Əlaqə Arxiv
news Image
2015.10.15
08:00
| A A A
Sahibkarlar üçün yoxlama problemi aradan qalxır
Vüqar Bayramov: “Yoxlamaların sayının az olması sahibkara daha həvəslə işləməyə, fəaliyyətini genişləndirməyə imkan verəcək”

Prezident Ilham Əliyev Nazirlər Kabinetinin iclasında bildirdi ki, biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacaq: "Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünür ki, yoxlamaların sayının az olması sahibkara daha həvəslə işləməyə, fəaliyyətini genişləndirməyə imkan verəcək: "Yoxlamaların həddən artıq olması, eləcə də yersiz müdaxilələr Azərbaycanda sahibkarlıq mühitinin inkişafını əngəlləyən əsas faktorlardan biridir. Onu nəzərə alaq ki, yoxlamalar birmənalı şəkildə sahibkarlar üçün əlavə xərclərin yaşanması deməkdir. Bəzi hallarda bir-birini təkrarlayan dövlət qurumları, ümumiyyətlə, sahibkarlıq fəaliyyətini yoxlamaq hüququ olmayan belə səlahiyyətin verilmədiyi dövlət qurumları sahibkarlıq fəaliyyətini yoxlamaqla məşğuldur. Bu da nəticədə sahibkarlar üçün əlavə xərclərə gətirib çıxarır. Belədə bir tərəfdən sahibkar zaman baxımından itirir, çünki yoxlamalar vaxt itkisi deməkdir. Bu zaman əlavə xərclər də çəkilir. Ona görə də yoxlamaların sayının azaldılması, yersiz yoxlamaların ləğvi sahibkarlara bir sıra üstünlüklər verəcək. Bu üstünlük ondan ibarət olacaq ki, sahibkar praktik olaraq vəsaitə, vaxta qənaət edəcək, əlavə ödənişlər olmayacaq, onların iş fəaliyyəti yoxlanan dövlət qurumu tərəfindən dayandırılmayacaqdır.

Ən əsası da odur ki, yoxlamaların azalması fonunda sahibkar öz gəlir və xərclərini, fəaliyyətini proqnozlaşdıra biləcək. Onlar fəaliyyətləri ilə bağlı daha aydın fikrə və planlaşdırmaya malik olacaqlar. Yəni, süni maneə və həddən artıq olan yoxlamaların aradan qaldırılması birmənalı şəkildə sahibkara imkan verəcək ki, öz fəaliyyətini genişləndirsin, investisiya imkanlarını artırsın. Sahibkarlıqla bağlı vergi yoxlamaları və Əmək Məcəlləsi tərəfindən aparılan yoxlamalar qalmalıdr. Çünki sahibkarın da vəzifəsi vergiləri verməkdir. Digər yoxlamaların sayı isə tədricən azaldılmalıdır.

Problem ondadır ki, bir sıra hallarda qanunda olmayan yoxlamalar həyata keçirilir. Bəzi məqamlarda yoxlama hüququ olmayan dövlət qurumları da sahibkarlıq fəaliyyətini yoxlayır. Həmin qurumların yoxlamalarına ümumiyyətlə, icazə verilməməli, onların sahibkarlıq fəaliyyəti aparılan əraziyə daxil olmasına qadağa qoyulmalıdır. Ümumiyyətlə, bu sahədə sərt qanunların qəbuluna ehtiyac vardır".






Sizin Reklam Yeriniz