news Image
2012.09.10
16:09
| A A A
«Dadlı» nişanlı kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilib
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan yoxlama nəticəsində "Azərdad" MMC-də "Dadlı" nişanlı kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilib.
Komitədən "APA-ECONOMICS"ə verilən məlumata görə, aparılan yoxlama nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ünvanında fəaliyyət göstərən "Azərdad" MMC-də "Dadlı" nişanlı kolbasa və sosiska məmulatlarının və xammalların saxlanma anbarı, istehsal sahəsi, hazır məhsulların saxlanma soyuducusu, müxtəlif ədviyyatların saxlandığı anbar sanitariya normalarına cavab vermir.
Bundan başqa, müəssisə AZS 088-2003, AZS 100-2003, AZS 104-2003 və AZS 117-2004 standartlarının tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat olmadan fəaliyyət göstərir.
Həmçinin istehsal olunan məhsulların mövcud resepturaya əməl olunmadan hazırlandığı müəyyən olunub. Belə ki, kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stabilizatorlardan, kraxmaldan, ət kütləsini artırmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə olunur.
Eyni zamanda məlum olub ki, məhsulların markalanması normativ sənədlərin tələbinə cavab vermir. Belə ki, etiketlərdə məhsul istehsalında kərə yağından istifadə olunduğu qeyd olunsa da, faktiki kərə yağından istifadə olunmur. Araşdırma zamanı müəssisənin anbarında yararlılıq müddəti bitmiş 1/1000 qr olan 110 ədəd duz və 1/25 kq olan Çin istehsalı olan sodium benzonat aşkar edilərək aktlaşdırılıb. Həmçinin yoxlanılan yarım hisə verilmiş "Poltovskaya" və bişmiş hisə verilmiş "Servelat Halal" kolbasalarının təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal olunduğu müəyyən olunub.

Müəssisədə mövcud normativ sənəd AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər" standartının tələbinə uyğun olaraq "Halal" kolbasa məmulatlarının istehsalı üçün lazımi şərait yoxdur. Belə ki, müəssisənin istehsal etdiyi "Halal" kolbasası digər məhsullarla eyni sexdə istehsal edilir.
Aşkar olunmuş bu və digər nöqsanlara görə "Azərdad" MMC-də kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilib.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs