news Image
2012.10.03
08:50
| A A A
Rusiya avtomobilləri bahalaşacaq
Vüqar Bayramov: “Yalnız Rusiya istehsalı olan avtomobillərin deyil, eləcə də ucuz olan xarici maşınların qiymətində də artımlar müşahidə olunacaq” Natiq Cəfərli: “Qiymətlərin artmasının qarşısını almaq üçün bu tip maşınların təhlükəsizlik tələblərinə cavab verməməsi haqqında sosial informasiyalar yayılmalıdır”

Məlumdur ki, cari ilin 1 may tarixindən etibarən Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalı və istehsalı qadağa olunub. Həmin tarixdən əsas etibarı VAZ-2107-nin idaxlı dayandırılsa da artıq bu ilin oktyabrın 1-dən etibarən VAZ "ailə"sinin digər nümayəndlərinin də idxalı dayandırıldı. Bu barədə açıqlamasında DGK-nin sədri Aydın Əliyev bildirib.

Komitə sədri bu siyahıya VAZ-2114, VAZ-2115 və digər ABS sistemi olmayan avtomobillərin daxil olduğunu qeyd edib. İqtisadçı ekspertlər isə bu qərarın Azərbaycanın maşın bazarında sovet maşınlarının qiymətinin qalxması ilə müşahidə olunacağı qənaətindədirlər. Amma ekspertlər qiymətlərin o qədər də yüksək və uzun müddətli olmasının gözlənilmədiyini bildirirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, rusiya maşınlarının Azərbaycana idxalının qadağan edilməsi bazarda bu ölkənin istehsalı olan avtomobillərin müəyyən qıtlığına gətirib çıxaracaq: "Nəzərə alsaq ki, Azərbaycanda müxtəlif səbəblərdən sovet maşınlarına təlabat yüksəkdir. Bu onunla bağlıdır ki, təmirdə xarici maşınlara nisbətən sovet maşınlarına daha az vəsait tələb olunur. Eyni zamanda sovet maşınlarının ehtiyat hissələrinin ucuz olması onlara marağın artmasına gətirib çıxarıb. Sovet maşının digər özəlliyi isə onun benzinə qənaəti ilə bağlıdır. Ona görə də Azərbaycan bazarında sovet maşınlarına tələbat böyükdür. Bu səbəbdən də sovet maşınlarının idxalının qadağan edilməsi avtomobil bazarında qiymət dəyişkənliyinə gətirib çıxaracaq. Bu, əsasən hazırda Rusiya istehsalı olan maşınların qiymətlərinin artımı ilə müşahidə olunacaq. Çünki, idxalın qadağan edilməsi bazarda qıtlığın yaranmsı deməkdir. Bazarda qıtlıq və tələbatın olması isə qiymət artımına səbəb olacaq".

Ekspert bildirir ki, bahalaşma yalnız Rusiya istehsalı olan avtomobillərin deyil, eləcə də ucuz olan xarici maşınların qiymətində də müşahidə olunacaq: "Çünki, sovet maşını almaq istəyən, amma ala bilməyənlərin bir qismi Rusiya avtomobilinin qiymətinə uyğun xarici avtomobillərin alınmasında maraqlı olacaq. O baxımdan qiyməti aşağı və ili köhnə olan xarici avtomobillər də bahalaşacaq".

Vüqar Bayramov onu da qeyd etdi ki, bazarda müəyyən qıtlığın yaranmasına baxmayaraq, ciddi qiymət artımının müşahidə ediləcəyi gözlənilmir: "Bu qərarın təsirindən psixoloji olaraq və təlabatın olması baxımından qiymət artımları ilkin mərhələdə ola bilər. Bu da uzağı 5-7 faiz civarında olacaq. Həmçinin də qiymət artımı uzunmüddətli olmayacaq. Bu ilin sonuna doğru qiymət artımının stabilləşməsi gözlənilir. Çünki, ilin sonuna kimi Rusiya istehsalı olan avtomobil almaq istəyənlər praktiki olaraq öz tələbatlarını ödyəcəklər. Ona görə də uzunmüddətli dövr üçün ciddi qiymət artımı gözlənilmir".

Digər iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, ilkin aylarda müəyyən dərəcədə qiymət artımı müşahidə oluna bilər: "Amma bu, Azərbaycanda yeni avro-3 standartlarına keçməsi ilə əlaqədardır. Bahalaşma cari ilin sonuna və gələn ilin ilk 6 ayı ərzində olacaq. Bu da ajiotajla əlaqəlidir. Amma qiymətlər təqribən 15-20 faiz qalxa bilər. Ondan artıq qalxması mümkün deyil. Çünki, Cənubi Koreya, Yaponiya və yaxud da ABŞ istehsalı olan aşağı klasslı maşınların qiyməti o həddədir ki, rus istehsalı olan maşınların bu maşınlardan daha ucuz olması mümkün deyil. Onların son modelləri arasındakı fərq 20-25 faiz civarındadır".

Ekspert qiymətlərin artmasının qarşısını alınmaq üçün bu tip maşınların təhlükəsizlik tələblərinə cavab verməməsi haqqında sosial informasiyaların yayılmasını məqsədə uyğun hesab edir: "İnsanlar bu barədə bilgiləri artsa, o zaman tələb aşağı düşə bilər. Tələb aşağı düşdüyü halda da qiymətlərin qarşısının alınması mümkün olacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs