Əlaqə Arxiv
news Image
2015.10.03
08:00
| A A A
Özəl sektor hələ də qiymətli kağızlar bazarından qaçır
Samir Əliyev: “Bank kreditləri ilə müqayisədə maliyyələşrmə baxımından qiymətli kağızlar daha çox üstünlüyə malikdir” Natiq Cəfərli: “Maliyyə ehtiyacların qarşılanmnası üçün qiymətli kağızlardan istifadə etmək dünyada qəbul olunmuş və geniş yayılmış bir praktikadır”

Əksər ölkələrdə bütün biznes strukturları, banklar, hətta bəzi dövlət qurumları maliyyə ehtiyaclarını qarşılamaq üçün qiymətli kağızlardan istifadə edirlər. Xüsusən Qərb dünyasında qiymətli kağızlar vasitəsilə maliyyə cəlb edilməsi işi geniş yayılıb. Şirkətin, bankın ümumi maliyyəsində qiymətli kağızlar və onun satışından əldə olunan gəlirlər mühüm yer tutur.

Azərbaycanda müstəqillik illərindən üzü bəri çoxsaylı özəl şirkətlər yaranıb. Hansı ki, onlar maliyyə cəlb etməyin müxtəlif formalarından yararlana bilərlər. Amma nədənsə, Azərbaycanda fəaliyyət göstərən bu şirkətlər qiymətli kağızlar vasitəsilə maliyyə cəlb edilməsi işinə bu günədək elə də fəal yanaşmırlar. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, ölkəmizdə də özəl sektor qurumları istiqrazlar formasında qiymətli kağızlar buraxa bilərlər.

Amma indiki şəraitdə bunun baş verməməsi şirkətin özünün maliyyə durumu ilə bağlıdır: "Təəssüf ki, Azərbaycanda qiymətli kağızlar bazarı istənilən həddə inkişaf etməyib. Təşkilatlar, sahibkarlar maliyyə cəlb edilməsi qismində həmişə kreditlərə üstünlük verirlər. Ölkəmizdə bu kreditlər də həmişə baha olması ilə seçilib. Bank kreditləri ilə müqayisədə maliyyələşrmə baxımından qiymətli kağızlar daha çox üstünlüyə malikdir. Amma ölkəmizdə az miqdarda şirkətlər ola bilər ki, maliyyə ehtiyaclarının qarşılanmasında bu mənbədən istifadə edir. Yaxşı olardı ki, Azərbaycan şirkətləri də qiymətli kağızlar buraxsınlar, amma bu, gördüyümüz kimi baş vermir. Belə vəziyyətin yaranmasının başlıca səbəbi isə sırf şirkətlərin özünün maliyyə vəziyyətilə bağlıdır. Çünki istiqraz buraxmaq üçün mütləq bir sıra parametrlərə cavab vermək lazımdır. Maliyyə şəffaflığı olmalıdır və maliyyə idarə edilməsilə bağlı müxtəlif prosedurlardan keçmək lazımdır. Məsələn, audit qiymətləndirilməsindən keçmək gərəkdir. Yəni, qiymətli kağızlar buraxmaq üçün təşkilat haqqında dövrü məlumatlar mütləq öz əksini tapır. Azərbaycanda isə şirkətlər öz maliyyə mənbələri haqqında məlumatların açılmasında, bu barədə cəmiyyətin də məlumatlı olmasında maraqlı deyillər. Ona görə də maliyyə ehtiyaclarını ödəmək üçün qiymətli kağızlardan yararlanmaq kimi addıma üstünlük vermirlər. Amma əslində, bu sahə şirkətlərin daha geniş vəsaitə malik olmasında çox mühüm bir sahədir. Şirkətlər istiqraz buraxarsa, bank sektoru ilə müqayisədə daha ucuz resurs əldə edə bilər, həm də insanlarda şirkətin cəmiyyətə açıq olduğu fikri formalaşar".

İqtisadşı-ekspert Natiq Cəfərli bu qənaətdədir ki, şirkətlər qiymətli kağızlar buraxmaq üçün bu prosesdə maraqlı olmalıdırlar: "Əslində, maliyyə ehtiyacların qarşılanmnası üçün qiymətli kağızlardan istifadə etmək dünyada qəbul olunmuş və geniş yayılmış bir praktikadır. Amma təəssüf ki, Azərbaycanda qiymətli kağızlar bazarı bu illər ərzində tam oturuşaraq formalaşmayıb. Ölkəmizdə əhali və biznes subyektlərinin qiymətli kağızlara olan marağı xeyli dərəcədə aşağıdır. Bu da bazarın, dövriyyənin olmamasından irəli gəlir. Amma son zamanlar həm dövlət tərəfindən, həm də özəl şirkətlər tərəfindən sahəyə marağın artması haqqında müxtəlif bəyanatlar səslənir. Sadəcə, bunun üçün birjalar normal fəaliyyət göstərməlidir, necə ki, qonşu ölkələrdə, Rusiya və Qazaxıstanda da bu sahəyə ciddi diqqət yetirilir. Bu ölkələrdə birjaların reytinqi, dərəcəsi gündəlik dövriyyəsi də açıqlanır. Birjaların fəaliyyətini tam bərpa etmədən, onun dövriyyəsi və şəffaflığını açıq şəkildə bəyan etmədən bu sahəyə marağın artırılması mümkünsüzdür. Ona görə də qiymətli kağızlar birjasının fəaliyyəti mütləq bərpa olunmalıdır. Prosesi maraqlı və cəzbedici hala gətirmək lazımdır. Ondan sonra ölkədə qiymətli kağızların buraxılması və dövriyyəsi daha da asanlaşacaq".



Sizin Reklam Yeriniz