı və gümüşü rəngdə 1 dollarlıq sikkələrin 25 sentlik sikkə ilə eyni ölçüdə olmasıdır. Vaşinqtonda yerləşən Amerika Universitetinin iqtisadiyyat professoru Robert Bleker deyir ki, bir dollarlıq sikkə fərqli ölçüdə olmalıdır: "Sikkələrin qalınlıq və diametrləri də fərqlənə bilər. Bir də, əgər biz 1 dollarlıq sikkəni daha balaca və yüngül etsək, bəlkə də amerikalıların xoşuna gələr". ABŞ-da içkiləri və yeməkləri aparatlar vasitəsilə satan şirkətlər 1 dollarlıqların kağızdan metala keçməsi ideyasını çoxdan dəstəkləyir. Onların fikrincə, kağız pullar bu aparatların vaxtından əvvəl sıradan çıxmasına səbəb olur. Lakin ən əsası dəmir pullar kağıza nisbətən daha uzunömürlüdür və onlar vəsait çapına çəkilən xərclərə qənaət etməyə imkan verir. Bu mənada hesab edilir ki, Azərbaycanda da dəmir pullardan daha çox istifadə edilməli, həmçinin ilkin mərhələdə 1 manatlıq əskinasların dəmir pullarla əvəz edilməsi həyata keçrilməlidir. Kağız pulların başqa bir problemi onların zədələnməsi ilə bağlıdır. Ticarət obyektlərinin çoxunda cırılmış, yapışdırılmış, bir hissəsi yanmış pullar götürülmür. Bunları ən yaxşı halda Mərkəzi Banka müəyyən qaydalar çərçivəsində təhvil verib, yenilərini almaq olar. Ən çox deformasiya olunanlar 1 və 5 manatlıqlardır. Bu səbəbdən 1 və 5 manatlıqlar daha çox işləndiyindən onların yükünün və xərclərinin azaldılmasi üçün metal manatlıqların buraxılması zəruri sayılır. Ekspertlər bildirir ki, Azərbaycanda 1 və hətta 2 manatlıq dəmir pulların dövriyyəyə buraxılması məqsədəuyğundur. Xatırladaq ki, Avropa ölkələrində 1 və 2 avroluq dəmir pullar var. Digər tərəfdən o da faktdır ki, 1, 3 və 5 qəpikliklərin alıcılıq qabiliyyəti aşağı düşdüyündən onların istifadə dairəsi kiçilib. Bu da 1, 2 və hətta 5 manatlıq dəmir pullara ehtiyacı daha da artırır. Qeyd edək ki, aşağı nominallı əskinaslar daha çox istifadə olunur və ona görə də tez sıradan çıxır. Hər dəfə yeni əskinasların çap olunması isə əlavə xərcdir. Bunun qarşısını almaq üçün hər bir ölkə öz valyutasının dəyərindən asılı olaraq dövriyyə dəmir pullar buraxır. Ölkəmizin də bu təcrübədən istifadəsi önəmli hesab edilir. Təxmini hesablamalara görə, ölkəmizdə kağız pulların dövriyyə müddəti 3-5, metal pulların müddəti isə 20 ildir.

Sizin Reklam Yeriniz