Əlaqə Arxiv
news Image
2015.10.21
13:52
| A A A
Azərbaycan və Kosta-Rika elektron ticarət sahəsində əməkdaşlığı genişləndirir

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ilə görüşüb.


Movqe.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, ölkələr arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarından söz açan nazir Ə.Abbasov münasibətlərin gələcək inkişafının təmin olunması üçün qarşılıqlı maraq və potensialın olduğunu qeyd edib.


Nazir Azərbaycanda İKT, rabitə və yüksək texnologiyalar sahəsində aparılan islahatlar və həyata keçirilən layihələrə də toxunaraq, ölkəmizin regional və qlobal layihələrin təşəbbüskarı kimi çıxış etdiyini, o cümlədən Azərbaycanın koordinatorluq etdiyi "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın (TASİM) BMT Baş Assambleyasının qətnamələri ilə dəstəkləndiyini, bu kontekstdə Avrasiya rabitə alyansının təsis edildiyini bildirib.


Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyalarının tədqiqi, nüvə energetikası sahəsində aparılan işlərdən də danışan nazir bu məqsədlə "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradıldığını, eyni zamanda "Azərspace", "Azersky" peyklərinə malik olan respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində hazırda növbəti peyk layihələrinin icra edildiyini nəzərə çatdırıb.


Sonra internetin inkişaf səviyyəsindən söz açan nazir Ə.Abbasov Azərbaycanda azad internet siyasətinin dəstəkləndiyini, həmçinin internet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycanın dünya orta göstəricisini təqribən 2 dəfə qabaqladığını nəzərə çatdırıb. İnternetin yaratdığı geniş fürsətlərin ölkələr arasında əlaqələrin yaxınlaşmasına xidmət etdiyini də vurğulayan nazir Azərbaycanla Kosta-Rika arasında elektron bazar üzərindən əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların qazanıla biləcəyini qeyd edib.


Ölkənin sosial-iqtisadi inkişafı ilə tanış olduğunu, inkişaf dinamikasına görə, Azərbaycanın qısa müddətdə böyük ölkəyə çevrildiyini deyən nazir Manuel Qonzales Sanz ölkəsinin əməkdaşlıq münasibətlərinin inkişafında daha da maraqlı olduğuna diqqət çəkib.


Əlaqələrin genişləndirilməsində səylərin gücləndirilməsini vacib sayan qonaq üçüncü ölkəni də cəlb etməklə Azərbaycan və Kosta-Rika arasında birgə layihələrin reallaşdırılması ilə bağlı təkliflərini irəli sürüb.


Münasibətlərin gələcək inkişafında qarşılıqlı səfər və görüşlərin roluna da toxunan Manuel Qonzales Sanz nazir Əli Abbasovu gələn il Kosta-Rika Respublikasında keçiriləcək "Onlayn Azadlıq Koalisiyası"nda iştirak etməyə dəvət edib.


Görüşdə gələcək əməkdaşlıq istiqamətləri və bu sahədə imkanların artırılması məsələləri müzakirə edilib, həmçinin tərəfləri maraqlandıran digər suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.


Sizin Reklam Yeriniz