Əlaqə Arxiv
news Image
2015.10.16
11:00
| A A A
Azərbaycan yükdaşımalardan böyük gəlir əldə edəcək
Rəşad Həsənov: “Bu, qarşılıqlı ticarət əlaqələrinin genişlənməsinə gətirib çıxaracaq” Pərviz Heydərov: “Azərbaycan bütövlükdə nəqliyyat və logistika mərkəzinə çevriləcək”

Ölkəmizin tranzit əhəmiyyəti artır. Bu istiqamətdə işlər genişlənməkdədir. Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da Prezident İlham Əliyevin bu məsələyə bir daha toxundu. Xüsusi ilə yükdaşıma sahəsində vahid tarif və vahid koordinasiyanın vacibliyi vurğulandı.

Ekspertlər yükdaşıma sahəsində vahid tarif və vahid koordinasiyanın həyata keçəcəyi təqdirdə, bunun ölkəmizə böyük iqtisadi dividendlər gətirəcəyini deyirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, bu, qarşılıqlı ticarət əlaqələrinin genişlənməsinə gətirib çıxaracaq: "Digər tərəfdən isə ölkəmizin strateji əhəmiyyətini artıracaq. Azərbaycanın tranzit daşımalarının genişləndirilməsi və infrastrukturun yaradılması istiqamətində ciddi işlər görülüb. Bunu xüsusi ilə dəmiryolu və dəniz daşımaları ilə bağlı demək olar. Hazırda uzunmüddətli görülən işlərin yekun mərhələsidir. Bakı-Tiflis-Qars dəmiryolunun hazır olmasına az qalıb. Türkiyə tərəfi dəmir yolunun 2016-cı ilin sonuna yaxın yekunlaşacağı ilə bağlı açıqlama verib. Azərbaycanın da böyük dəniz terminalları hazır olmaq üzrədir. Belə bir şəraitdə artıq qanunvericilik sferasında və faizlərin tənzimlənməsi məsələsində addımların atılması mütləqdir. Vahid tarif sistemi tətbiq olunacaqsa, bu, ümumiyyətlə, Asiya ölkələrindən Avropaya istiqamətlənən xətt üzrə irihəcmli daşımaların Azərbaycan üzərindən keçməsinə səbəb olacaq. Bu da ölkənin gəlirlərinə müsbət təsir göstərəcək".

Digər iqtisadçı Pərviz Heydərov bildirdi ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaq məqsədilə diversifikasiya siyasəti həyata keçirilir: "Ölkənin 2020-ci ilə qədər müvafiq inkişaf konsepsiyasına əsasən, ÜDM istehsalının qeyri-neft sektorunun hər il təxminən 7-8 faiz artması hesabına 2 dəfə genişlənməsi qarşıya məqsəd qoyulub. Bunun üçün isə neftdən kənar sahələrdə müxtəlif növ infrastruktur layihələri gerçəkləşdirilməlidir ki, Azərbaycan hökuməti də son illər ərzində bu mənada məhz nəqliyyata böyük həcmdə investisiyalar yatırmaqla xüsusən bu sahəni ən müasir tələblər səviyyəsinə çatdırmağı qarşıya vəzifə olaraq qoymuşdur. Bu mənada məsələn, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikilməsi böyük əhəmiyyət kəsb edir. Sözügedən kompleksinin tikintisi haqqında Azərbaycan Prezidentinin 2007-ci il 18 oktyabr tarixli Sərəncamında qeyd edilib ki, Azərbaycan ərazisindən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə keçən tranzit və ölkə iqtisadiyyatı üçün tələb olunan yüklərin qəbul edilməsində və daşınmasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı həlledici rola malik olsa da, Bakı-Tiflis-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsi nəticəsində gözlənilən yük həcmlərinin artımı ilə bağlı zəruri tədbirlər görmək, habelə Bakı şəhərinin mərkəzi hissəsində yerləşən liman ərazisinin ekoloji baxımdan sağlamlaşdırılması və milli parkın ərazisinin genişləndirilməsi, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etmək üçün mövcud liman kompleksinin bu ərazidən köçürülməsi vacib sayılır.

Bunu nəzərə alaraq Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində yeni kompleksin tikilməsi qərara alınıb. Lakin bütün bunlar son deyil. Düz, 2 il əvvəl - 2013-cü il sentyabrın 20-də Bakıda gəmiqayırma zavodu da istifadəyə verilib. Bu da iqtisadiyyatın diversifikasiya siyasətinin tərkib hissəsinə uyğun idi. Son 10 il ərzində tankerlər, yük gəmiləri, bərələrdən ibarət 17 gəmi alınmışdır ki, bununla əlaqədar olaraq Bakıda gəmiqayırma zavodu tikildi. Məqsəd, xarici istehsalçılardan asılılığı azalmaq idi. Artıq, bu sahədə xarici şirkətlərlə əks əməkdaşlığa başlanmışdır. Bundan əlavə, hazırda tikilməkdə olan Bakı–Tiflis-Qars dəmir yolu layihəsində Azərbaycanın təşəbbüsü ilə qonşu ölkələr də iştirak edir ki, bu layihənin özünün ayrı cür tarixi əhəmiyyəti vardır. İlk dəfə olaraq Azərbaycan dəmir yolu vasitəsilə Avropa ilə birləşəcək ki, Azərbaycan Avropa ilə Asiya arasında bir növ dəmir yolu körpüsü olacaq. Bu dəmir yolu ilə 10 milyon ton, ondan sonra 20 milyon ton yük daşınacaq ki, Bakı-Tiflis-Qars dəmir yolu da özü möhtəşəm bir tarixi layihə sayılır. Ümumiyyətlə, bu layihə gerçəkləşdikdən sonra Azərbaycan ərazisindən ən azı 10 milyon ton əlavə yük daşınacaq. Bu yükü daşımaq üçün isə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi bütün strateji planların reallaşması işini tamamlayacaq. Bütün bunların da nəticəsində Azərbaycan bütövlükdə nəqliyyat və logistika mərkəzinə çevriləcək.

Sözsüz ki, bütün bunların fonunda dövlətin üzərinə də əlavə funksiyalar düşür. Bu, əlverişli tarif siyasəti müəyyən etmək, ayrı-ayrı nəqliyyat qurumları arasında müvafiq tənzimləməyə nail olmaq, ümumi marağı qorumaqdır. Hər bir təsərrüfat subyektinin öz marağı var. Lakin yuxarıda qeyd etdiyimiz işləri dövlət görür və buna büdcə vəsaitləri xərclənir. Odur ki, ilk növbədə dövlətin də iqtisadi maraqları təmin olunmalıdır".



Sizin Reklam Yeriniz