Əlaqə Arxiv
news Image
2015.10.15
11:10
| A A A
Valyuta məzənnələri müharibələri kəskinləşir
Natiq Cəfərli: “Çoxçeşidli ixracata malik olan ölkələrdə milli valyutalar nə qədər aşağı kursda olursa, onlar öz mallarını dünya bazarında daha asan satmaq imkanı qazanırlar”

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentdə etdiyi çıxışda deyib ki, dünyada geosiyasi və geoiqtisadi gərginliklər artıb. Ticarət və valyuta məzənnələri müharibələri kəskinləşib.

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, müasir dünyada əsasən də ixracatçı ölkələr öz valyutalarının məzənnəsini aşağı salır ki, dünya bazarında daha ciddi rəqabət aparmaq gücündə olsun və ixracatçılar üçün münbit şərait yaransın: "Çoxçeşidli ixracata malik olan ölkələrdə milli valyutalar nə qədər aşağı kursda olursa, onlar öz mallarını dünya bazarında daha asan satmaq imkanı qazanırlar. Son zamanlar Çində baş verən proseslər bunun əyani sübutudur. Çin yuanı "valyuta müharibələri"nin sanki qızışmasına səbəb oldu. Yuan qısa zamanda 3 dəfə, hər dəfə də 2-3 faiz civarında dəyərdən düşdü. Yuanın dəyərdən düşməsi isə müəyyən dərəcədə Çin ixracatçılarına dəstək olmağa xidmət edirdi. Bu fonda Çinə qonşu ölkələr, Yaponiya, Tayvan, Filippin, Malaziyada da milli valyutaların dollara nisbətdə dəyərdən düşməsinə özləri rəvac verdilər. Onlar da bu addımı məhz rəqabətə davam gətirə bilmək üçün atdılar.

Ümumiyyətlə, "valyuta müharibələri"həmişə olub. Sadəcə, müasir dünyada bu müstəvidə aparılan müharibə daha da kəskinləşdiyindən ölkələr məzənnə fərqlərindən sonadək istifadə etməyi planlaşdırırlar. Azərbaycan manatı da bu proseslərdən dolayısı ilə öz nəsibini alır. Dünyada gedən proseslər, dünyanın əsas valyutalarının bir-birinə olan məzənnələri Azərbaycan manatına da təsir edir. Mərkəzi Bankın hər gün Azərbaycan manatının avro və dollara nisbətdə məzənnəsini bazarlarda bu valyutaların bir-birinə qarşı olan münasibətinə görə müəyyənləşdirir. Ona görə də bəzi günlər avro, bəzən də dollar manata nisbətən cüzi də olsa, oynamalara səbəb olur.

Ticarət və valyuta müharibələri kəskinləşəcəksə, onun ən böyük səbəbi o olacaq ki, dünyada dolların daha da bahalaşması baş verə bilər. Yaxın gələcək üçün bu hadisənin baş verəcəyi gözlənilir. "Valyuta müharibələri"nin kəskinləşməsi əsasında manatın növbəti dəfə ucuzlaşmasını görəcəyiksə və ona paralel olaraq iqtisadiyyat və ixracatda stimullaşdırıcı addımlar atılar, ciddi islahatlara gedilərsə, bunun iqtisadiyyata pozitiv, həm də neqativ tərəfləri olacaq. Pozitiv baxımından ölkəmizdə ixracat yönümlü iqtisadiyyat üçün müəyyən münbit şəraitin yaradılmasına səbəb olacaq".

Digər iqtisadçı ekspert Yaşar Əsədovun fikrincə, valyuta məzənnəsi müharibəsinin qızışmasının Azərbaycana da müəyyən təsirləri ola bilər: "Azərbaycan dünya iqtisadiyyatından təcrid olunmuş halda yaşaya bilməz. Ölkəmiz isə dünya bazarına müəyyən məhsullar ixrac etdyindən ticarət və valyuta məzənnələri müharibəsinin kəskinləşməsinin ölkəmizə də müəyyən dərəcədə təsirlərinin ola biləcəyi istisna deyil".



Sizin Reklam Yeriniz