Əlaqə Arxiv
news Image
2015.04.03
08:02
| A A A
Hasilatın azalması qızılı kəskin bahalaşdıracaq
Yeni yataqlar kəşf olunmayacağı təqdirdə, qızıl ehtiyatlarının hasilatı 20 ilə bitəcək

Dünya qızıl bazarlarında müşahidə olunan tendensiya bu qiymətli metala tələbin yenidən artmaqda olduğunu göstərir. Bunun əsas səbəblərindən biri isə neftin qiymətinin aşağı düşməsi fonunda qızıla sərmayə yatıran ivestorların sayının artmasıdır. Yaxın perspektivdə isə qızıla daha çox sərmayə yatrılması istisna olunmur və bu da əsas etibarı ilə qızıl hasilatı ilə bağlı verilən proqnozlarla bağlıdır.

ABŞ-ın "Goldman Sachs" bankının analitiklərinin hesablamalarına görə, dünya miqyasında qızıl və almaz ehtiyatları mövcud yataqlarda aparılan hasilatın hazırkı tempi ilə 20 ilə bitəcək. Platin, mis və nikel hasilatı isə 40 ilə kifayət edəcək. Bu fonda qiymətli metallara tələbin artması da aydın müşahidə olunur. Qiymətli metallara tələbatın artması əsasən yeni yataqların kəşf edilməməsi ilə bağlıdır. Əslində isə bu metalların hasilatının maya dəyəri o qədər də yüksək deyil. "Goldman Sachs"ın proqnozlarına görə, artıq 2015-ci ildə dünya qızıl hasilatı pik həddə çata bilər və növbəti illərdə azalmağa başlayacaq. Bu səbəbdən qızılın qarşıdakı illərdə artım tempini qoruyacağı gözlənilir. Daha öncə buna bənzər açıqlama ilə dünyanın nəhəng qızıl hasilatçılarından olan "Goldcorp" şirkətinin rəsmiləri çıxış edərək bildiriblər ki, qızıl hasilatı 1995-ci ildə rekord həddə kəşf olunan yataqlarda başlanan hasilat nəticəsində 2015-ci ildə pik həddə çatacaq, 2022-ci ildə isə hasilat yeni yataqlar kəşf edilməsə, minimum həddə düşə bilər.

Bu arada bir maraqlı məqamı qeyd edək ki, ölkəmizdə qızıl hasilatı son dövrlərdə artıb. 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda qızıl hasilatı 336 kiloqram təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 64,4% çoxdur. 2014-cü ildə Azərbaycanda 1872,5 kiloqram qızıl hasil olunub. Hazırda Azərbaycanda qızıl 1997-ci il avqust ayının 21-də imzalanmış "Production Sharing Agreement" tipli müqavilə çərçivəsində "Gədəbəy" yatağından hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo Asian Mining PLC" şirkətinin payı 49% təşkil edir. "Gədəbəy" yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanıb. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır. Dünya bazarlarında qızılın bahalaşması fonunda hasil olunan qızılın hamısının ehtyiat kimi toplanması isə zəruri sayılır.

Xatırladaq ki, dünya miqyasında qızıl hasilatı neçə illərdir stabil səviyyəsini qoruyur, amma yeni qızıl yataqları istismara verilmir və hətta sayca azalır. Qeyd edək ki, qızılın 1 unsiyası 2011-ci ildə maksimum 1 889,7 dollar qiyməti ilə satılırdısa, hazırda qiyməti 1200 dollara kimi enib. Lakin hasilatla bağlı verilən proqnozlar fonunda qızılın qiymətində yeni artımlar gözlənilir. Xatırladaq ki, söhbət burada külçə qızıldan gedir. Onlardan hazırlanan zinət əşyaları ilə bağlı vəziyyət isə fərqlidir. Məsələn, ölkəmizdə hazırda zinət əşyalarına tələb yüksək deyil. İqtisadçı ekspert Rəşad Həsənov qeyd edir ki, hazırda Azərbaycanda qiymətli daşlar bazarında alıcılıq qabiliyyəti düşüb. O, Azərbaycanda qızılın bahalaşmasına dünya bazarındakı qiymət artımının da təsir etdiyini bildirib:

"Dünya bazarında qiymətlərin qalxmasından sonra hazırda ölkədə də bahalaşma müşahidə olunur. Təxminən qızılın qiyməti 30 faiz bahalaşıb. Bu bahalaşma ilkin vaxtlarda daha yüksək idi. Hətta 40 faizdən də yüksək. Ancaq tələbatın azlığı, eyni zamanda, qızıl bazarında yaşanan durğunluq faktiki olaraq indiki qiymətlərin nisbətən aşağı düşməsinə gətirib çıxaracaq. Hazırkı qiymətlər iki ay bundan öncəkindən 30 faiz bahadır. Ancaq qeyd etdiyim kimi, bunu son qiymət olaraq müəyyənləşdirmək olmaz. Çünki ümumiyyətlə, 2015-ci ildə qızıl bazarında çox durğunluq yaşanacaq. Bunun nəticəsində də mümkündür ki, Azərbaycan qızıl bazarında yeni trend formalaşsın və əvvəlki şərtlər daxilində qızılın alış-satışı arasında təqribən 10-15 dollar fərq yaransın. Eyni zamanda bu fərqin 6-7 dollara qədər azalma ehtimalı da var. Çünki hazırkı dönəmdə qızılın satışının azlığı hadisələrin bu istiqamətdə cərəyan edəcəyini göstərir". Lakin külçə qızılın qiymətində artım çox olarsa, bu, zinət əşyaları bazarında da mütləq şəkildə özünü göstərəcək.

Sizin Reklam Yeriniz