Əlaqə Arxiv
news Image
2015.10.07
20:00
| A A A
Gələn il DSMF aparatının və filiallarının saxlanılmasına 27 mln. manat xərclənəcək

Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında" qanun layihəsi, o cümlədən gələn ilin yaşayış minimumu və ehtiyac meyarı müzakirə olunub.

 

Movqe.az-ın məlumatına görə, iclasda komitə sədri Hadı Rəcəbli bildirib ki, 2006-cı ildə fondun büdcəsi cəmi 567,6 mln. manat idisə, 2011-ci ildə bu rəqəm 1,971 mlrd. manat olub.

 

DSMF sədri Elman Mehdiyev isə qurumun 2016-cı il üçün əsas gəlirlərinin 3 mlrd. 78,6 mln. manat həcmində olmasının planlaşdırıldığını deyib: "Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 milyon manat və ya 0,7% çoxdur. Bu gəlirlərin 64,1%-ini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bunun da məbləği 1 milyard 972,2 milyon manat olmaqla, 2015-ci ilin proqnozlarından 22 milyon manat çoxdur. Gələn il də məcburi sosial sığorta haqları üzrə daxilolmaların proqnozlarının 64,5%-i və ya 1 milyard 272 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Bu da 2015-ci ilin müvafiq göstəricisindən 20,9 milyon manat çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən bu sahə üzrə daxilolmalar 53,5 milyon manat nəzərdə tutulub".

 

Fond sədri qeyd edib ki, növbəti ildə dövlət büdcəsindən ayırmalar, yəni transfertlərin proqnozu 1,1 mlrd. manat səviyyəsində nəzərdə tutulub ki, bu, cari ilin təsdiq olunmuş proqnozu ilə eynidir. "Digər gəlirlər üzrə daxilolmalar isə 6,4 milyon məbləğində proqnozlaşdırılır", - deyə E. Mehdiyev bildirib.

 

Qurumun 2016-cı il üçün xərclərindən danışan DSMF sədri bildirib ki, növbəti ildə əhaliyə ödənişlər 3 mlrd. 11,2 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 22 mln. manat və ya 0,7% çoxdur: "Əmək pensiyalarının ödəniş xərcləri əhaliyə edilən ödənişlərin 97,12%-ini təşkil edəcək. 2016-cı ildə bu sahədəki proqnozlar bu ilə nisbətən 0,4% və ya 13,1 milyon manat artımla, başqa sözlə 2 milyard 923,6 milyon manat həcmində nəzərdə tutulub. Gələn il məcburi sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclər 2015-ci ilə nisbətən 11,3% və ya 8,9 milyon manat çox olmaqla, 87,6 milyon manat məbləğində proqnozlaşdırılır".

 

Onun sözlərinə görə, növbəti ildə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqları xərcləri 20 milyon manat olacaq.

 

"DSMF aparatının və filiallarının saxlanılması xərclərinin proqnozu gələn il üçün 27 milyon manat həcmində nəzərdə tutulub", - deyə E. Mehdiyev qeyd edib.

 

Müzakirələrdən sonra hər üç məsələ komitə tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sizin Reklam Yeriniz