Əlaqə Arxiv
news Image
2015.10.31
07:00
| A A A
Azərbaycan məhsulları Avropa bazarlarında
Rəşad Həsənov: “Avropa bazarlarında təbii məhsullara tələbat kifayət qədər böyükdür”

Yaxın gələcəkdə Azərbaycanda qeyri-neft, o cümlədən kənd təsərrüfatı məhsullarının daha çox həcmdə xaricə ixracı gözlənilir. Bu baxımdan hesab edilir ki, Azərbaycan məhsulları üçün yeni bazarların tapılması vacibdir.

Qeyd edək ki, Azərbaycan məhsulları üçün ənənəvi satış istiqaməti Rusiya bazarlarıdır. Ancaq rublun dəyərsizləşməsi, eyni zamanda bazarların şaxələndirilməsi baxımından əlavə məkanların axtarılıb tapılması vacib sayılır. Bu xüsusda digər qonşu ölkələrin, Orta Asiya, Şərq ölkələrin və Avropa bazarlarının adları çəkilir. Bunun üçün isə ilk növbədə istehsal məhsullarımız həmin ölkələrin standartlarına cavab verməlidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracatı daha çox Rusiya bazarlarınadır: "Ancaq rublun dəyər itirməsi nəticəsində azərbaycanlı sahibkarlar üçün bu bazarlara məhsul çıxarmaq o qədər münasib deyil. Bir çox hallarda nəzərdə tutulan marjanı əldə edə bilmədiklərindən son zamanlar Rusiya bazarlarına ixracla bağlı tərəddüdlər yaşayırlar. Bu baxımdan gələcək dövrlərdə Azərbaycan intensiv kənd təsərrüfatı modelinə keçidi təmin etdikdən, istehsalın həcmini artırdıqdan sonra bazarların şaxələndirilməsi istiqamətində addımlar atmalıdır.

Əsas istiqamətlərdən biri kimi Avropa bazarları nəzərdə tutlmalıdır. Ancaq məhsullarımızın indiki standartları buna tam imkan vermir. Onu da nəzərə alaq ki, Azərbaycan məhsulları daha çox təbii məhsullardır. Bizdə GMO və ya hansısa formada süni təsərrüfatçılıq yolu ilə əldə olunmuş məhsulun həcmi azdır. Avropa bazarlarında isə təbii məhsullara tələbat kifayət qədər böyükdür. Onların da qiyməti hazırda azərbaycanlı sahibkarlar üçün sərfəlidir. Amma bu istiqamətdə müvafiq addımlar atılmalıdır. İlk növbədə Azərbaycan məhsullarının Avropa bazarlarına çıxışı təmin edilməsi üçün uyğun sertifikatlaşdırma prosesi təmin olunmalıdır. Məhsullar həmin bazarların keyfiyyətinə cavab verə biləcək şəkildə istehsal olunmalıdır. Burada qarşılıqlı iqtisadi əlaqələrdən söhbət gedir.

Hökumət tərəfindən Avropa Birliyi ölkələri ilə müəyyən razılaşmalar əldə edilə bilər ki, Azərbaycan mənşəli məhsullar həmin bazarlara daxil ola bilsin. Digər tərəfdən isə yerli istehsalın brendləri yaradılmalıdır. Bu gün xüsusi brendlərin yaradılması və onun reklamının təmin edilməsində azərbaycanlı sahibkarlar ciddi çətinliklərlə üzləşirlər. Əsasən də prosedur qaydalarının çətinliyi və vəsait çatışmazlığı sahibkarlıq üçün problem yaradır. Hökumət tərəfindən təşviqedici proqramlar həyata keçirməklə və ya hansısa formada sərgilərin təşkil edilməsi ilə bu məhsulların Avropa bazarlarına çıxışını təmin etmək olar.

Sahibkarlar da daha bahalı bazara çıxmaqda maraqlıdır. Amma həmin bazarlara ilkin çıxış xərcləri də kifayət qədər böyükdür. Amma Avropa bazarlarına çıxış səmərəli ola bilər. Eyni zamanda qeyri-neft sektorunun digər sahələrində, xüsusi ilə yüngül sənaye, kimya sənayesində istehsal olunan məhsullarımızı Orta Asiya bazarlarına çıxarmaq imkanlarımız var. O cümlədən İranın bu istiqmətdə böyük tələbatı var ki, ordan da yararlanmağa cəhd göstərməliyik".

Ekspert əlavə etdi ki, bütün bunlar üçün müasir standartlara cavab verən məhsul istehsal etməliyik: "Bizdə hələlik əsas satış istiqaməti kimi daxili bazar nəzərdə tutulur. Bu yanaşma aradan qaldırılmalıdır. Hazırda buna müəyyən qədər şərait də yaranıb. Daxili tələbatın aşağı düşməsi sahibkarları digər bazarlara çıxışa sövq edəcək. Digər tərəfdən hökumət də ixracın stimullaşmasında, sahibkarlıq fəaliyyətinin liberallaşdırılmasında maraqlıdır. Azərbaycanlı sahibkarlar belə bir şəraitdən yararlanıb dünya bazarına çıxış əldə edə bilərlər".

Mübariz BAYRAMOV



Sizin Reklam Yeriniz