Əlaqə Arxiv
news Image
2012.09.24
13:23
| A A A
Şərqdə Korporativ Sosial Məsuliyyət ənənəsi

Müasir KSM anlayışının İslam Şərqinin biznes mədəniyyətində kökləri xeyli əvvəllərə gedib çıxmaqdadır. KSM prinsipləri Şərqin mənəvi etik dəyərləri ilə tam uyğunluq təşkil edir. Hətta rahatlıqla deyə bilərik ki, Şərq dəyərləri KSM-in biznes fəaliyyətlərinə qoyduğu minimal sosial məsuliyyətləri üstələyir.

Şərq xalqlarının mədəni dəyərlərinin formalaşmasında səmavi dinlərin, xüsusilə də İslam dininin rolu böyük olmuşdur və bu gün də davam etməkdədir. 14 əsrdir ki, İslam dünyasında aparılan biznes-ticarət əməliyyatları müəyyən özünəməxsus dəyərlər çərçivəsinə salınmışdır. Şəriət qaydalarında biznesin maraqlı qrupları olan cəmiyyətin, ətraf mühitin, işçilərin, istehlakçıların, rəqiblərin və digər qrupların hüquqlarını müdafiə edən, onlara qarşı ədalətli davranmağı məsləhət görən və nəsihət edən müqəddəs ayələr və hədisi-şəriflər vardır. Dini qaynaqlarda bildirilir ki, biznesin məqsədi yalnız gəlirlərini artırmaq və maddi mənfəətlər əldə etmək deyil, çünki, var-dövlət keçici və əldən çıxıb gedicidir; yaxşı əməllərin mükafatı isə insan üçün daha xeyirlidir.

İslam dininin təkcə işçilər və onların müdirlər (menecerlər) arasındakı münasibəti tənzimləyən davranış qaydalarına baxdıqda müasir biznes davranış kodekslərinin bu mənbələrdə daha mükəmməl bir şəkildə öz əksini tapdığını görə bilərik. İslam dininə görə işə götürən işçilərin qayğısına qalmalı, onlarla yaxşı rəftar etməli, onlar arasında ədalətsiz şəkildə ayrı-seçkiliyə yol verməməlidir. Əmək haqlarını geciktirmədən ödəməli, işçilərə onların gücləri yetmədiyi işlər yükləməməlidir. İslam peyğəmbəri (s.a.s.) bu haqda buyurmuşdur ki, Allah təala işçiləri tabe olduqlarının əmrinə vermişdir, əmr sahibləri isə onların qayğısına qalmalı, onlara ədalətli davranmalı, əmək haqlarını vaxtı-vaxtında verməlidirlər. Başqa bir hədisi şərifdə isə İslam peyğəmbəri (s.a.s.) qiyamət günündə üç cür adama düşmən olacağını, bunlardan biri isə bir kəsi çalışdırıb, işini gördürdükdən sonra ona haqqını ödəməyən kəs olduğunu bildirmişdir. Gətirilən bu misallar sosial məsuiyyətin əsas sahələrindən biri olan işçilərlə davranış və əmək münasibətləri məsələsinin İslam dinindəki əhəmiyyətini göstərmək üçün kifayətdir.

Göründüyü kimi İslamda biznes prinsipləri müasir KSM anlayışı ilə tam olaraq üst-üstə düşür və cəmiyyətin hər bir təbəqəsinin yaşayış standartlarının yaxşılaşdırılması, sosial rifah halının yüksəldilməsi və humanist münasibətlərin hökm sürdüyü bir cəmiyyətin formalaşmasında əhəmiyyətli rol oynayır.

Ətraf mühitin çirklənməsi məsələsi sənaye dövründən sonra səslənməyə başlandığından Peyğəmbərin zamanında bu problem yox idi. Bununla belə peyğəmbərimiz təbiəti və onun içində yaşayan canlıları qorumağı əmr etmiş və daima bitki və heyvanat aləminin, təbii resursların mühafizəsinə çalışmışdır. Məsələn bir hədislərində o, bu cür buyurmuşdur: Kim bir ağac əkərsə və o ağacın meyvələrindən istər quşlar və digər heyvanlar, istərsə də insanlar faydalanarsa, bu əməli qarşılığında Allah təala ona savab yazar və onun malını sədəqə vermiş kimi qəbul edər.

4 əsrdir ki, bu mənəvi irsin atmosferində formalaşan və təkmilləşən Azərbaycan milləti İslam dininin şüarlarından olan səxavət, xeyriyyəçilik, əl tutmaq kimi fərdi və ictimai dəyərləri yaşatmış və bu xüsusiyyətləri ilə daim qürur duymuşdur. Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Murtuza Müxtarov, Şəmsi Əsədullayev, Əjdər bəy Aşurbəyov kimi əbədi-yaşar mesanatlar xalqımızın məhz xeyriyyəçilik timsalını özlərində təcəssüm etdirirlər. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə şəxsi büdcəsindən o vaxtın pulu ilə 300min manat vəsait sərf edərək Bakıda Zaqafqaziyada ilk və tək olan qızlar məktəbini tikdirərkən millətimizin təhsilli və savadlı gələcəyini düşünürdü. Azərbaycanda ilk xeyriyyə cəmiyyəti olan Müsəlman Xeyriyyə Cəmiyyəti, Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə yaradılmışdı. "Nəşr və Maarif", "Nicat" cəmiyyətlərinin yaradılmasında, qəzet və jurnalların nəşr etdirilməsində Tağıyevin yaxından köməyi olmuşdur. Bu, onun maarifpərvərliyinin və mətbuata olan dəstəyinin, eyni zamanda ictimai təşkilatlar, vətəndaş cəmiyyətlərinə verdiyi diqqətin bariz nümunəsi idi.

Ağa Musa Nağıyev isə Bakı şəhərində 90-dan çox görkəmli yaşayış binası və "Cəmiyyəti Xeyriyyə" üçün oğlu İsmayılın adını daşıyan "İsmailiyyə" binası, eyni zamanda keçmiş "Semaşko", indiki Musa Nağıyev adına tibb ocağının və daha üç xəstəxananın tikintisini öz üzərinə götürmüşdür. Şəhər əhalisinin su problemini həll etmək məqsədilə çəkilən xərclərin 75%-ini Musa Nağıyev ödəmişdir. Gənc nəslin elmə və təhsilə yiyələnməsi üçün Bakı realnı məktəbində sırf müsəlman şagirdlər üçün xüsusi bir sinfin açılmasına nail olmuş və bundan sonra məktəbdə müsəlman şagirdlərinin sayı məktəbin ümumi şagirdlərinin sayının 50%-ini təşkil etmişdir.

Murtuza Muxtarov da Azərbaycanın tanınmış neft milyonçularından biri olmuşdur. Uşaqlıqda kasıb ailədə böyüməsinə baxmayaraq, kiçik yaşlarından zəhmətkeşliyi və ixtiraçılıq qabiliyyəti ilə ətrafındakıların diqqətini çəkmişdir. Murtuza Muxtarov Bakı real məktəbinin, Temirxan-Şurin qadın gimnaziyasının hamisi, Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü, ali və orta ixtisas məktəblərinin tələbələri üçün qırx təqaüdün təsisçisi idi. Maarifçiliyi yaymaq və vətəndaşların dünya görüşünü artırmaq məqsədilə Bakıda "Tərəqqi" qəzetinin nəşrini öz üzərinə götürmüşdü.

Azərbaycanda neft buruqlarının fontan vurması ilə milyonçuların və mesenatların yaranması təbii olaraq üst-üstə düşür. Sonradan zəngin sərvət sahibi olan adı çəkilən bu insanlar xalqın zəhmətkeş və avam təbəqəsində böyüyüb başa çatmış, xalqın problemlərini və ehtiyaclarını yaxından öyrənmək imkanı əldə etmişdilər. Sonradan ümumxalq sərvəti ilə varlanan o səxavətli və hamiyətli şəxsiyyətlər yalnız özlərini və öz ailələrini düşünməmiş, ümumilikdə cəmiyyətin problemlərini həll etməyi özlərinə borc bilmişlər. Təhsil, səhiyyə, maarif, sosial infrastruktur və o dövrün özünəməxsus problemlərinə aid ağla gələn hər bir sahədə onların fəaliyyətini görmək mümkündür.

Göründüyü kimi Orta Şərqin və Azərbaycanın yaxın və uzaq tarixi sosial məsuliyyət nümunələri ilə zəngindir. Bir fərq var ki, o zaman fərdi miqyasda olan sosial fəaliyyətlər indi şirkətlərin və səhmdar cəmiyyətlərinin müasir təşəkkül formasına uyğun olaraq hüquqi şəxs fonunda özünü göstərir.

Bəli, onlar sanki maliyyə imkanları baxımından dövlət içində dövlət idilər. Həm də sosial prinsiplərə əsaslanan bir dövlət. Fikir verin, bugün də istifadə edilən 100 il öncə tikilmiş xəstəxanalar, yaşayış binaları, fəhlələr üçün yaşayış evləri, məscidlər, məktəblər- bunların hamısı dövlətin görəcəyi işlər idi. Amma, onlar bütün yükü dövlətin üzərinə qoymadılar, dövlətə dəstək oldular, imkanları ölçüsündə, hamiyətkarlıqları nisbətində xalqın dərdinə yanmağa çalışdılar. Bəli, onlar çəkinmədən xərclədilər və verdikcə Allah Təala onlar üçün artırdı. Onlar resurslara qənaət edirdilər, həm də onlar üçün "qıt" anlayışının olmadığı halda. Musa Nağıyevin bir fəhləni qalanmış ocağın yanında durub, papirusunu kibritlə yandırmaq istədiyi üçün onu danlaması, 56 gün fontan verən neftin ətrafa dağılıb israf olmasını görüb narahatçılıq keçirməsi ən gözəl nümunədir. Bütün bu lövhələr gözümüzün önündə canlanaraq bizlərə nəsihət və istiqamət mahiyyəti daşıyır.

Sizin Reklam Yeriniz