Əlaqə Arxiv
news Image
2012.11.07
18:10
| A A A
Aqrar sektor ÜDM-nin formalaşmasında «axsayır»
Vahid Məhərrəmov: “Aqrar sektorun payının artırılması üçün bizim kifayət qədər potensialımız var” Vüqar Bayramov: “ÜDM - da aqrar sektorun payının artırılması üçün korperativ və klasterlər yaradılmalıdır”

Məlumdur ki, Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) əsas hissəsi neft sektornunu payına düşür. Neft qədər olmasa da sənaye, tikinti, kənd və meşə təsərrüfatları, balıqçılıq və digər xidmət sahələri də ümumi daxili məhsulun formalaşmasında özünəməxsus rol oynayır. Lakin burada diqqət çəkən məqam ondan ibarətdir ki, ümumi daxili məhsulda kənd təsərrüfatı sektronun payı 5.4 faizdir. Bu isə çox kiçik bir göstəricidir. Həmçinin onu da xatırladaq ki, hazırda dövlət tərəfindən aqrar sahəyə böyük yardımlar edilir.

Ekspertlər isə ölkəmizdə ümumi daxili məhsulda aqrar sektorunun payının az olmasını müxtəlif cür izah edirlər. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bunu ilk növbədə onunla əlaqələndirmək olar ki, Azərbaycanda ümumi daxili məhsulun əsas hissəsi neftlə bağlıdır: "Biz daha çox neft istehsal edirik. Həm də ümumi daxili məhsul istehsalında neft sənayesi daha yüksək göstərici olduğu üçün ümumiyyətlə, ümumi daxili məhsulda qeyri – neft sektorunun payı azdır. Amma aqrar sektorun payının artırılması üçün bizim kifayət qədər potensialımız var. Bu gün biz özümüzün kənd təsərrüfatı məhsuluna, ərzaq mallarına olan tələbatımızın bir hissəsini - 65-70 faizə qədərini ödəyə bilirik. Ancaq nəzərə alaq ki, biz bu tələbatı çox aşağı həddə müəyyənləşdirmişik.

Əgər istehlakçıların qida normasına uyğun tələbatı təmin edə bilsək, bizdə kənd təsərrüfatı məhsulunu iki dəfə artıq istehsal etməyə ehtiyac yaranacaq. Bu da onu deməyə əsas verir ki, biz hazırda təxminən istehlak tələbinin yarısını ödəyə bilirik. Bu baxımdan ümumi daxili məhsulda kənd təsərrüfatının payı çox aşağıdır".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirir ki, burada mühüm səbəb kimi aqrar sektorun inkişafının aşağı olmasını göstərmək olar: "Eyni zamanda digər səbəb onunla bağlıdır ki, Azərbaycanın ümumi daxili məhsulunun həcmində neft sektorun payının yüksək olması ümumilikdə qeyri – neft sektorunun payının azalmasına gətirib. Yəni, neft sektoru aqrar sektor da daxil olmaqla qeyri – neft sektorunun payının yüksək olmasına imkan vermir. Hazırda ümumi daxili məhsulun təxminən 50 faizi neft sektorunun payına düşür. Digər hissəsi isə qeyri – neft sektoruna aid olan sahələr üzrə paylaşdırılır. Amma bu, o, anlama gəlmir ki, aqrar sektorun payı ümumi daxili məhsulun 6 faizindən az olmalıdır. Çünki, hazırda əmək qabiliyyətli əhalinin 40 faizinin aqrar sektorda olduğunu nəzərə alsaq, təbii ki, aqrar sektorun payı yüksək olmalı idi. İş qabiliyyətli əhalinin 40 faizi ümumi daxili məhsulun 6 faizdən az hissəsini formalaşdırırsa, deməli işlər qaydasında getmir".

Ekspert bildirdi ki, aqrar sektora bütün ölkələrdə subsidiyalar verilir: "Hətta qeyri – aqrar ölkələrində belə aqrar sektorun payı kifayət qədər yüksəkdir. Avropa ölkələrində aqrar sektorun payı 15 – 20 faiz təşkil edir. Aqrar ölkələrdə isə bu, 40 faizə qədər yüksəlir. Məsələn, ABŞ - da əmək qabiliyyətli əhalinin 2.5 faizi aqrar sahədə çalışır. Onlar həm özlərini kənd təsərrüfatı məhsulu ilə təmin edir, həm də ixrac edirlər. Azərbaycanda isə əmək qabiliyyətli əhalinin 40 faizi aqrar sahə ilə məşğuldur. Lakin qalan 60 faizini təmin edə bilmir. Bununla yanaşı hətta xaricdən də ixrac edir. Əslində, işçi qüvvəsinin paylanması coğrafiyasını, istehsal olunan məhsulun miqdarını nəzərə alsaq, burada kifayət qədər ziddiyyət var. Bu, o deməkdir ki, aqrar sektor digər sektorlardan geri qalır. Həm də nəzərə alaq ki, il ərzində istehsal olunan məhsulların 26 faizi həcmində dövlət subsidiya yönəldir. Qalan 74 faizi isə aqrar sektorun özü tərəfindən qarşılanır. Əslində, isə subsidiyaların həcmi çox olduğu üçün aqrar sektor daha çox inkişaf etməli idi. Məsələn, Ümumdünya Ticarət Təşkilatının şərtlərində aqrar sektora verilən subsidiyaların maksimum limiti 10 faizdir. Hətta inkişaf etmiş ölkələr üçün isə bu rəqəm 5 faizdir. Azərbaycan isə həmin limitlərdən təqribən 3 dəfə artıq subsidiya ayırır. Amma bu, aqrar sektorda yeni dəyərin formalaşmasında özünü göstərmir".

Vüqar Bayramov qeyd etdi ki, ÜDM- da aqrar sektorun payının artırılması ilə bağlı fərqli metodların tətbiq edilməsinə ehtiyac var: "Bu metodlardan biri həm korperativlərin, həm də klasterlərin yaradılmasıdır. Yəni, korporativlərin yaradılması fermerlərin rəqabət imkanlarının genişlənməsinə səbəb ola bilər. Klasterlər isə bu gün bütün inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilən metodlardan biridir. Klasterlər yalnız fermerlər deyil, eyni zamanda müxtəlif universitetlər də olur. Onlar birgə müəyyənləşdirirlər ki, gələn il hansı məhsul istehsal edilməldir. Hansı məhsula daha çox tələb var və bazarlar üzrə bölüşdürülməsi necə həyata keçirilməldir. Əgər aqrar sektor əvvəlki kimi, fərdi şəkildə istehsalatla məşğul olacaqsa, onun payı çoxalmayacaq. Burada mənfi tendensiya almış hallardan biri də odur ki, fermerlər məhsul istehsalını planlaşdıra bilmirlər. Bu il soğanın qiyməti yüksək olursa, gələn il soğan istehsal edirlər. Bolluq da ona gətirir ki, onların istehsal etdiyi soğan çürüyür. Yaxud da hansı məhsulun qiyməti aşağıdırsa, gələn il ondan istehsal etmirlər. Ona görə də fermerlər gələn illər üzrə tələbata uyğun planlaşdırma aparmalıdırlar".


Sizin Reklam Yeriniz