Əlaqə Arxiv
news Image
2012.10.11
21:02
| A A A
Elman Rustəmov: «Bu il Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 mlrd. dolları ötəcəyi proqnozlaşdırılır»
Bu ilin 9 ayında Azərbaycanın qeyri-neft sektoru 10%-dən artıq yüksəlib və ümumiyyətlə son 4 ildə qeyri-neft sektorunun ÜDM-də payı 5 faiz bəndindən çox artıb.

"APA-ECONOMICS"in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan edib.

E.Rüstəmov bildirib ki, Azərbaycan orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirib. Manatın paritet qiymətlərdə adambaşına düşən ÜDM həcmi 10 min dolları ötüb və bu göstəriciyə görə Azərbaycan dünyanın 100 ölkəsini geridə qoyur.

Ölkənin ticarət və tədiyyə balansının strukturunda da şaxələnməni əks etdirən xarakterik proseslər gedir. İxracın həcmi idxalın həcmindən 3 dəfə böyükdür. Qeyri-neft əmtəə və xidmət ixracı da cari ilin sonuna təxminən 5 mlrd. dollar həcmində gözlənilir. Xidmətlər ixracı da böyüyür və cəmi qeyri-neft ixracının 60%-nə bərabərdir. Tədiyyə balansında ilin sonuna 16-17 mlrd. dollar həcmində profisit gözlənilir, strateji valyuta ehtiyatlarının 50 mlrd. dolları ötəcəyi proqnozlaşdırılır. Strateji ehtiyatlar ÜDM-in 70%-nə çatır ki, bu göstərici üzrə ölkə dünyada ilk 15-likdədir.

E.Rüstəmov bildirib ki, cari ilin 9 ayında investisiyalar 27%, o cümlədən qeyri-neft sektorunda 31% artıb. Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar da artır ki, onun həcmi bu il 1 mlrd. dollar həcmində gözlənilir. Bundan başqa, ötən 9 ayda büdcə xərcləri 27%, o cümlədən investisiya xərcləri 20% artıb. Qeyri-neft vergi daxilolmaları 14% artıb. Büdcə proqnozları tam yerinə yetirilir və profisit müşahidə olunur.

AMB sədri bəyan edib ki, ölkədə məşğulluq səviyyəsi 95% təşkil edir və 2008-ci ilin əvvəlindən 430 mindən çox yeni iş yeri yaradılıb. Təkcə cari ilin 9 ayında 94 min yeni iş yeri açılıb. Əhalinin real pul gəlirləri ötən 9 ayda 12% artıb, 2008-ci ildən isə bu artım 2 dəfə olub.

E.Rüstəmovun sözlərinə görə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. "Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Ölkənin uğurlu böhran qarşılaması təcrübəsi və böyük maliyyə ehtiyatları var. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 8%-ni təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 9 dəfə üstələyir", - deyə baş bankir bildirib.

Mərkəzi Bankın rəhbəri onu da qeyd edib ki, inflyasiya artıq təkrəqəmlidir, orta illik inflyasiya isə cəmi 1,5% təşkil edir. Əmək haqqının artım tempi inflyasiya tempini 7 faiz bəndi üstələyir. Həmçinin bildirilib ki, bu ilin iyun-sentyabr aylarında dünya ərzaq qiymətləri 8% artsa da, ərzağın yerli istehsalının artması hesabına qiymət sabitliyinə müsbət təsir göstərib.

Bank sektoruna gəlincə E.Rüstəmov qeyd edib ki, bankların kapitallaşma səviyyəsi yüksəkdir, risklərə qarşı kifayət qədər ehtiyatlar mövcuddur. Cari ildə bankların kapitalı 18%, son 4 ildə 49% artıb. Bank aktivləri cari ildə 11%, son 4 ildə isə 51% artıb. Bank aktivlərinin qeyri-neft ÜDM-ə nisbəti 65% təşkil edir. Əhalinin müddətli əmanətlərində cari ildə 8%-dən çox artım olub və dünya iqtisadi böhranının başlandığı dövrdən indiyədək əhalinin əmanətləri 2,3 dəfə yüksəlib. Bank aktivlərinin maliyyələşməsində xarici borcun payı son 4 ildə 20%-dən 13%-dək azalıb. Sektorun likvid aktivləri xarici borc öhdəliklərini 100%-dən çox ötür.

E.Rüstəmov bəyan edib ki, bank sektorunun sabitliyi və inkişaf prioritetləri bankların kapitalına tələbin 5 dəfə artırılaraq 50 mln. manata çatdırılmasını zəruri edib. Bu, bankların risklərə dözümlülüyünü, maliyyə vasitəçiliyi dərinliyini və effektivliyini artıracaq: "Bank sektorunun iqtisadiyyatın artan miqyasına uyğunlaşması təmin ediləcək. Kiçik və sağlam bankların isə maliyyə, texnoloji, institusional konsolidasiyasına şərait yaranacaq, onların rəqabət qabiliyyəti güclənəcək".
 
Sizin Reklam Yeriniz