Əlaqə Arxiv
news Image
2015.04.02
05:00
| A A A
Ukrayna da ümidini Azərbaycan və Türkmənistana bağlayıb
Zəfər Vəliyev: “Ukraynanın Azərbaycanla enerji layihələrində ortaqlıqda bulunmasının üçüncü dövlətə dəxli yoxdur”

Rusiya ilə bir çox problemlər yaşayan Ukrayna bu ölkə ilə təbii qazın qiymətində də anlaşa bilmir. Düzdür, tərəflər arasında müvəqqəti razılıq olsa da, onun hər an pozulması istisnalıq təşkil etmir. Elə bu səbəbdən Ukrayna Rusiya qazına alternativlər axtarır və əsas diqqətini Azərbaycanla Türkmənistana yönəldib. Kiyev həmçinin, TANAP layihəsində iştirak etmək istədiyini bəyan edib.

Maraq doğuran odur ki, indiki situasiyada Ukraynanın Azərbaycan və Türkmənistandan qaz alması və bu ölkənin TANAP layihəsində iştirakı mümkündürmü? Belə vəziyyət Rusiyanın Azərbaycan və Türkmənistanla münasibətlərinə nə vəd edir?

Ekspert Zəfər Vəliyev Ukraynanin bu istəyinin 2020-ci ildən sonra reallaşa biləcəyini bildirdi: "Ukraynanın Türkmənistanla qaz alqı-satqısına dair danışıqlar yeni məsələ deyil. Bu, keçmiş prezident Viktor Yanukoviçin və ondan öncəki dövlət başçıları zamanında da özünü qabarıq şəkildə göstərib. O dövrdə bu istiqamətdə bir neçə layihə də vardı. Amma bunların heç biri müsbət sonluqla nəticələnmədi. Türkmənistanı Ukrayna ilə birləşdirən quru sərhəd yoxdur. Ora gedən ixrac kəmərləri Rusiya ərazisindən keçir. Ona görə də Türkmənistanın birbaşa Ukraynaya qaz ixrac etməsi coğrafi cəhətdən mümkün deyil. Azərbaycan və Türkmənistanın birlikdə Ukraynaya qaz ixrac məsələsi də mümkün variantlardan deyil. Faktiki olaraq, Ukraynanın yerləşdiyi coğrafi mövqeyə nəzər salsaq, görərik ki, birbaşa Azərbaycandan bu ölkəyə qaz ixrac edilməsi mümkünsüzdür. Ukraynanın qaza olan illik tələbatı 40 milyard kubmetrə qədərdir. Yeni hökumət bu rəqəmin 2015-ci ildə bir qədər artacağını da bəyan edib. Ölkə qaza olan tələbatının bir hissəsini, 20 milyard kubmetrini daxili mənbələr hesabına ödəyir. Ukraynanın idxalında isə Rusiya əsas rol oynayır. 2009-cu ildən bu yana Kiyevlə Moskva arasında qaz alqı-satqı müqavilələrinin və ödəniş məsələlərinin vaxtında həyata keçirilməsi, qiymət formalaşmasında ciddi fikir ayrılıqları var. Hətta Xarkov razılaşması da bu məsələnin müsbət sonluqla nəticələnməsinə təsir edə bilmədi. Keçən il Ukrayna Rusiyadan 14-15 milyard kubmetr qaz idxal edib. 5 milyard kubmetr qazı isə Kiyev revers rejimində Macarıstan, Slovakiya və Polşadan alır. Deməli, Avropa qazının Ukraynanın qaz bazarında payı böyük deyil. Gələcəkdə isə Slovakiyadan Ukraynaya revers rejimində ötürülən qazın miqdarının artırılması gündəmdədir. Amma həmin qazın hansı mənbələrdən Ukraynaya daxil olacağı da sual altındadır. Çünki, Avropanın özünün qaza tələbatının 50 faizindən çoxu idxal hesabına ödənilir. Ona görə də əlavə qazın Ukraynaya hansı mənbələrdən daxil olacağını əvvəlcədən söyləmək mümkün deyil.

Ukraynanın TANAP layihəsində iştirakı isə tamamilə başqa mövzudur. TANAP layihəsi son dövrlər dünya və Avropa mətbuatında geniş müzakirələrə səbəb olan bir layihədir. Adıçəkilən layihə Avropanın qaza olan tələbatının ödənilməsində yeni mənbədir. Xəzər regionu "Cənub Qaz Dəhlizi" çərçivəsində Avropanın enerji bazarında yeni mənbədir. Bu kəmər 2020-ci ilin əvvəlində tam istismara verilib işə düşdükdən sonra onun keçdiyi coğrafi ərazilərdə yeni layihələrin həyata keçməsinin şahidi ola bilərik. TAP layihəsində Bolqarıstan iştirakçı deyil. Amma "Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qazın müəyyən miqdarı TANAP və TAP layihələri vasitəsilə Bolqarıstanın bəzi tələbatını ödəyəcək. Yunanıstan Rusiyadan tam qaz asılılığındadır. Onun qaza olan bir illik tələbatı 3,5 milyard kubmetrdir. Onun da əsas hissəsi Rusiyadan gəlir. Belə olan təqdirdə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrinin tam miqyasda işə düşməsi Avropanın şərq periferiyasında müəyyən dəyişikliklərə gətirib çıxaracaq. Bu, hələ perspektiv söhbətləridir. Onu da qeyd edim ki, Ukraynanın Azərbaycanla enerji layihələrində ortaqlıqda bulunmasının üçüncü dövlətə dəxli yoxdur. Lakin bununla belə, hesab edirəm ki, yaxın dövrlərdə Ukrayna Rusiyadan qaz asılılığından hələlik azad ola bilməyəcək. Bu birmənalıdır. İkinci bir tərəfdən, Rusiyanın özünün də Ukraynaya böyük ehtiyacı var. Moskvanın Şərqi Avropaya ixrac etdiyi qaz kəməri məhz Ukrayna ərazisindən keçir. Keçən il Ukrayna üzərindən Avropaya "Qazprom" 80 milyard kubmetr qaz ixrac edib. Ümumiyyətlə, Ukraynanın qaz nəql sistemi Avropanın aparıcı nəql sistemlərindəndir. Hətta bu sistem vasitəsilə bir ildə Avropaya 170 milyard kubmetr qaz nəql etmək olar. Düzdür, Ukraynanın yeraltı qaz anbarları və qaz nəql sisteminin yenidən qurulması və modernləşdirilməsinə ehtiyac var. Ukraynanın gələcəkdə Rusiya qaz asılılığından azad olması məsələsi bir qədər müəmmalı görünür. Düzdür, 2019-cu ildə Ukrayna ilə Rusiya arasında qaz tranzit müqaviləsi başa çatır. Ona görə də 2019-cu ildən sonra vəziyyətin necə olacağını demək hələ mümkün deyil.

Azərbaycanın həyata keçirdiyi enerji layihələri isə Rusiyanın Avropaya yönəlik layihələrindən daha cəlbedicidir. Çünki, həmin layihələr siyasi cəhətdən tam sabit olan ölkələrin ərazisindən keçir. Həm də bu layihələr Avropa bazarında alternativin formalaşmasına, enerji bazarında rəqabətin mühitinin güclənməsinə rəvac verəcək. Ukrayna ilə ölkəmizin qaz anlaşması sonrakı məsələlərdir. 2020-ci ildə Azərbaycanın həyata keçirdiyi enerji layihəsi layihə gücünə çatdırılandan sonra, Avropanın enerji bazarında, əsasən də şərq hissəsində ciddi dəyişikliklər olacaq. Hazırda Avropa İttifaqının da əsas hədəflərindən biri Şərq Avropanın Rusiyadan qaz asılılığını minimuma endirməkdir. Ukraynanın Azərbaycan, Türkmənistanla qaz məsələsində əməkdaşlığı ilə bağlı bütün məsələlər 2020-ci ildən sonra bəlli olacaq. 2020-ci ildə "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində həyata keçirilən ixrac kəmərləri fəaliyyətə başladıqdan sonra Avropanın şərqindəki qaz nəql sistemlərinin konfiqurasiyası tamamilə dəyişəcək".

Sizin Reklam Yeriniz