Əlaqə Arxiv
news Image
2015.10.15
11:00
| A A A
Dünya iqtisadiyyatında yeni böhran dalğası
Cavid Əzimov: “Böhranın üçüncü dalğası Azərbaycana ciddi təsir göstərməyəcək” Ruslan Atakişiyev: “Dünyada ölkələr arasında iqtisadi, maliyyə inteqrasiyası çox kəskinləşib”

Dünyada ən iri investisiya banklarından biri olan "Goldman Sachs"ın analitikləri, ABŞ-da daşınmaz əmlak və investisiya banklarının çökməsi ilə 7 il əvvəl başlayan maliyyə fəlakətinin üçüncü mərhələsinə girdiyini bildirib. Qeyd olunur ki, sözügedən dalğa əmtəə qiymətlərinin minimum səviyyələrə enməsi, Çin və digər inkişaf edən bazar iqtisadiyyatlarında inkişafın ləngiməsi və inflyasiyanın qlobal olaraq aşağı düşməsilə xarakterizə olunur.

İqtisadçı analitik, iqtisad elmləri namizədi Cavid Əzimov bildirir ki, böhranın üçüncü dalğası Azərbaycana ciddi təsir göstərməyəcək: "Böhran dünyanın bütün növ aktivlərinə, eləcə də neft qiymətlərinə mənfi istiqamətdə təsirsiz ötüşməyib. Dünya maliyyə tarixinin ən yaxşı tədqiqatçılarından biri olan iqtisadçı-alim N.D.Kondratyev iqtisadi tsikilərin bu günə qədər ən dəqiq variantını yazıb. Onun fikrincə iqtisadi tsikllər 25-30 il artım, 18-25 il tənəzzül ilə davam edir. Hazırda 2008-ci ildə başlayan böhran tsiklini düşünsək, bu tənəzzül dövrü təxminən 2026-2033-cü illərdə bitəcəyini söyləmək mümkündür.Yəni, biz böhranın hələ ki, başlanğıcına yaxınıq.

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcələrini artırmağa tələsməməsi də böhranın pik nöqtəsinə çatmadığını göstərir. ABŞ-da uçot dərəcələri 7% qədər artırıla bilər. Bu zaman dollar digər valyutalarla müqayisədə özünün ən möhkəm həddinə çatacaq. Bu vəziyyət təxminən 2023-2025-ci illərdə gözlənilir. Bu vaxta qədər neft qiymətləri də daxil heç bir aktivin qiyməti yüksəlməyəcək, dünyada likvidlik problemi artacaq. Azərbaycanda isə 10 il ərzində neftin qiyməti artmayacağından iqtisadi artımı dəstəkləyən paketlər düşünülməlidir. Paketin ilkin addımı manatın "üzən məzənnə"yə sərbəst şəkildə buraxılması olmalıdır. Bu halda qiymətlər bir qədər real səviyyəyə enər və əhalinin yığımları iqtisadiyyata yönələr.

Daşınmaz əmlak qiymətləri dollar ifadəsində yaxın illərdə daha 2 dəfə azalacaq. Çünki, hazırki qiymətlər neftin qiyməti 130 dollar səviyyəsinə uyğundur. Hazırda baş verənlər isə normaldır, iqtisadi tsikllərin qanunauyğunluğudur. Azərbaycan yaxın 10 ildə Neft Fondunun və valyuta ehtiyatlarını ehtiyatla xərcləməlidir".

İqtisaidi Resursların Araşdırılması Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, bu gün dünyada ölkələr arasında iqtisadi, maliyyə inteqrasiyası çox kəskinləşib: "Bunun nəticəsində də Azərbaycan iqtisadiyyatının inkişafına xarici və daxili proseslər təsir göstərir. İqtisadiyyata xüsusən də qlobal proseslər təsir edir. Hazırda dünya iqtisadiyyatında geosiyasi gərginliklərin artması fonunda iqtisadi aktivliyin zəif olması gözlənilir. Həmçinin, dünyada ticarət, məzənnə, valyutalar üzrə də ölkələr arasında münasibətlər kəskinləşib.

Eyni zamanda qlobal iqlim dəyişikliyi də ərzaq təhlükəsizliyinə təsir edir ki, bu da Azərbaycandan yan keçmir. Regionda baş verən proseslər də ölkənin iqtisadi durumuna təsirsiz ötüşmür. Ona görə də ölkədaxili iqtisadi stabilliyin qorunması istiqamətində iqtisadi təhlükəsizlik, xüsusən də ərzaq təhlükəsizliyi məsələlər önə çıxır. Bu fonda ölkədə iqtisadi təhlükəsizlik ilə bağlı olan strategiyalar daha da təkmilləşdirilməlidir. Dünya ölkələri artıq böhranlı vəziyyətə qarşı strategiyalar işləyirlər. Azərbaycanda da böhranlı vəziyyətə uyğun strategiyaların işlənməsi mütləqdir. Böhranlı vəziyyət dedikdə bizdə adətən iqtisadi geriləmə başa düşülür. Ancaq belə deyil. Bu gün dünya iqtisadiyyatında böhranlı vəziyyətin olması normal haldır. Ona görə də hər bir ölkənin bütün inkişaf istiqamətlərində böhranlı vəziyyətlə bağlı hazır strategiyası olmalıdır".

Sizin Reklam Yeriniz