Əlaqə Arxiv
news Image
2015.10.07
07:00
| A A A
Dollar geriləməyə başladı
Samir Əliyev: “Son zamanlar Amerikanın makroiqtisadi vəziyyətilə bağlı göstəricilər mənfi xarakter daşıyır” Natiq Cəfərli: “Uçot dərəcəsi üzrə faizin qaldırılması prosesinin ertələnməsi fonunda dollar başqa valyutalara nisbətdə müəyyən qədər zəifləyir”

Son günlər Azərbaycan da daxil olmaqla, əksər ölkələrdə dolların məzənnəsi yerli valyutalara nisbətdə azalmağa başlayıb. Maraqlıdır, bu vəziyyət nədən qaynaqlanır və dolların ucuzlaşması davamlı ola bilərmi?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev dolların məzənnə baxımından ucuzlaşmasını ABŞ-da son zamanlar baş verən iqtisadi amillərlə əlaqələndirdi: "Amerika iqtisadiyyatı ilə bağlı son zamanlar mətbuatda mənfi statistik məlumatlar yer alır. Bu fonda da həmin ölkədə işsizliyin azalması tempi də zəifləyib. İqtisadi artımda zəifləmə var. Neft hasilatı da azalıb. Hasilatın azalması isə adekvat olaraq neftin qiymətini bahalaşdırır. Yəni, son zamanlar Amerikanın makroiqtisadi vəziyyətilə bağlı göstəricilər mənfi xarakter daşıyır.

İşsizliklə bağlı müavinət alanların sayı da bu ölkədə çoxalıb. Bütün bunlar öz növbəsində dolların məzənnəsiən mənfi təsir edir. ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmaq planının bu il baş verməyəcəyilə bağlı fikirlər də dolaşır. Dolların ucuzlaşması fonunda bütün dünyada digər ölkə valyutaların ABŞ puluna nisbətdə mövqeyi bir qədər möhkəmlənir. Azərbaycanda isə dolların ucuzlaşması tendensiyası həm də Mərkəzi Bankın siyasətilə bağlıdır".

Həmsöhbətimiz dolların ucuzlaşmasının davamlı xarakter daşıyacağına da inanmır: "Bu proses qısamüddətlidir və tendensiya xarakteri daşımır. Federal Ehtiyat Sisteminin yumşaldılma proqramının dayandırılmasından sonra dollar bahalaşmağa başlamışdı. Bu fonda da düşünmürəm ki, dolların ucuzlaşması uzunmüddətli tendensiya olsun. Eyni zamanda Çin və Avropa iqtisadiyyatındakı problemlər onu göstərir ki, dollar tezliklə artım tendensiyası nümayiş etdirəcək".

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, dollarla bağlı baş verən tendensiya Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırmaması ilə əlaqədardır: "Hamı sentyabr ayında Federal Ehtiyat Sisteminin uşot dərəcəsini artıracağını gözləyirdi ki, bu da bütün dünyada dolların bahalaşması ilə nəticələnməli idi. Amma bildiyiniz kimi Federal Ehtiyat Sistemi bunu ertələdi. Çox güman ki, cari ilin dekabrında nəhayət uçot dərəcəsinin artırılması istiqamətində addım atacaq.

Hazırda baş verən ertələmə isə bazarda bir qədər canlanma yaratdı və dollarla bağlı gözləntilər özünü doğrultmadığından o başqa valyutalara nisbətdə müəyyən qədər zəifləməyə başladı. Təbii ki, bu ucuzlaşma dünyanın bir çox ölkələrinin valyutalarına təsir etməyə başladı və dolların az da olsa, zəifləməsi prosesilə rastlaşdıq. Azərbaycan manatına nisbətdə də dollar bu əsasda cüzi də olsa ucuzlaşıb. Amma orta və uzun müddət üçün bunun əks vəziyyətinin də şahidi ola bilərik. Çünki, bu ilin sonu, geci isə gələn ilin əvvəlində Federal Ehtiyat Sistemi onsuz da uçot dərəcəsi üzrə faizi artıracaq. Bu da dünyada dolların bahalaşması ilə sonuclanacaq. Dolların güclənməsi isə bütün valyutalara, o cümlədən Azərbaycan manatına da dolların güclənməsi fonunda təsir edəcək. Lakin bu təsirin hansı həddə olacağı Federal Ehtiyat Sisteminin faizləri nə qədər artırmasından asılı olacaq. Ona görə də hazırda dolların ucuzlaşması tendensiyasının davamlı olması ehtimalı zəifdir. Fikrimcə, Federal Ehtiyat Sistemi yumşaq yolu seçəcək və uçot dərəcəsinin cüzi şəkildə faizini artıracaq ki, dolların kəskin bahalaşmasına imkan yaratmasın".

Sizin Reklam Yeriniz