Əlaqə Arxiv
news Image
2015.10.14
11:00
| A A A
Azərbaycanı beynəlxalq tranzit mərkəzinə çevrilir
Bu, həm ölkənin tranzit yükdaşımalardan böyük gəlir götürməsi, həm də əlverişli ixrac imkanın yaradılması deməkdir

Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisi getdikcə artmaqda, ümumi daxili məhusulun formalaşmasında əsas rolu məhz bu sahə oynamaqdadır. Bunu cari ilin ilk 9 ayının sosial-iqtisadi yekunları da aydın şəkildə nümayiş etdirir. Qeyd edək ki, bu dövrdə qeyri-neft sektorunun real artım tempi 6.4 faiz təşkil edib. Özü də məhz bu sektorun inkişafı hesabına 9 ayda ümumi iqtisadi artıma nail olunub. Ümumilikdə, qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artıb və qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 68.8 faizə çatıb.

Azərbaycan üçün bütün bunlar kifayət qədər yüksək göstəricidir və ölkə iqtisadiyyatının neft sektorundan asılılığının tədricən aradan qalxdığını göstərir. Özü də bütün bunlar enerji bazarında karbohidrogen resurslarının qiymətinin sürətlə azaldığı bir dövrə təsadüf edir. Digər tərəfdən, Azərbaycanın əsas ticarət partnyorlarının milli valyutalarının ucuzlaşması, Yaxın Şərqdə gərginliyin artması, eləcə də dünya maliyyə bazarlarındakı çətinliklər fonunda ölkəmizin qazandıığ uğurlar həqiqətən də müstəsna əhəmiyyət kəsb edir. Proseslər göstərir ki, Azərbaycan qeyri-neft sektoru hesabına iqtisadi sahədə nailiyyətlərini daha da yüksəldə biləcək.

Hazırda xüsusi diqqət mərkəzində olan məsələlərdən biri isə Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi və bu istiqamətdə daha böyük gəlir götrülməsidir. Artıq qeyd olunan səpkidə genişmiqyaslı işlər görüldüyünü söyləmək mümkündür. Məsələn, məlumdur ki, cari ilin avqust ayında Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana birinci konteyner qatarı gəlib. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı çox yaxşı nəticələr var və bu da Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini daha da artıracaq.

Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxıış zaamnı isə Prezident İlham Əliyev bu xüsusda qarşıya konkret vəzifələr qoyub: "Nəqliyyat sektoru gələcək inkişafımız üçün çox mühüm əhəmiyyət kəsb edir. Həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçməlidir. Bu gün Azərbaycan ərazisindən yük daşımaları aparılır, ancaq bəzi hallarda yüklərin həcmi azalır. Bunun obyektiv səbəbləri var. İndi biz onu da qeyd etməliyik. İndi dünyada böhran yaşanır, həm Asiyada, həm Avropada, ümumiyyətlə, iqtisadi fəallıq böyük dərəcədə aşağı düşüb. Asiya, Avropa bizim ərazimiz vasitəsilə ticarət aparır. Ona görə, obyektiv səbəblər də, subyektiv səbəblər də var.

Biz son illərdə çalışmışıq ki, Azərbaycanda nəqliyyat, logistika mərkəzini yaradaq və buna böyük dərəcədə nail ola bilmişik. Yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yeni yük təyyarələri alınmışdır. Azərbaycanda bir neçə beynəlxalq aeroport tikilmişdir. Dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görülür. Bizi qonşu ölkələrlə bağlayan avtomobil yolları tikilmişdir. Əfsuslar olsun ki, hələ bu layihələr tam başa çatmayıb. Ancaq onların böyük hissəsi görülübdür. Əlbəttə yeni Beynəlxalq Dəniz Ticarəti Limanı tikilir. Bu da Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq". Dövlət başçısı onu da vurğulayıb ki, Şimal-Cənub dəhlizi ölkəmizə çox böyük iqtisadi mənfəət gətirəcək: "Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, əfsuslar olsun ki, hələ başa çatmayıb. Halbuki bu layihənin başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi, Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də görüləcəkdir. Biz bu yolu tezliklə işə salmalıyıq. Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcəkdir. Digər məsələ ondan ibarətdir ki, biz gərək gedək o yükləri gətirək. Biz gərək deyək ki, gəlin Azərbaycan ərazisindən keçin. Ona görə, burada bu iki amil çox ciddi məna daşıyır. Əminəm ki, burada qarşıya qoyduğum vəzifələr tezliklə öz həllini tapacaq". Beləliklə, qarşıya qoyulan vəzifələr və indiyə qədər görülən işlər Azərbaycanı beynəlxalq tranzit məkanına çevrildyini göstərir. Bu, həm ölkənin tranzit yükdaşımalardan böyük gəlir götürməsi, həm də əlverişli ixrac imkanın yaradılması deməkdir.

Qeyd edək ki, Azərbaycan üçün artıq prioritet məsələ qeyri-reft sahəsində ixrac həcminin artırılmasıdır. Artıq bu, hökumət qarşısında konkret vəzifə kimi qoyulub. Müəyyən nailiyyətlər də var. Məsələn, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində Qazaxıstanın Aktau şəhərində kənd təsərrüfatı və digər qida məhsullarının saxlanmasını və satışını təmin edəcək logistik mərkəzi hazırdır. Bu ilin noyabr ayından etibarən logistika mərkəz vasitəsilə Azərbaycanda istehsal olunan meyvə, tərəvəz və digər qida məhsulları Qazaxıstanın qərb regionlarına ixrac olunacaq. Digər regionlarda da belə logistik mərkəzlərin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Qefri-neət sektorunda dinamik artım isə artıq bu sahədə istehsal olunan daha çox məhsulun ixrac olunması deməkdir.



Sizin Reklam Yeriniz