Əlaqə Arxiv
news Image
2015.10.14
07:00
| A A A
İqtisadiyyatın neftdən asılılığına son qoyulacaq
Fikrət Yusifov: “Dövlət sahibkarlığın inkişafına əngəl ola biləcək məqamların aradan qaldırılması istiqamətində sistem xarakterli islahatlara geniş yer verir”

Oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Prezidenti İlham Əliyev qeyri-neft sektorunun prioritet olduğunu bir daha vurğuladı. Prezident bu fonda sahibkarlıq fəaliyyətində ortaya çıxan nöqsanlardan danışdı. O bildirdi ki, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır: "Yəni, başqa sözlə, onlardan rüşvət tələb, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır. O ki qaldı Dövlət Neft Fondundan ənənəvi transfertlərə, o transfertlər ancaq investisiya layihələrinə yönəlməlidir".


Beləliklə göründüyü kimi, Preziden bütün cari xərclərin qeyri-neft sektoru, vergi və gömrüyün hesabına formalaşdırılmasını vəzifə kimi ortaya qoyur. Mövzu ilə bağlı "Ekonomiks" BİAB-ın sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, bütün dünyada iqtisadi və maliyyə tənəzzülünün baş verdiyi, neftin qiymətlərinin iki dəfədən çox aşağı düşdüyü bir dövrdə neft ölkəsi hesab olunan Azərbaycan qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın 3,7% artımına nail olub: "Bu, o deməkdir ki, hökumətin ölkə iqtisadiyyatının diversifikasiyası məqsədilə atdığı addımlar öz real nəticələrini verir. Bu ilin 9 ayının bütün sosial-iqtisadi göstəriciləri pozitiv qiymətləndirməyə uyğundur.

Qeyri-neft sektorunun inkişafı on ildən artıqdır ki, hökumətin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Nəticələr göz qabağındadır. Prezidentin dediyi kimi, ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Bu, kifayət qədər ciddi bir nəticədir. Burada ən mühüm məsələ bundan sonrakı dövrdə qeyri-neft sektorunun inkişafına nail olmaqla yanaşı, bu sahədə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artırmaq yolu ilə onların xaricə ixracını təmin etməkdən ibarətdir. Son 5 ildə bu sahədən ixracın artımında kifayət qədər ciddi irəliləyişlər əldə olunsa da, istehsal olunan məhsulların bir qayda olaraq ölkənin daxili ehtiyaclarının ödənilməsinə yönəldilməsi onların ixracı ilə bağlı məsələləri bir qədər arxa plana çəkmişdi. Digər tərəfdən, bu yolla biz bir çox məhsullara olan təlabatımızı yerli istehsal hesabına təmin edə bilmişik ki, bunun da nəticəsində ölkəyə həmin məhsulların idxalı xeyli azaldı. Bu gün artıq dövlət səviyyəsində qeyri-neft sektorunda istehsal olunan məhsulların ixracının stimullaşdırılması istiqamətində ciddi addımlar atılır. Nazirlər Kabinetinin keçirilən son toplantısında Prezidentin dediyi fikirlər bunu bir daha təsdiq edir: "Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın". Məsələnin belə qoyluşu qeyri-neft sektorundan ixracın artırılmasına dövlət səviyyəsində hansı önəmin verildiyinin əyani göstəricisidir"".

Fikrət Yusifov qeyd edib ki, qeyri-neft sektorunda yüksək nəticələrin əldə edilməsi ölkədə sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılmasından çox asılıdır. Son illər ərzində dövlət tərəfindən belə bir mühitin formalaşdırılması üçün kifayət qədər ciddi addımlar atıldığını deyən iqtisadçı hesab edir ki, sahibkarlığın inkişafına bu səviyyədə dövlət dəstəyinə çox nadir ölkələrdə rast gəlinir: "Dövlət sahibkarlığın inkişafına əngəl ola biləcək məqamların aradan qaldırılması istiqamətində də sistem xarakterli islahatlara geniş yer verir. Süni əngəllərin aradan qaldırılması üçün lazım olan bütün tədbirlər görülür. Doqquz ayın yekunlarına həsr olunmuş müşavirədə Prezident ölkədə sahibkarlığın inkişafına əngəl olan bütün məqamları ciddi şəkildə tənqid edərək onların aradan qaldırılması və sahibkarlığın yüksək səviyyədə inkişafına nail olunması üçün aidiyyatı qurumlara konkret tapşırıqlar verdi. Hökumətin ölkədə qeyri-neft sektorunun inkişafı üçün müəyyən etdiyi kursla son illər ərzində əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, yaxın bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neftdən asılılığı məsələsi gündəmdən çıxacaq".



Sizin Reklam Yeriniz