Əlaqə Arxiv
news Image
2012.10.02
18:04
| A A A
Səttar Mehbalıyev: “Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə yerli vətəndaşları istirahət günlərində də işlədirlər” Azərbaycanda 50-dən artıq transmilli şirkət var ki, bunların yarısında həmkarlar təşkilatlarının yaradılmasına nail olunub, digərlərində isə bununla bağlı danışıqlar gedir.

"APA-ECONOMICS"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, belə şirkətlərdə bürokratiya çox güclüdür və bəzən danışıqlar illərlə davam edir: "Şirkətlərin rəhbərliyi bizə bildirir ki, bu məsələyə mane olmurlar və qarışmırlar, amma burada çalışan işçilər bildirirlər ki, onlar həmkarlar təşkilatı yaratmağa çəkinirlər, çünki rəhbərlik bunu eşidən kimi onları işdən azad edə bilər".

S.Mehbaliyev bildirib ki, ümumiyyətlə, transmilli şirkətlərin rəhbərliyi həmkarlar təşkilatlarının yaradılmaması üçün böyük pullar xərcləyirlər. Çünki həmkarlar təşkilatlarının yaradılması buradakı işçilərin sosial və əmək-məişət hüquqlarının qorunmasına imkan verərdi: "Transmilli şirkətlərdə belə bir qayda var ki, onlar işçini soruşmadan, istədikləri vaxt işdən azad edirlər. Onların təhlükəsizlik xidməti sadəcə işçinin əmək kitabçasını özünə qaytarır və onlar nə qədər çalışsalar da, rəhbərliklə görüşə, işdən azad edilmələrinin səbəblərini öyrənə bilmirlər. Onları bir daha şirkətin qapısından da içəri buraxmırlar. Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə bəzən yerli vətəndaşları iş vaxtından çox, bəzi hallarda isə hətta istirahət günlərində də işlədirlər. Biz istəyirik ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da işçilər öz təşkilatlarını yaratsınlar və hüquqlarını qoruya bilsinlər".

S.Mehbalıyev bildirib ki, 4-5 ay əvvəl Neftçalada çalısan transmilli neft şirkətində həmkarlar təşkilatının yaradılmasına maneələr vardı, amma AHİK bu işçiləri təlimatlandırandan sonra onlar hüquqlarını daha yaxşı biliblər və küçədə, parkda toplaşaraq həmkarlar ittifaqı təsis ediblər: "Artıq bu təşkilat fəaliyyət göstərir. 

Bizim əsas məqsədimiz odur ki, bu işçilərin zəhməti hesabına qazanılan pulun bir hissəsi onların sosial vəziyyətinin yaxşılaşmasına xidmət etsin. Bunun üçün isə həmkarlar təşkilatı yaradılmalı və işəgötürənlərlə kollektiv müqavilələr imzalanmalıdır".
 
Sizin Reklam Yeriniz