Əlaqə Arxiv
news Image
2015.10.11
10:30
| A A A
Azərbaycanda tikintisi başa çatmamış daşınmaz əmlakın ipoteka ilə alınması mümkün olacaq

"ASAN xidmət" tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının əvvəlcədən qeydiyyatı barədə arayış verəcək


Azərbaycanda tikintisi başa çatdırılmamış daşınmaz əmlak ipoteka ilə alınması mümkün olacaq.

 

Movqe.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"da əksini tapıb.

 

 

Təlimatla müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinindəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə əvvəlcədən qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının əvvəlcədən qeydiyyatı və tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə əvvəlcədən dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış veriləcək. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində əvvəlcədən qeydiyyata alınmış hüquqların yüklülüyü barədə ipotekasaxlayana reyestrdən arayış veriləcək.

 

Arayışı əldə etmək üçün hüquq sahibi Xidmətin ərazi idarələrinə ərizə ilə müraciət etməlidir. Hüquq sahibi fiziki şəxs olduqda ərizəyə şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surətini nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni və şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. Bələdiyyələr bələdiyyənin sədri tərəfindən imzalanmış və möhürlənmiş ərizə və bələdiyyənin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidirlər. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. "ASAN xidmət" mərkəzlərində arayışın verilməsi üçün ərizənin qəbulu və arayışın verilməsi həmin mərkəzlərdə fəaliyyət göstərən Xidmətin ərazi idarələrinin işçiləri tərəfindən həyata keçirilir. Daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının  yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir.

 

Arayışda hüquq sahibinin adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı, hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı), daşınmaz əmlak obyektinin növü, ünvanı (olduğu yer), hüququn qeydə alındığı reyestr kitabının və vərəqinin nömrəsi, mülkiyyətçilər haqqında məlumat (hüquq sahibinin adı, payı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi), hüquq müəyyənedici sənəd haqqında məlumat (sənədin adı, sənədi verən təşkilatın adı, sənədin nömrəsi və sənədin tarixi), daşınmaz əmlakın təsviri, torpaq sahəsi haqqında hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), kateqoriyası, məqsədli istifadəsi, su obyekti həcmi, torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), mənzilin yerləşdiyi binanın tikildiyi il, mərtəbəliliyi, mənzilin mərtəbəsi, yaşayış otaqlarının sayı, yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), ümumi sahəsi (kv.m), fərdi yaşayış evi haqqında  liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter, mərtəbəliliyi, tikintialtı sahəsi (kv.m), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha), bağ evi və yaşayış evləri haqqında məlumat (liter, tikildiyi il, mərtəbəliliyi, yaşayış otaqlarının sayı, ümumi sahəsi (kv.m), yaşayış sahəsi (kv.m), yardımçı sahəsi (kv.m), həyətyanı tikililər haqqında məlumat (liter (sıra №-si), mərtəbəliliyi, təyinatı (adı), tikintialtı sahə (kv.m), cəmi), torpaq sahəsi haqqında məlumat (hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi (ha) əksini tapacaq.

 

Hüquq sahibinin yazılı və ya elektron sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə verdiyi arayışlar (məlumatlar) barədə yazılı və ya elektron bildiriş  sorğu verildiyi gün iş vaxtı ərzində Xidmətin ərazi idarəsi tərəfindən hüquq sahibinə verilməlidir.

Sizin Reklam Yeriniz