Əlaqə Arxiv
news Image
2012.10.11
12:01
| A A A
Ziya Məmmədov: “Bu il Azərbaycanda 362,8 kilometr yol təmir olunub, avtomobil yollarında 11 körpü tikilib”
"2012-ci ilin 9 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilib, 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin daşınıb. Yük daşımalarının 16,7 milyon tonu dəmir yolu, 9,3 milyon tonu su, 87,9 milyon tonu isə avtomobil nəqliyyatının payına düşür. Limanlarda 9,1 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib. Bu dövr ərzində nəqliyyat sektoruna yönəldilmiş investisiyaların ümumi həcmi 1,7 milyard manat təşkil edib".

"APA-ECONOMICS"in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib.

Nazir bildirib ki, ölkə üçün dəmir yollarının strateji əhəmiyyəti, Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunan "Tarixi İpək Yolu" marşrutu üzərində dəmir yolunun xüsusi yeri nəzərə alınaraq, magistralın dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün irihəcmli yenidənqurma və tikinti işlərinin aparılmaqda olduğunu qeyd edib. O, dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji, rabitə-işarəvermə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri hazırda 4 komponent üzrə mərhələlərlə davam etdirildiyini vurğulayıb: "Layihə üzrə bu istiqamətdə sürət həddi saatda 140 kilometr olacaq yolun artıq 85 kilometr hissəsi yenidən qurulub, bağlanmış müqavilələr əsasında tələb olunan avadanlıq və materialların müəyyən hissələri alınıb. 

Ölkəmizin tranzit imkanlarının artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən və həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi xüsusi yer tutur. Burada tikinti işləri sürətlə davam etdirilir. Hazırda Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 kilometr uzunluğunda yeni yolun üst quruluşu inşa edilib, bu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən Axalkalaki və Kartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 kilometrlik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin inşası və uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki sahəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilir".

Z. Məmmədov bildirib ki, su nəqliyyatı sahəsində Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin və bərələrin müasir gəmilərlə əvəz edilməsi işləri davam etdirilib: "Hazırda dövlət büdcəsi hesabına Xorvatiyada sifariş olunmuş 2 ədəd 54 vaqon tutumlu bərə ölkəyə gətirilir və yaxın günlərdə istismara veriləcək. 

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və liman kompleksini birləşdirən yol infrastrukturunun tikintisi işləri davam etdirilir. Liman akvatoriyasında aparılan dib dərinləşdirmə işləri yekunlaşmaq üzrədir.

Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədi ilə 2012-ci ildə "Azərbaycan Hava Yolları" QSC tərəfindən 2 ədəd "Boeing-767" tipli sərnişin təyyarəsi alınıb və "Boeing" şirkəti ilə yeni sifarişlərlə bağlı müqavilələr imzalanıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisi davam etdirilib.

Ölkəmizdə daşımaların böyük hissəsi avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu dinamika ilbəil artmaqdadır. Bu daşımaların təhlükəsiz həyata keçirilməsinin təmin edilməsi ilə bağlı avtonəqliyyat parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib".

O, 2012-ci ilin 9 ayı ərzində paytaxtda 400 ədəd yeni iri və orta tutumlu avtobus və 1000 ədəd "London taksi"ləri olmaqla, 1085 ədəd yeni taksi minik avtomobilinin gətirilərək istismara verildiyini diqqətə çatdırıb.

Nazirin bildirdiyinə görə, cari ilin əvvəlindən Daşkəsən, Gəncə və Horadiz avtovağzallarının tikintisinə başlanılıb, Yevlax avtovağzal kompleksinin tikintisi isə başa çatdırılaraq istifadəyə verilib: "Çin və Azərbaycan hökumətləri arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Çin tərəfindən ayrılmış texniki yardımlar hesabına ölkədə kommunal xidmət təyinatlı 163 nəqliyyat vasitəsinin gətirilməsi təmin edilib".

Z. Məmmədov məlumat verib ki, 2012-ci ilin 9 ayı ərzində 362,8 kilometr, o cümlədən 77,5 kilometr respublika əhəmiyyətli, 285,3 kilometr yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 11 körpü tikilib. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 kilometrlik hissəsi istismara verilib, bu yolun 50-69 kilometr hissəsinin tikintisi, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M2 Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri həyata keçirilib.

Həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Quba-Qəçrəş, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri aparılıb.
Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu, Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Yevlax-Gəncə, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir və Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilib.

Nazir bildirib ki, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı"na uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilib: "Böyük Şor yol qovşağının üçüncü mərhələsi və Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin layihəsi çərçivəsində uzunluğu 566 metr olan tunel istismara verilib.

Buzovna-Mərdəkan-Qala, Zığ dairəsi-Beynəlxalq Aeroport avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam etdirilməkdədir. Bakı şəhərində 75 kilometr yol əsaslı təmir olunmuş və 5 yeraltı piyada keçidi istismara verilib.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanın icrası olaraq Nəqliyyat Nazirliyinin elektron xidmət portalı yaradılıb və istifadəyə verilib".
 
Sizin Reklam Yeriniz