Əlaqə Arxiv
news Image
2015.10.13
09:00
| A A A
Azərbaycan məhsulları Fars körfəzinə də ixrac olunacaq
Hindistandan Avropayadək yükdaşımalarının həm vaxt, həm də maliyyə baxımından daha sərfəli şəkildə həyata keçirilməsində Azərbaycanın rolu artacaq

İxrac marşrutlarının şaxələndirilməsi istiqamətində Azərbaycanın atdığı addımlar öz yüksək nəticələrini verməkdə, ölkənin bu sahədə daha çevik siyasət yürütməsinə təkan verməkdədir. Eyni zamanda Azərbaycanın atdığı addımlar ölkəmizin ərazisindən tranzit məqsədilə istifadə edilməsi baxımından da bir çox dövlətlər üçün əlverişli şərait yaradır.

Qeyd edilən fonda ölkəmizin cənub qonşumuz üçün əhəmiyyəti getdikcə artır. İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi bildirir ki, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi digər alternativ beynəlxalq nəqliyyat dəhlizləri ilə müqayisədə çox sərfəlidir. Nazir qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi və iki ölkənin tranzit xətlərinin birləşdirilməsi ilə Hindistandan Avropayadək yükdaşımalarının həm vaxt və həm də maliyyə baxımından daha sərfəli şəkildə həyata keçirilməsinə şərait yaranacaq. M.Vaizi bildirib ki, bu xüsusda oktyabrın 9-da Astaradakı (Azərbaycan) görüş çox səmimi atmosferdə keçdi və faydalı müzakirələr oldu. Sevindirici haldır ki, İran ilə Azərbaycan arasındakı əlaqələr bu gün çox yüksək səviyyədədir.

M.Vaezi, həmçinin qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ölkələrimizin milli maraqlarına cavab verir: "Bu dəhliz vasitəsilə İrandan çıxan yüklər Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq. Azərbaycan tranzit daşımalardan gəlir əldə etməklə yanaşı, öz yüklərini də Fars körfəzi məntəqəsinə çatdıra biləcək". Beləliklə, İran məhsullarının Rusiya və Avropaya daşınmasında Azərbaycan əsas tranzit məkana çevrilir. Eyni zamanda ölkəmiz Fars körfəzi məntəqəsinə məhsul ixracında əlverişli marşrut qazanır. Azərbaycan randan Fars körfəzi, Oman dənizinə çıxış və dünya ölkələrinə keçid üçün istifadə edə bilər.

Bununal yanaşı, rəsmi Tehran Azərbaycanın enerji infrastrukturlarından istifadə etmək barədə təklifini nəzərdən keçirir. Xatırladaq ki, İran qaz ehtiyatlarının həcminə görə dünyada ikinci yeri tutur. Avropa dövlətləri də İrandan qaz almaq istəyir ki, bu da rəsmi Tehrana mavi yanacaq ixrac etmək imkanı yaradır. Buna görə də Azərbaycanın "Transanadolu" (TANAP) və "Transadriatik" (TAP) layihələrində İranın da iştirakı ilə bağlı təklifi ciddi şəkildə araşdırılır. "Moody’s" beynəlxalq reytinq agentliyinin bu xüsusda hesabatında qeyd olunur ki, nüvə sövdələşməsi, o cümlədən bu sövdələşmə ilə bağlı iqtisadi və maliyyə sanksiyalarının ləğvi Azərbaycana qonşu İranla xarici ticarət və investisiya sahəsində dönüş etmək imkanı yaradır. Hesabata əsasən, bu yeni ticarət və investisiya imkanları nüvə sövdələşməsi hesabına yaranmış mənfi balans təsirlərini, qismən də olsa, kompensasiya edə bilər: "Çünki nüvə sövdələşməsi həyata keçirirlərsə, bu, İrana neft bazarına yenidən qayıtmağa imkan verəcək. Bu proses Azərbaycan neftinin qiymətinin aşağı düşməsinə və neftdən əldə etdiyi gəlirlərə mənfi təsir edəcək. Azərbaycan sanksiyaların aradan qaldırılmasından sonra qonşu İranla ticarət əlaqələrini gücləndirə və yatırılan investisiyalar hesabına mənfəət əldə edə bilər. 78 milyonluq əhalisi olan və 2014-cü ildə dünya üzrə ən yüksək ÜDM göstəricisinə görə 18-ci yerdə qərarlaşan İran Yaxın Şərq, MDB regionunda Rusiya və Səudiyyə Ərəbistanından sonra ən böyük iqtisadiyyata malik üçüncü ölkə olmaqla, nisbətən kiçik Azərbaycan iqtisadiyyatına mühüm ticarət və investisiya imkanları təklif edir". Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Tehran Bakı ilə enerji əlaqələrini inkişaf etdirmək istəyir. İran tərəfi Azərbaycana təklif edib ki, öz neftini Fars körfəzinə də nəqli etsin. İranın neft naziri Bijən Namdar Zəngənə bundan əvvəl deyib ki, hökumət Azərbaycan neftinin Fars körfəzi regionuna "svop" şərtlərlə tədarükünü həyata keçirməyə hazırdır. Azərbaycan öz neftini Tehren Neft Emalı Zavoduna nəqli edə, əvəzində Azərbaycan İranın cənub sərhədlərindəki nefti əldə edə bilər. Bütün bunlar isə intensiv araşdırma mərhələsindədir və tərəflərin əməkdaşlığının daha da genişlənməsi gözlənilir.





Sizin Reklam Yeriniz