Əlaqə Arxiv
news Image
2015.04.07
06:00
| A A A
İlan zəhərindən itən milyonlar
Təvəkkül İskəndərov: “Standartlara uyğun istehsal müəyyənləşdirməli, ilan zəhəri formalaşdırmalıyıq”

Məlum olduğu kimi, Sovetlər İttifaqı dağılandan sonra ölkəmizdə tənəzzülə uğrayan sahələrdən biri də ilan zəhəri istehsalı oldu. Vaxtı ilə Bakının Zirə qəsəbəsində fəaliyyət göstərən Herpetoloji Kombinatdan əsər-əlamət qalmayıb. Halbuki, 1980-cı illərdə Azərbaycanın Herpetoloji Kombinatı bütün dünya üzrə gürzə zəhərinin 60-70 faizini istehsal edirdi.

Bu gün isə iqtisadiyyatın sözügedən sektorundan gəlir yox səviyyəsindədir. Mövzu ilə bağlı "Mövqe"yə açıqlama verən "Zootoksinlər" İstehsal, Elmi Araşdırma Mərkəzinin direktoru, "Herpetoloq" İctimai Birliyinin sədri, biologiya elmləri namizədi Təvəkkül İskəndərov hesab edir ki, iqtisadiyyatın bu sahəsinin zəif inkişaf etməsi ilan zəhərinin bazarının məhdud olmasıdır: "Məlum bazarlara da daxil olmaq çətindir. Ora daxil olmaq üçün həmin standartlara cavab verən sənədlər hazırlanmalıdır. Çünki, hər bir məhsul bazara daxil olmaq üçün müvafiq qaydada sənədləşdirilməlidir. Bizdə bu gün ilan zəhəri istehsalı SSRİ dönəmində olduğu kimi deyil. Sovet dövründə iqtisadiyyat planlaşdırılırdı. Bazar tapmaq, qiymət qoymaq problemi yox idi. O vaxtı əsasən ilan zəhərindən dərmanları Estoniya Əczaçılıq Zavodu istehsal edib bazarı təmin edirdi. Bağlanmış müqaviləyə görə, 1969-cu ildən 1989-cu ilə qədər ilan zəhərini Estoniya Əczaçılqı Zavoduna gönədirirdik. Onlar da məlum qaydada öz dərmanlarını düzəldib bazara çıxardırdılar. Yəni, o vaxıt bazar problemi yox idi. Bizim üçün bazar problemi 1989-cu ildən başladı. Nazirlər Soveti qərar qəbul etdi ki, ilan zəhəri Azərbaycandan kənara göndərilməsin. Özü dərman istehsal edib dünya bazarına özü çıxsın. O qərara görə Estoniya ilə əlaqəmiz kəsildi. Nə dərman hazırlandı, nə də zəhər satıldı. İllər ötə-ötə də dünya bazarında yeni satıcılar yarandı. Bununla da ildən-ilə həmin bazara girməyimiz çətinləşdi. 1989-cu ildən bu günə qədər biz bazardan kənarda qalmışıq. İlan zəhəri satılmadığı üçün onun istehsalı da dayanıb. 19 kiloqram zəhər 20 ildən çoxdur ki, anbarda qalıb".

Ekspert bildirdi ki, bazara çıxmağımız üçün lazım olan şərtləri yerinə yeriməliyik: "Standartlara uyğun istehsal müəyyənləşdirməli, ilan zəhəri formalaşdırmalıyıq. Bu da hələlik kağız üzərində qalıb. 1989-cu ildən 1994-cü ilin sonuna qədər inersiya ilə müyyən qədər zəhər istehsal olundu. Ancaq 1989-cu ildən 1994-cü ilə qədər istehsal olunmuş 19 kiloqram ilan zəhəri dünya bazarına çıxmadı. İndi isə həmin ilan zəhərini alan yoxdur. Uzun müddət qaldığından onun keyfiyyəti məsələsi var. Həm də ona bu günün bazarının tələb etdiyi sənədlər hazırlamaq lazımdır. Həmin sənədlər isə müasir avadanlıqlar tələb edir. Yəni, bu gün həm bazar məhduddur, həm bazara daxil olmaq tələbləri çətinləşib, həm də bununla məşğul olan hüquqi şəxs yoxdur. Özü də bu gün ilandan istifadə yalnız onun zəhəri ilə məhdudlaşmır. Zəhərin bazarı məhdud olsa da, tətbiq sahələri genişlənir. İlan zəhərini tətbiq etmək üçün yeni-yeni sahələr araşdırılır. Biz isə hələlik bu sahəni işlədə bilmirik".

Təvəkkül İskəndərovun sözlərinə görə, Azərbaycanda ilan zəhəri üçün şərait var: "Amma Azərbaycanda ilanların yaşayış yerinin 30%-dən çoxu işğal altındakı ərazilərdir. Yeni zamanda bu işi kor təbii də apara bilmərik. Çünki, bir müddətdən sonra Azərbaycanda gürzə tapa bilmərik. İlan zəhəri dişdən çıxanda maye halında olur. Onun kristallaşdırılması üçün müəyyən proseslərdən keçir. Bunlar da hazırki tələblərə cavab verməlidir ki, bazara çıxarda bilək". Ekspertlər hesab edirlər, Azərbaycandakı ilan zəhərini dünya bazarına çıxarmaqla, ölkəyə küllü miqdarda gəlir gətirmək olar.

Sizin Reklam Yeriniz