news Image
2015.04.07
02:00
| A A A
Türkmənistan, İran, İraq qazı da Azərbaycandan axacaq
Natiq Cəfərli: “İranın TANAP-a qoşulması Türkmənistan bura qoşulmasından daha tez baş tutacaq” İlham Şaban: “Daşınma xərcinə görə Azərbaycan gəlir əldə edəcək”

"İran Transanadolu boru kəməri (TANAP) layihəsində iştirak payı almaqda maraqlıdır". Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, SOCAR TANAP-dakı payının bir hissəsinin satışı üzrə təklifə baxmağa hazırdır: Artıq belə təkliflər var: "İrana qarşı sanksiyaların ləğvi qərarından sonra TANAP-ın aktuallığı daha da artıb. İran qaz hasilatı həcmini artıracaq və bundan başqa, İran qazının dünya bazarlarına çıxması üçün TANAP-dan başqa alternativ yoxdur".

İranla yanaşı, Türkmənistanın da yaxın perspektivdə TANAP-a qoşulacağı qaçılmaz sayılır. Beləliklə, üç mənbədən – Azərbaycan, Türkmənistan və İrandan böyük həcmdə təbii qaz Avropaya axacaq. İran və Türkmənistan kimi böyük qaz ehtiyatına malik olan ölkələrin TANAP-dan yararlanması isə ölkəmiz üçün əlavə dividend deməkdir.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, İranın TANAP-a qoşulması Türkmənistan bura qoşulmasından daha tez baş tutacaq: "Gələcəkdə danışıqların bir predmeti də o, olacaq ki, İran TANAP layihəsinə hansı şərtlər daxilində qoşulsun. Amma TANAP-ın gücünü nəzərə alanda demək olar ki, İranın potensialı çox böyükdür. İran yaxın illərdə bazarlara 180 milyard kubmetr qaz çıxartmalıdır. TANAP-ın buraxılış gücü isə 31 milyard kubmetr olacaq. Bunun da 16 milyardı bizim qaz olacaq. Yəni, İranın potensialının çox olması böyük həcmdə qazın TANAP-a qoşulmasına imkan verməyəcək. İranın başqa alternativliləri də var. Tehran Fars körfəzi ətrafında sıxılmış qaz terminalları tikməyi düşünür. Türkmənistana gəldikdə isə hər kəsi istəyir ki, Türkmənistan da bu layihəyə qoşulsun. Sadəcə olaraq, "Transxəzər" kəmərinin çəkilməsi həmişə Rusiya və İran tərəfindən əngəllənib. Yaxın gələcəkdə Xəzərin hüqqui statusu həll olunmayacaqsa, Rusiya bu layihənin həyata keçirilməsinə veto qoyacaq. Çünki, Xəzərin statusunun qeyri-müəyyən qaldığı bir şəraitdə ilkin razılıq belə olub ki, bütün layihələr 5 ölkə arasında razılışdırılmalıdır. Rusiya isə özünün marqlarına görə hələlik "Transxəzər"in çəkilməsinə razılıq vermir. Yaxın gələcəkdə də belə razılığın veriləcəyi ehtimalı çox aşağıdır. Ona görə də İranın bu layihəyə qoşulması daha realdır".

İqtisadçının sözlərinə görə, İran bu layihəyə qoşularsa, Azərbaycan TANAP-ın 57%-ni gəlir kimi götürəcək: "Ona görə də İranla Azərbaycan müəyyən danışıqlara başlamalıdır ki, şərtlər indidən razılaşdırılsın".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirir ki, iki böyük qaz ehtiyatına malik olan ölkələrin qazının TANAP-la axması geniş şəkildə ölçülüb biçilməlidir: "Çünki, 31 milyar kubmetr buraxılış gücü olan qaz kəməri ilə əsasən öz qazımızı dünya bazarına çıxarmaq niyyətindəyik. Orada kommersiya baxımından boş qalan hissəni isə üçüncü tərəfə vermək niyyətimiz var. "Cənub Qaz Dəhlizi"nin tikintisinə başlayanda da bu fikirləri dilə gətirmişik. Əgər "Şahdəniz" layihəsində 16 milyard kubmetr qaz çıxacaqsa və elə birinci mərhələsində onun buraxılış gücü 16 milyardırsa, orada üçüncü tərəf üçün qaz yoxdur. Bu, ancaq "Cənub Qaz Dəhlizi"nin əsas hissəsi olan TANAP-ın və onun ardınca da TAP-ın genişləndirilməsindən sonra baş verə bilər. Bu isə qrafik üzrə 2023-cü ildə nəzərdə tutulub. Onda 23 milyard kubmetrə qədər genişləndirmə həyata keçiriləcək. Genişləndirmədən sonra Azərbaycanın öz qazı, qalan hissə isə üçüncü tərəfin qazı daşına bilər. Bu zaman isə daşınma xərcinə görə Azərbaycan gəlir əldə edəcək. Bu, Türkmənistan, İran, İraq qazı ola bilər. Təkliflərdən asılı olaraq həyata keçəcək. Ancaq bunun nə vaxt həyata keçəcəyi barədə zaman göstərilməyib".

Qeyd edək ki, boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, "Transanadolu" qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs