Əlaqə Arxiv
news Image
2015.10.29
09:45
| A A A
Mənzil və torpaq bazarında ucuzlaşma davam edir
Ramil Osmanlı: “Tikinti və torpaq bazarında müşahidə edilən ucuzlaşma davamlı ola bilər” Elnur Əsədov: “Daşınmaz və ya daşınan əmlak bazarında qiymətlərin və mənzil sektorunda alıcılıq səviyyəsinin aşağı olması torpağın da qiymətinə birbaşa mənfi təsir göstərib”

Daşınmaz əmlak bazarının bütün seqmentlərində həm ucuzlaşma, həm də fəallıq azalmaqda davam edir. İlin əvvəlindən qiymətlərdə təxminən 18,55 faiz azalma mövcuddur və proses davam etməkdədir. Torpaq bazarında da il ərzində 11,84 faiz azalma olub. Eyni zamanda tikinti bazarında ucuzlaşma davam etməkdədir. Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlının sözlərinə görə, torpaq və tikinti bazarında ucuzlaşmanın səbəbləri müxtəlifdir: "Gəlirlərin azalması da proses ətsir edir. Xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşı sayılan Rusiyadan Azərbaycana daxil olan vəsaitlərin həcminin kəskin şəkildə azalması prosesə təsir edir. Bu, daşınmaz əmlak bazarına təsirsiz ötüşmür". Ekspertin fikrincə, tikinti və torpaq bazarında müşahidə edilən ucuzlaşma davamlı ola bilər: "Nə qədər ki, dünya maliyyə bazarında böhran yaşanır, bu bazarda analoji vəziyyət özünü göstərəcək".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Elnur Əsədov da "Mövqe"yə açıqlamasında hazırda tikinti və torpaq bazarında durğunluq müşahidə edildiyini təsdiqlədi: "Bazarlarda durğunluğun olmasının bir sıra səbəbləri var. Daşınmaz və ya daşınan əmlak bazarında qiymətlərin və mənzil sektorunda alıcılıq səviyyəsinin aşağı olması torpağın da qiymətinə birbaşa mənfi təsir göstərib. Bu bazarda ümumi alıcılıq qabiliyyəti təxminən 20-30% aşağı düşüb. Bu da torpağın ucuzlaşmasına səbəb olan amillərdəndir".

Ekspert bazarda müşahidə edilən bu vəziyyətin davamlı ola bilməsi haqqında proqnoz verməyin çətin olduğunu deyir: "Ancaq ehtimal ki, daşınmaz əmlak bazarındakı bu durğunluq cari ilin dördüncü rübdə də davam edəcək".

Elnur Əsədovun sözlərinə görə, bundan əvvəl qiymətlər şişirdilmiş olsa da belə, bazarda müəyyən qiymətlərdə alqı-satqı mövcud idi: "Amma 2013-cü ilin qiymətlərilə müqayisə etsək, 2015-ci ildə mərkəzə yaxın və mərkəzdən kənar ərazilərdə qiymətlər müəyyən qədər enib".



Sizin Reklam Yeriniz