Əlaqə Arxiv
news Image
2015.10.13
10:15
| A A A
İlham Əliyev: Mövcud vergidən azadolmalar və güzəştlər sisteminə yenidən baxılmalıdır

"İlin sonuna iki ay yarım vaxt qalır. Əminəm ki, ilin sonuna qədər görüləsi bütün işlər icra olunacaq və biz 2015-ci ili yaxşı göstəricilərlə başa vuracağıq".

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman deyib.

Dövlət başçısı bildirib ki, makroiqtisadi sabitliyin qorunması gələn il də prioritet olaraq qalacaq:

"Çünki bu, çox vacib sahədir. Hər bir ölkənin makroiqtisadi sabitliyi əsas şərtdir. İslahatlar daha da dərinləşməlidir. İqtisadi islahatlar nəticəsində artıq böyük işlər görülüb. Bunu beynəlxalq qurumlar da qeyd edir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı yenə də çox yüksək pilləyə layiq gördü. Ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 40-cı yerdədir. MDB məkanında yenə də birinci yerdədir və bu, əslində görülən işlərin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, iqtisadi islahatları daha da dərinləşdirək və iqtisadiyyatı liberallaşdırmaq üçün əlavə tədbirlər görək.

"Fitch" reytinq agentliyinin də yüksək qiyməti bizi sevindirir. Bu, ədalətli yanaşmadır. Azərbaycanda görülən işlərin nəticəsidir ki, "Fitch", - baxmayaraq, bölgədə iqtisadi-maliyyə böhranı davam edir və dərinləşir, - Azərbaycana iqtisadi sahədə 3B investisiya reytinqini vermişdir. 3B reytinqi çox yüksək nəticədir. Ancaq biz çalışmalıyıq ki, daha da yüksək reytinqlərə nail olaq. Hesab edirəm ki, görüləcək əlavə tədbirlər nəticəsində biz buna da nail olacağıq.

Maliyyə nizam-intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməlidir. Bəzi hallarda dövlət qurumları Maliyyə Nazirliyinə təkidlə müraciət edirlər ki, əlavə vəsait ayrılsın. Bu da yığışdırılmalıdır. İndi biz imkanımız nəyə çatırsa, onu da edirik. Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır və məhz bu siyasət bizi bütün mümkün olan iqtisadi risklərdən qorudu. Çünki əgər biz qazandığımızdan daha çox xərcləsəydik indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi. Ona görə, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır, bu tapşırıqlar verilmişdir. Bununla bərabər, vacib olan bütün layihələrə kifayət qədər vəsait ayrılacaq".

İlham Əliyev bildirib ki, büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir.

Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Daha çox büdcəyə vəsait toplaya bilərlər. Belə imkanlar, ehtiyatlar var. Həm vergi, həm gömrük orqanlarına müvafiq göstərişlər verilmişdir ki, gələn il bu ehtiyatları aşkarlasınlar və büdcəyə əlavə vəsait toplasınlar. Əlbəttə ki, vergi bazası genişləndirilməlidir. Bunu hamımız yaxşı bilirik ki, imkanlar kifayət qədər genişdir. Sahibkarlar da vergiləri verməlidirlər, dövlətin vergisini hər kəs, hər bir sahibkar tam şəkildə ödəməlidir. Əfsuslar olsun ki, bizdə vergivermə mədəniyyəti hələ ki, tam oturuşmayıb.

Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır. O ki qaldı Dövlət Neft Fondundan ənənəvi transfertlərə, o transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir".

Dövlət başçısı deyib ki, mövcud vergidən azadolmalar və güzəştlər sisteminə yenidən baxılmalıdır: "Bu praktika bizdə var. Biz bu praktikanı yerli istehsalı stimullaşdırmaq, yeni müəssisələrin yaradılması və xaricdən gətirilən avadanlıqları burada quraşdırmaq üçün tətbiq etmişik. Hesab edirəm ki, bu işlərə artıq yenidən baxılmalıdır. İxracyönümlü qeyri-neft sektorunun inkişafı o cümlədən vergi mexanizmləri vasitəsilə stimullaşdırılmalıdır".


Sizin Reklam Yeriniz