Əlaqə Arxiv
news Image
2015.10.05
12:57
| A A A
"SOCAR Georgia"-nın rəhbəri: "Gürcüstanın Rəqabət Agentliyi qeyri-obyektivliyə yuvarlanıb"

SOCAR qurumu məhkəməyə verib, prosesə dünyanın ən güclü hüquq və audit şirkətləri cəlb olunub


"Gürcüstanın Rəqabət Agentliyi öz işində bir balaca qeyri-obyektivliyə yuvarlanıb".

 

Movqe.az-ın məlumatına görə, bunu "SOCAR Georgia" MMC-nin (SOCAR-ın törəmə şirkəti) baş direktoru Mahir Məmmədov "APA-Economics"ə açıqlamasında bildirib.

 

"APA-Economics"in "İyul ayında Gürcüstanın Rəqabət Agentliyi sizin rəhbərlik etdiyiniz şirkəti təxminən 6,5 milyon dollar məbləğində cərimələyib. Qurumun bəyanatından belə çıxır ki, "SOCAR Georgia" yanacaq bazarının digər 4 iştirakçısı ilə birgə kartel sövdələşməsinə gedib. Buna münasibətiniz" sualına M. Məmmədov bu cür cavab verib: "Rəqabət Agentliyi cəmiyyətin çağırışları əsasında yaradılıb. Buna baxmayaraq, hesab edirəm ki, bu qurum öz işində bir az qeyri-obyektivliyə yuvarlanır. Bunun səbəbi də onun çıxardığı qərarlar olub. Burada çox məqamlar var ki, onları sadalamaq istəməzdim. Bunlar bizim kommersiya sirrimizdir. Lakin biz gördük ki, qurum qeyri-obyektivliyə meyllənir və bu barədə Gürcüstan hökumətinə, o cümlədən SOCAR prezidenti Rövnəq Abdullayevə bildirdik. Gürcüstan hökuməti müraciətimizi qəbul edib".

 

M. Məmmədov qeyd edib ki, "SOCAR Gerogia" artıq məsələ ilə bağlı məhkəməyə müraciət edib. "Bizim işimizə bu yaxınlarda baxılacaq. Bu gün biz dünyanın ən güclü hüquq və audit şirkətlərini bu prosesə cəlb etmişik. Bizdə böyük ümid var ki, məhkəmə bizim xeyrimizə qərar verəcək", - deyə baş direktor qeyd edib.

 

Onun sözlərinə görə, "SOCAR Georgia"nın karteldə iştirak etməsi ilə bağlı ittiham "şirkətdə gülünclə qarşılanıb".

 

M. Məmmədov bildirib ki, bu cür ittihamların "sifarişli olduğu da istisna olunmur". "Mən bunu normal sayıram. Hazırda hakimiyyətdə olan hökumət 2012-ci ildə seçkilərdə qalib gələndən sonra bir çox iqtisadi proseslərdən, iri müqavilələrin detallarından xəbərsiz idi. Qısa bir vaxt ərzində bizim çoxlu sayda görüşlərimiz oldu. Əlbəttə, SOCAR kimi böyük investor hakimiyyəti maraqlandırmaya bilməz. Bildiyiniz kimi, biz Gürcüstanın ən iri şirkəti, vergi ödəyicisi, investoruyuq. Bizim 6 mindən artıq əməkdaşımız var. Bizim fəaliyyətimizlə tanış olandan sonra hakimiyyətin narahatlığı, onların məlumatsızlığı yoxa çıxdı. Sizin sualınıza gəldikdə, düşünürəm ki, burada maraqlı tərəflərin də bir sifarişi var. Onlar bəzən fikirləşirlər ki, yanacağın qiyməti həddən artıq şişirdilir. Amma onlar bilmirlər ki, yanacağın qiyməti necə formalaşır. Bilmirlər ki, qiymətin formalaşmasında aksizin, ƏDV-nin, maya dəyərinin payı nə qədərdir. Qeyri-rəsmi sifariş verən dairələrin bütün bunlardan xəbəri yoxdur".

Sizin Reklam Yeriniz