news Image
2012.10.08
12:02
| A A A
Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankının birgə illik iclasında iştirak edəcək
Oktyabrın 9-14-də Tokioda (Yaponiya) Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Direktorlar şuralarının birgə illik iclası keçiriləcək.

Bu barədə "APA-ECONOMICS"ə DB-nın Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, tədbirdə BVF və DB-nın üzv ölkələrinin nümayəndələri iştirak edəcək ki, Azərbaycanı bu iclasda ölkənin maliyyə nazirinin müavini Azər Bayramovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda BVF və DB-nın ötən dövr ərzində fəaliyyəti və gələcək planları, qlobal maliyyə böhranının müxtəlif regionlara təsiri və böhrandan sonrakı vəziyyət, dünyada zəifləyən iqtisadi artım tempinin regionlara mümkün təsiri və bir sıra digər məsələlər müzakirə olunacaq.

Onu da qeyd edək ki, BVF və DB-nin Direktorlar şuralarının illik iclası üç ildən bir qurumların üzv ölkələrinin birində, digər iki illik iclaslar isə Vaşinqtonda keçirilir. Sonuncu dəfə üzv ölkədə keçirilən iclas 2009-cu ildə İstanbulda (Türkiyə) təşkil olunub.

Qeyd edək ki, Azərbaycan 1992-ci ilin avqust ayından BVF-nin üzvüdür, 1995-ci ildən başlayaraq iqtisadi proqramların dəstəklənməsində BVF-nin maliyyə yardımından bəhrələnib. Bu müddət ərzində BVF Azərbaycan hökumətinə 600 mln. ABŞ dollarından artıq vəsait ayırıb. Azərbaycanın Fondun qarşısındakı hazırkı öhdəliyi təxminən 40 mln. dollar təşkil edir ki, həmin vəsait 2014-cü ilədək tam ödəniləcək.

Xatırladaq ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank 53 layihənin icrasına Azərbaycana 3 mlrd. dollara yaxın maliyyə yardımı göstərib.