Əlaqə Arxiv
news Image
2015.10.22
08:00
| A A A
Sahibkarlıqla məşğul olanların sayı artacaq
Bu fəaliyyət növü ilə məşğul olanların yoxlanılmasının dayandırılması vergi ödənişlərinin artmasına da səbəb olacaq

Sahibkarlığın inkişafı məqsədilə görülən son tədbirlər bu sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisinin daha da artacağını göstərir. Eyni zamanda sahibkarlıq subyektlərinin sayında da qarşıdakı dövr ərzində nəzərəçarpacaq artım proqnozlaşdırılır.

Bu arada xatırladaq ki, gələn ayın 1-dən sonra iki il müdətində sahibkarlıq subyektlərində aparılan yoxlamalar dayandırılacaq. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin sözlərinə görə, ölkə başçısının bununla bağlı parlamentə göndərdiyi qanun layihəsi artıq Milli Məclisdə qəbul edilib: "Qanunun mahiyyəti ondan ibarətdir ki, noyabrın 1-dən sonra 2 il müddətində yoxlamalar dayandırılacaq. Digər bir məsələ isə lisenziyalarla bağlıdır. Ölkə başçısının fərmanına əsasən, lisenziyaların sayı minimuma endirilib və bundan sonra bütün xüsusi lisenziyaları İqtisadiyyat və Sənaye Nazirliyi "ASAN xidmət" vasitəsilə veriləcək". Elektron lisenziyaların verilməsinin mümkün olduğunu deyən Ş.Mustafayev bununla bağlı Prezidentin də xüsusi göstərişinin olduğunu qeyd edib: "Təbii ki, "Elektron lisenziya"ların tətbiqi mümkündür və icra ediləcək. Bu haqda artıq cənab Prezidentin göstərişi var ".

Göründüyü kimi, artıq sahibkarlığın inkişafında yeni və olduqca mühüm mərhələ başlayır. Həmçinin, Prezidentin son fərmanı oliqarxlaşmış məmurlara, vəzifəyə xalqa xidmət yox, şəxsi məqsədlərini həyata keçirmək vasitəsi kimi baxan məmurlara böyük zərbədir. Ölkə başçısı hər dəfə olduğu kimi, bu dəfə də sahibkarların tərəfini tutdu. Onlara imkan yaratdı ki, həm özləri gəlir əldə edə bilsinlər, həm işçi heyətini saxlaya bilsinlər, həm də ölkə iqtisadiyyatının inkişafına təkan versinlər. Deputat Aydın Mirzəzadə də bu xüsusda bildirir ki, ki, Azərbaycan hökuməti daim ölkədə biznes mühitinin yaxşılaşması, sahibkarlığa dəstək üçün tədbirlər görüb: "Cənab Prezident həm hökumətin iclaslarında, həm ictimaiyyət qarşısında çıxışlarında daima bu məsələni xüsusilə vurğulayıb. Prezident İlham Əliyev dəfələrlə sahibkarların əsassız yoxlanılmasına son qoyulmasını, bu prosesin bir sistemə salınması məsələsini qaldırıb. Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələ bir daha vurğulandı. Prezident İlham Əliyevin sahibkarların yoxlanmasının iki il müddətinə dayandırılması ilə bağlı etdiyi təklif Azərbaycanda böyük əks-səda doğurdu. Çünki bu, əsassız yoxlamaların qarşısını alacaq, sahibkarların investisiya qoyması üçün münbit şərait yaradacaq". A.Mirzəzadə bildirib ki, sahibkarların yoxlanılmasının dayandırılması eyni zamanda, vergi ödənişlərinin artmasına da səbəb olacaq: "Bu, eyni zamanda, sahibkarlar təbəqəsinin dövlətlərinə inamının daha da artmasına səbəb olacaq. Yoxlamaların dayandırılması biznes sahəsinin daha da genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq onların həm yeni iş yerləri yaratmasına, həm də yeni investisiyalar qoymasına imkan verəcək".

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov kompleks tədbirlərinin davamlı olacağını bildirib: "Prezident İlham Əliyevin lisenziyaların verilməsinin sadələşdirilməsi və şəfaflığın təmin edilməsininin "ASAN xidmət" ə həvalə edilməsinə dair fərmanı çox mühüm addımdır. Çünki "ASAN xidmət" mərkəzi keçən müddət ərzində çox şəffaf işləyib. Hesab edirəm ki, bu, birinci mühüm addımdır. İkinci mühüm addım isə sahibkarlıqla bağlı yoxlamaların 2 il müddətində saxlanılmasıdır. Bu qanun Azərbaycanda sahibkarlığın inkişafına çox böyük təkan verəcək. Ölkədə indiki şəraitdə, neftin qiymətinin aşağı düşdüyü bir zamanda qeyri-neft sektorunun irəliləməsi üçün əsas amillərdən biri olacaq. Hazırda sadələşdirilmiş, əmək haqqından olan gəlir vergisi, mərc oyunları, tikinti vergisi və sair əlavə dəyər vergisi ilə əlaqədar artıq kompleks tədbirlər həyata keçirilir. Bunun davamı olacaq. O cümlədən kadr-struktur islahatları aparılacaq. Hazırda işlər ölkə başçısının göstərişinə uyğun şəkildə davam etdirilir. Yəqin ki, tətbiq ediləcək yeni proqram çərçivəsində müəyyən işlər həyata keçiriləcək".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov isə qeyd edir ki, müvafiq qanunun qəbul olunması birmənalı şəkildə imkan verəcək ki, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələri aradan qaldırmaq mümkün olsun, sahibkarlar yalnız dövlət büdcəsinə ödənişləri təmin etməklə liberal şəkildə öz fəaliyyətlərini qura bilsinlər: "Bu, imkan verəcək ki, sahibkarlar sərbəst şəkildə bazara çıxış imkanlarını genişləndirsinlər. Beləliklə, sahibkarlıq fəaliyyətinin daha yaxından dəstəklənməsi müşahidə olunacaq. Sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılması sahibkarların dövriyyəsinin artmasına və nəticədə dövlət büdcəsinə daxilolmaların artmasına gətirib çıxaracaq".



Sizin Reklam Yeriniz