Əlaqə Arxiv
news Image
2015.10.06
08:00
| A A A
Vergi güzəştlərinə yeni yanaşma iqtisadi inkişafı daha da sürətləndirəcək
Fikrət Yusifov: “Çoxsaylı güzəştlər həmişə neqativ halların yaranmasına münbit şərait yaradan bir amildir” Vüqar Bayramov: “Hazırda effekti olmayan güzəştlərin ləğvi daha məqsədəuyğundur”

Maliyyə naziri Samir Şərifov bu günlərdə qeyd edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə vergi və gömrük ödənişləri üzrə tətbiq olunan vergi güzəştləri yenidən baxılaraq məhdudlaşdırıla və yaxud tam ləğv edilə bilər. Bəs vergi güzəştlərinin ləğvi ölkə iqtisadiyyatına nə vəd edir?

Sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov güzəştlərin ləğvinin iqtisadiyyatda olan neqativ halların aradan qaldırılmasında mühüm rolunun olduğunu bildirdi: "Güzəşt əslində, kiməsə kömək etmək, hansısa bir sahənin problemlərinin həllinə yardım göstərmək və ya bütövlükdə bu sahənin işinin yüksəldilməsinə dəstək vermək üçün atılan bir addımdır. Dövlətin hansısa bir məsələdə vətəndaşa və yaxud müəssisəyə etdiyi güzəşt mahiyyəti etibarılə dövlətin həmin vətəndaşa və ya müəssisəyə göstərdiyi yardım deməkdir. Bu baxımdan mən həmişə bütün səviyyədən olan güzəştlərin aradan qaldırılmasının tərəfdarı olmuşam. 1990-cı illərin ortalarında Azərbaycanda müxtəlif səviyyədən olan saysız hesabsız güzəştlər mövcud idi. Həmin dövrdə ölkədə aparılan islahatlara uyğun olaraq biz bir qərarla bu güzəştlərin hamısını ləğv etdik. Güzəştlərin ləğv edilməsi hesabına əhalinin itkilərini isə onların pensiya və əmək haqlarına müxtəlif əlavələr etməklə nizamlaya bildik. Ən düzü də elə bu idi.

Çoxsaylı güzəştlər həmişə neqativ halların yaranmasına münbit şərait yaradan bir amildir. Sadə bir misal. 1990-cı illərin ortalarında ölkəyə kompüter texnikasının gətirilməsi sahəsində bir firma hegomonluq edirdi, heç bir müəssisə onlarla bazarda rəqabət apara bilmirdi. Məsələnin kökünü araşdırmağa başlayanda bəlli oldu ki, bu firma ölkəyə kompüter texnikasının hamısını əlillərin adına açılmış bir müəssisə vasitəsilə gətirir və qanunla əlillərə aid bu müəssisə bütün vergilərdən azaddır. Təbii ki, müvafiq vergiləri ödəmədən gətirilən malların qiyməti vergiləri ödəməklə gətirilən eyni malların qiymətlərindən xeyli ucuz idi. Bu səbəbdən də həmin müəssisə ilə heç kim rəqabət apara bilmirdi.

Əgər dövlət hər hansı bir sahənin inkişafını prioritet hesab edirsə, onda bu sahəyə müxtəlif formalarda birbaşa yardımların edilməsi fikrimizcə, daha düzgün yol hesab edilməlidir".

İqtisadi və Sosil İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bəzi sahələr üzrə güzəştlərin ləğvi və ya məhdudlaşdırılmasını daha məqsədəuyğun hesab etdi: "Ölkədə Nazirlər Kabineti tərəfindən gömrükdə müəyyən mövsümü güzəştlər tətbiq olunur. Vergi ödəmədə də müəyyən güzəştlər var. Amma hələlik Azərbaycanda vergi və gömrük üzrə güzəştlərin dairəsi çox geniş qiymətləndirilmir. Buna görə də güzəştlərin ləğvi dövlətə əlavə vəsaitlərin cəlb edilməsi kimi bir tədbir olsa da, güman edirəm ki, indiki halda bu istiqamətdə güzəştlərin ləğvinə ehtiyac yoxdur. Çünki güzəştlərin müəyyən kateqoriya iş adamları və vətəndaşlara tətbiq edilməsi bəzi hallarda müəyyən kateqoriyalı insanların sosial vəziyyəti nəzərə alınaraq həyata keçirilir. Məsələn, bir sıra hallarda ölkəyə gətirilən taxıl məhsullarının idxalına güzəştlər tətbiq olunur. Burada da əsas məqsəd ölkə daxilində ərzaq təhlükəsizliyinin təmin edilməsinə uyğun olaraq qiymət artımlarının qarşısını almaq və xərci azaltmaqdan ibarətdir. Ona görə də düşünürəm ki, güzəştlərə ayrı-ayrılıqda baxmaq lazımdır. Güzəşt ərzaq təhlükəsizliyi və sahibkarları stimullaşdırmaq məqsədilə tətbiq olunubsa, onlar indilikdə ləğv oluna bilməz. Hazırda effekti olmayan güzəştlərin ləğvi daha məqsədəuyğundur. Amma sahibkarlığın stimulalşdırılması, ölkənin ərzaq təhlükəsizliyinin qorunması, müəyyən kateqoriya insanların sosial təminatının daha da gücləndirilməsilə bağlı təmin edilən güzəştlərin saxlanılması isə daha vacibdir".

Sizin Reklam Yeriniz