Əlaqə Arxiv
news Image
2015.10.31
08:00
| A A A
Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar dünya miqyasında da yüksək qiymətləndirilir
Əmlakın qeydiyyatı sisteminin səmərəliliyinə görə, ölkəmiz dünyada ilk yerlərdən birini tutur

Ölkə iqtisadiyyatının sürətli inkişafı məqsədilə atılan adddımlar, həyata keçrilən islahatlar beynəlxalq miqyasda da təqdir olunur, yüksək qiymətləndirilir. Bunu Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik "Doing Business 2016" hesabatından da aydın görmək olar.

Qeyd edək ki, ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 189 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq 80-ci pillədən 63-cü pilləyə yüksəlib. "Doing Business 2016" hesabatında 3 göstərici ("Biznesə başlama", "Tikinti üçün icazələrin alınması" və "Kiçik investorların maraqlarının qorunması") üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar xüsusi qeyd edilib. Hesabatda əksər göstəricilər üzrə ölkəmizin mövqeyi yaxşılaşıb. Belə ki, Azərbaycan "Biznesə başlama" göstəricisi üzrə 5 pillə, "Tikinti üçün icazələrin alınması" göstəricisi üzrə 36 pillə, "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 15 pillə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 49 pillə, "Xarici ticarətin aparılması" göstəricisi üzrə 72 pillə və sair irəliləyib. Ümumiyyətlə, Azərbaycan "Doing Business 2016" hesabatında dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub.

İqtisadçı Vüqar Bayramov bildirir ki, Azərbaycanda biznesin üzləşdiyi problemlərinin aradan qaldırılması ilə bağlı ölkə rəhbərliyi xeyli addımlar atıb və təbii ki, bu ölkəmizin beynəlxalq reytin hesabatında irəliləməsi üçün stimul olub. Onun fikrincə, ölkədə biznes mühiti sahəsində atılan addımlar Azərbaycanın reytinq hesabatında irəliləməsinə təsir edir: "Ümumiyyətlə, biz 2016-cı ilin yekununda Azərbaycanın hesabatda yerinin daha da yaxşılacağını gözləyirdik və bu baş verdi. Nəzərə alaq ki, son dövrlər Azərbaycanda biznesin üzləşdiyi problemlərinin aradan qaldırılması ilə bağlı xeyli addımlar atılıb. Sözsüz ki, bu birmənalı şəkildə Azərbaycanın reytinqdəki yerinə təsir edib. Hesabatda Azərbaycanın 80-ci yerdən 63-cü yerə qədər irəliləməsinə səbəb bir sıra istiqamətlərdə vəziyyətin yaxşılaşdırılmasıdır. Məsələn, elektron imza və elektron möhürlərdən istifadə edilməsi bizneslə məçğul olmağı asanlaşdırır. Tikinti sahəsində sənədlərin azalması, səhm payı az olan investorların hüquqlarının müdafiə edilməsi, inşaat üçün proseduraların sayının azaldırlması əsas səbəblərdəndir".

Yeri gəlmişkən qeyd edək ki, "Doing Business 2016" hesabatında Azərbaycan əmlakın qeydiyyatı sisteminin səmərəliliyinə görə, dünyada ilk yerlərdən birini tutub. Azərbaycan mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı prosedurların sayının azlığına, müddətin qısalığına və qeydiyyat xərclərinə görə, dünyanın və MDB-nin əksər ölkələrini qabaqlayır. "Doing Business 2016" hesabatına əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək tələb olunur. Bu göstəriciyə görə, ölkəmiz ABŞ, Almaniya, Finlandiya, İsveçrə, Hollandiya, Yaponiya və İspaniya kimi inkişaf etmiş ölkələri, o cümlədən qonşu Türkiyəni qabaqlayır. Qeyd edək ki, dünya üzrə bu göstərici 4,7 prosedur, Azərbaycan da daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda isə 5,4 prosedur təşkil edir.

Digər tərəfdən "Doing Business 2016" hesabatına əsasən ölkəmizdə qeydiyyat müddəti cəmi 8,5 gün davam edir. Müqayisə üçün bildirək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələr üzrə bu müddət 21,8 gün, Avropa və Mərkəzi Asiya regionu üçün isə 22 gün təşkil edir. Başqa sözlə, Azərbaycanda əmlakın qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən 3 dəfə daha sürətlidir. Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb olunan xərclərin azlığına görə də, dünya və Avropa ölkələrinin əksəriyyətini qabaqlayır. Hesabata əsasən, Azərbaycanda əmlakın qeydiyyatı üçün tələb olunan məbləğ əmlakın dəyərinin cəmi 0,2 faizini təşkil edir. Qeyd edək ki, İƏİT ölkələri üzrə bu göstərici əmlakın dəyərinin 4,2 faizi qədər, Avropa və Mərkəzi Asya regionu üçün isə 2,6 faiz təşkil edir.

Hesabatda Azərbaycanın əldə etdiyi yüksək göstəricilər son illər ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi və müasir standartlara çatdırılması sahəsində görülən işlərin nəticəsidir. Bu sahədə elektron xidmətlərin, "Kütləvi çıxarış" kampaniyası və mobil ofis xidmətlərinin tətbiqi əmlakın qeydiyyatını sadələşdirib və onu əhalinin bütün təbəqələri üçün əlçatan edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində "bir pəncərə" sisteminin tətbiqi də bu sahədə şəffaflıq və operativliyi kifayət dərəcədə artırıb. Üstəlik bu sahədə informasiya-kommunikasiya texnologiyalarının və "Elektron hökumət"in imkanlarından səmərəli istifadə nəticəsində əmlakın qeydiyyatı prosedurları və tələb olunan müddət, eləcə də, sərf edilən qeydiyyat xərcləri kəskin azalıb. Bu yeniliklərin nəticəsidir ki, Azərbaycanda, xüsusilə də regionlarda əmlakın qeydiyyatı göstəriciləri artıq bir neçə ildir ki, sürətlə artmaqdadır.

Sizin Reklam Yeriniz