news Image
2012.10.23
07:05
| A A A
Aqrar sektor üzrə bank mübahisə yaratdı
Natiq Cəfərli: “Əlavə xərclərə gedib yeni bankların yaradılmasındansa, mövcud banklarda kredit faizlərini aşağı salmaq olar” Samir Əliyev: “Təminat Fondu yaradılarsa, yeni bankların yaradılmasına ehtiyac qalmayacaq” Məlum olduğu kimi bu gün banklar kənd təsərrüfatı sahəsinə kreditlərin verilməsində o qədər də maraqlı deyillər. Ona görə də hazırda kənd təsərrüfatı sektorunun inkişafı üçün əsasən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit və subsidiyalar ayrılır. Amma artıq fermerlərin kredit almalarının asanlaşdırılması məqsədi ilə yaxın zamanlarda Aqrar Bank yaradıla bilər. Bunu "Aqrarkredit" bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev bəyan edib.
Sədr həmçinin onu da bəyan edib ki, artıq müvafiq təkliflərə hökumətdə baxılır. Ancaq ekspertlər ölkədə çoxlu sayda bankın olduğu halda yeni belə bir bankın yaradılmasını o qədər lüzumlu görmürlər. Ekspertlər, sadəcə, banklar tərəfindən kənd təsərrüfatı sahəsinə ayrılacaq kreditlərin şərtlərində müəyyən dəyişmələrin aparılmasını daha optimal hesab edirlər.
İqtisadçı ekspert Natiq Cəfərli ilk öncə bütün iri, orta bankların hamısının Azərbaycanın regionlarında şöbələri olduğunu qeyd etdi: "Fermerlərə ciddi şəkildə dəstək olmaq üçün bu banklar vasitəsilə də kreditlərin ayrılması mümkündür. Çünki, yeni bankın yaradılması əlavə xərc və ştatlara yol açacaq. Odur ki, əsas olaraq əvvəlcədən oyun qaydaları müəyyən olunmalıdır ki, kreditlər fermerlərə hansı güzəşt və mənbələrdən veriləcək. Çünki, aqrar sahə elə bir həssas sahədir ki, burada çox ciddi gəlirlərdən söhbət getmir. Həm də bura uzunmüddətli yatırımlar etmək lazımdır. Ona görə də mövcud banklarda fermerlərə veriləcək kreditlərin faizləri çox aşağı olmalıdır. Bunun üçün isə həmin kreditlərin mənbələri müəyyənləşdirilməlidir. Əlavə xərclərə gedib yeni bankların, ştatların yaradılmasındansa, həmin mənbələri müəyyən edib, agent bankların tenderini keçirmək olar. İştirak edəcək banklar da dövlət tərəfindən ayrılmış maliyyənin yaxşı idarə olunması təkliflərini verərək və öz komisyon xərclərini də üzərinə qoymaqla cüzi faizlə fermerlərə kreditlər verə bilərlər. Yəni, yeni bankın yaradılması və strukturlaşmasını gözləməkdənsə, həm iqtisadi səmərəlilik, həm də işin sürətli aparılması nöqteyi-nəzərindən bu yol daha optimal görünür. Çünki, yeni bank yaradılacağı təqdirdə də ona vəsaitlərin hansı mənbələrdən cəlb ediləcəyi sualı yaranır".
Bankların kənd təsərrüfatı sektoruna kredit verilişində az maraqlı olmasına gəldikdə isə ekspert bildirdi ki, ilk növbədə, banklar kommersiya və istehlak kreditlərini çox böyük faizlərlə verirlər: "İstehlak kreditləri də ümumi kreditlərin ən böyük hissəsini təşkil edir. Yəni, istehlak kreditlərində faizlər 15-30 faiz arasında dəyişir. Fermerlərə isə çox aşağı faizlə kreditin verilməsi lazımdır. Ona görə də banklar fermerlərə kredit verməkdə maraqlı deyillər. İkincisi isə girov məsələsidir. Çünki, fermer krediti öz torpaq sahəsini girov qoymaqla götürə bilir. Burada isə torpaq sahələrinin qiymətləndirilməsinin çox aşağı olması, mülkiyyət məsələlərinin sona qədər həll olunmaması, həm də kredit faizlərinin yüksək olması fermerlərin kredit almasında əngəl yaradan əsas məsələlərdir".
Digər iqtisadçı ekspert Samir Əliyev də ilk öncə bankların aqrar sahəyə kredit vermədə az maraqlı olduğunu qeyd etdi: "Ölkə üzrə kredit qoyuluşunun təqribən 5 faizi kənd təsərrüfatı sahəsinə aiddir. Ona görə də kənd təsərrüfatı sektorunu maliyyələşdirəcək bir qurumun, bankın yaradılması əslində məqbuldur. Ancaq iş təkcə belə bir bankın yaradılmasından keçməyəcək. Bu bankın özü də fəaliyyət göstərəndə belə yenə pulun verilməsi ilə bağlı ortaya problemlər çıxa bilər. Çünki, bank yaradılır, amma kənd təsərrüfatı sahəsində olan risklər qalıb. Ona görə burada həm də kənd təsərrüfatı kreditlərinin sığortalanması sistemi də işə düşməlidir. Yəni, təkcə məhsulun sığortalanması yox, eyni zamanda prosesin özü də sığortalanmalıdır. Bundan başqa dövlətin nəzdində Təminat Fondu da yaradıla bilər. Banklar tərəfindən kreditlər ayrıldıqda və hansısa problemlər ortaya çıxdıqda bu Fond vasitəsi ilə həmin zərər ödənilə bilər. Bu halda da banklar kreditləşməkdə maraqlı olacaqlar. Buna görə də Təminat Fondu yaradılarsa, yeni bankların yaradılmasına ehtiyac qalmayacaq. Həm də mövcud bankların özləri də kənd təsərrüfatı sahəsinə kredit ayırmaqda maraqlı olacaqlar".