news Image
2012.09.28
10:51
| A A A
Yumurta yenə bahalaşdı
Vahid Məhərrəmov: “Yumurtanın qiymətinin qalxması iki səbəbə bağlıdır” Aydın Vəliyev: “Kənd və broyler yumurtasının qiymətinin qalxması fərqli amillərdən asılıdır”

Son günlər satış bazarında nəzərə çarpan məqamlardan biri də yumurtanın qiymətinin qalxmasıdır. Belə ki, adətən 15-17 qəpik olan kənd yumurtasını indi yerlərdən asılı olaraq 20, hətta 25 qəpiyə də görmək mümkündür. Bunu broyler yumurtalarında da müşahidə etmək olur. Belə ki, ayın əvvəlində bir ədədi 6-7 qəpiyə satılan yumurtanın qiyməti hazırda 10-12 qəpik arasında dəyişir. Ümumilikdə isə son bir həftədə yumurtanın qiyməti 4-5 qəpik bahalaşma qeydə alınıb. Xatırladaq ki, ölkəmizdə oxşar hadisə keçən ilin yaz aylarında da baş vermişdi. Həmin dövrdə yumurtanın qiyməti süni şəkildə qaldırılsa da ekspertlər indiki artımı digər amillərlə əlaqələndirirlər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, həm kənd, həm də broyler istehsalı olan yumurtaların qiymətinin qalxması iki səbəbə bağlıdır: "Birinci ondan qaynaqlanır ki, son dövrlər Azərbaycanda quşçuluqda istifadə olunan yemin qiyməti nisbətən qalxıb. Xüsusən buğda və taxıl mənhsullarının qiymətinin qalxması birbaşa yumurta istehsalında özünü göstərir. Çünki, yumurta istehsalında həmin məhsulların rolu 65-70 faiz təşkil edir. İkinci səbəb isə  onunla bağlıdır ki, günün get-gedə qısalmasıdır. Çünki, toyuqlar gün uzun olanda daha çox bayırda olub, daha çox qidalanırlar. Ona görə də onlar gün aşırmadan yumurta verirlər. Ancaq gün qısa olduqda toyuqlar daha az qıdalandığı üçün onlar hər gün yumurta vermək qabiliyyətində olmurlar. Belə olduğu üçün də əvvəlki qədər yumurta istehsal olunmur. Yəni, təklif azalır. Təklif də azalanda mütləq o, qiymətə təsir edir". Ekspertin sözlərinə görə, sənaye üsulunda istehsal olunan yumurtanın qiymətinin artması əlavə xərclərlə bağlı ola bilər: "Çünki, orada işıq enerjisindən nə qədər çox istifadə olunarsa, son nəticədə bir o qədər yumurtanın qiyməti bahalaşar. Artmış qiymətlərin hətta müxtəlif yerlərdə fərqli olması isə topdansatış bazarına yaxınlıq məsafəsi ilə ölçülür. Çünki, məsafəyə görə xərclər də müxtəlif olur. Digər faktor isə icarə haqqı ilə bağlıdır. İcarə haqqı mərkəzdə yüksək, ətraflarda isə nisbətən aşağı olur. Başqa amil də bazarlarda müəyyən sayda sahibkarların çoxdan işləmələridir. Çünki, qiymətin qaldırılması baxımından onların  öz aralarında sövdələşməsi asan olur. Ümumilikdə isə respublikada bunun qarşısının alınması rəqabətli mühitin daha da yaxşılaşdırmasından keçir". 

Respublika Quşçular Cəmiyyətinin sədri  Aydın Vəliyev isə  bildirir ki, broyler yumurtalarının qiymətini mağazaların özləri təyin edir: "Broyler yumurtasındakı qiymət artımını bununla izah etmək olar. Amma kənd yumurtasının qiymətinin qalxmasında başqa nüanslar ola bilər. Ola bilsin hansısa yerdə müəyyən xəstəliklərlə əlaqədar toyuqların saylarında seyrəlmələr baş verib. Bu da az istehsal deməkdir. Bu da yumurtanın bahalaşmasına səbəb ola bilər".

Sədr onu da əlavə etdi ki, sənaye üsulu ilə hazırlanan yumurtalarının fabriklərdən çıxış qiyməti 7.5 qəpikdir: "Mağazalardakı qiymətlərin yüksək olması həmin dükan sahibindən asılıdır. O, yumurtanı aldığı qiymətə yox, onu əlavə etdiyi qiymətlə bərabər satır. Ona görə də sənaye yumurtalarını müxtəlif yerdə fərqli qiymətlərə görmək mümkündür".

Müvafiq rəsmi qurumlar isə bildirir ki, həm yerli, həm də idxal hesabına bazarda bolluq olduğuna görə sentyabr ayına qədər Azərbaycanda qiymətlər ucuz idi. Amma mövsümlə əlaqədar istehsal azaldığından qiymətlərdə bahalaşma baş verib.  Səbəblərdən biri də payızda toyuqların da yumurta istehsalını azaltmasıdır. Lakin kənd toyuqlarından istehsal olunan yumurtanın 20 qəpiyə verilməsi əhaliyə qarşı haqsızlıqdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs