Əlaqə Arxiv
news Image
2015.04.03
09:04
| A A A
Rusiya bazarlarında Azərbaycan məhsulunun həcmi artacaq
Çingiz Fərəcov: “Rusiyada kənd təsərrüfatı məhsullarının qiyməti qalxan kimi, bu ölkəyə Azərbaycandan həmin məhsulların ixracının artması mütləqdir” Vahid Məhərrəmov: “Bu gün istənilən ölkədə kənd təsərrüfatı məhsulu fermer və sahibkara sərfəli qiymətə alınırsa, o, mütləq həmin ölkəyə öz məhsulunu ixrac edəcək”

Son günlərdə Rusiya bazarlarında aqrar məhsulların qiymətində yenidən artım müşahidə olunur. Məsələ ilə bğalı Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqnaı yazır ki, bu ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti artır və qarşıdan gələn 3 ay ərzində vəziyyət məhz bu səpkidə cərəyan edəcək.

Xatırladaq ki, Azərbaycandan da Rusiyaya böyük miqdarda aqrar sahə məhsulları, meyvə, tərəvəz ixrac olunur. Keçən ilin sonlarında Rusiyada kənd təsərrüfatı məhsullarının qiymətində kəskin artım olada, ölkəmizdən bu məhsulların ora ixracı xeyli dərəcədə artmışdı. İndi isə Rusiya mətbuatının yazdığına görə, bu ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti yenə də bahalaşır. Belədirsə, bu səpkidə Azərbaycandan şimal ölkəsinə göndərilən kənd təsərrüfatı məhsulları həcminin artacağını gözləmək olarmı?

Əməkdar kənd təsərrüfatı mütəxəssisi Çingiz Fərəcov bildirdi ki, Rusiyada kənd təsərrüfatı məhsullarının qiyməti qalxan kimi, bu ölkəyə Azərbaycandan həmin məhsulların ixracının artması mütləqdir: "Xüsusən də, ölkəmizin cənub zonası sakinləri Rusiyaya kənd təsərrüfatı məhsulları göndərməklə dolanıb. Sovet dönəmində təkcə Astara rayonundan Rusiya bazarlarına 30 min tondan çox tərəvəz və bu qədər də kələm göndərilirdi. 20 min tona qədər də Rusiyaya pomidor aparılırdı. Əlbəttə ki, qiymətlər bahalaşan kimi, kənd təsərrüfatı məhsulunu yetişdirən insanlar ondan gəlir götürməyə çalışır. Bu zaman Rusiyada qiymətlər qalxırsa, təbii haldır ki, camaat da öz məhsulunu əsasən məhz ora göndərəcək. Bunun baş verəcəyinə qətiyyən şübhə yoxdur. Lakin bunun üçün ölkəmizin gömrük orqanları hazır olmalıdır. Yəni, kənd təsərrüfatı ilə dolu olan maşınlar Samur-Dəvəçi kanalında az saxlanılmalıdır. Çünki, onun çox saxlanılması böyük məhsul itkisinə gətirib çıxarır. Belədə, Rusiyaya aparılan məhsulun 20-25 faizi yolda xarab olur. Bunun qarşısını almaq üçün Samur-Dəvəçi kanalındakı gömrük məntəqəsində həmin yükləri daşıyan maşınlar az saxlanılmalıdır".

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə qeyd edir: "Adətən mal o ölkəyə axır ki, orada həmin mala dəyər verilir. Bu gün istənilən ölkədə kənd təsərrüfatı məhsulu fermer və sahibkara sərfəli qiymətə alınırsa, o, mütləq həmin ölkəyə öz məhsulunu ixrac edəcək. Son zamanlar müşahidə edirik ki, Rusiya bazarında qeyri-müəyyənlik hökm sürür. Bu da onunla bağlıdır ki, şimal ölkəsi özünün ərzaq, kənd təsərrüfatı məhsullarına olan tələbatını tam şəkildə ödəyə bilmir. Rusiya hər il 40 milyard dollar dəyərində digər ölkələrdən kənd təsərrüfatı məhsulu idxal edir. Rusiyada kənd təsərrüfatı məhsullarının qiymətinin yüksəlməsi informasiyası ola bilsin, azərbaycanlı və digər ölkə fermerlərini ora cəlb etmək üçün yayılıb. Yəni, belə bir informasiyanı bilərəkdən yayıblar. Hər halda ayıq-sayıq olmaq lazımdır, belə informasiyalar mütləq yoxlanılmalıdır. İndi heç kim iki-üç ay bundan sonra qiymətlərin necə ola biləcəyini proqnozlaşdıra bilməz. Ona görə ki, yerlərdə fermerlərin əldə etdikləri məhsulun həcmi ilə bağlı informasiya toplamaq mürəkkəb məsələdir. Postsovet ölkələrində bu haqda informasiya əldə etmək müşküldür. Ona görə düşünmürəm ki, Rusiyada kənd təsərrüfatı məhsullarının qiymətində ciddi artımlar olsun. Bu olsa da, cüzi artım ola bilər. Rusiya digər ölkələrdən kənd təsərrüfatı məhsulları idxal edir. Hansı ki, onlar arasında Çin və Türkiyə də var və bu ölkələr Rusiyaya daha ucuz məhsul ixrac edirlər. Rusiyaya İran və Braziliyadan da müəyyən idxal var. Bütün bunlar onu düşünməyə əsas verir ki, Rusiyada kənd təsərrüfatı məhsullarının qiymət artımında sıçrayış gözləmək doğru deyil. Bu baş verərsə, əlbəttə ki, Azərbaycanda istehsal olunan mal və məhsulun bir hissəsi Rusiyaya ixrac edilə bilər. Lakin bunun baş verəcəyini düşünmürəm. Azərbaycanda da artıq kənd təsərrüfatı məhsullarının qiymətində artım var. Bu artım da bir müddət davam edəcək.

Tərəvəz ixracı ilə məşğul olan sahibkarlar Rusiya rublunun dəyərdən düşməsilə bağlı olaraq narahatçılıq keçirdilər. Ona görə də bu sahədə istehsalı azaldıblar. Yerli istehsalın az olduğu halda daha çox kənd təsərrüfatı məhsulunun Rusiyaya daşınacağı ilə bağlı yersiz qorxuya düşməyə də ehtiyac yoxdur".

Sizin Reklam Yeriniz