Əlaqə Arxiv
news Image
2012.11.15
16:32
| A A A
Azərbaycan Dövlət Neft Fondu TANAP-ın maliyyələşməsində iştirak edə bilər

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) TransAnadolu boru kəməri (TANAP) layihəsində Azərbaycanın iştirak payını qismən maliyyələşdirə bilər.

"APA-Economics"in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümovun sözlərinə görə, TANAP çox iri, eyni zamanda maraqlı layihədir: "Neft Fondu bu layihədə Azərbaycan Dövlət Neft Şirkətinin üzərinə düşən payının bir hissəsini maliyyələşdirə bilər. Layihənin icrası üçün vəsait tələb olunarsa, Fondun kredit şəklində vəsait ayırması istisna olunmur". Eyni zamanda ARDNF rəhbəri layihənin çox cəlbedici olduğunu və bu baxımdan maliyyələşmə ilə bağlı problemlərlə üzləşməyəcəyini vurğulayıb.

Qeyd edək ki, TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin "BOTAŞ" və TPAO şirkətləri isə birlikdə 20% paya malikdir. ARDNŞ isə ona məxsus olan səhmlərin 29%-ni "Şahdəniz" Konsorsiumundakı tərəfdaşlarına - BP, "Statoil" və "Total" şirkətlərinə təklif edib. Artıq məlum olub ki, BP və "Statoil" bu layihədə hərəyə 12%, "Total" şirkəti isə 5% pay əldə etmək niyyətindədir.

Xatırladaq ki, Azərbaycanda hasil olunan qazın Avropa bazarına çıxarılması üçün nəzərdə tutulan TANAP qaz kəmərinin tikintisi işlərinə 2013-cü ildə başlanacaq. İnşaat işlərinin 2017-ci ilin sonu – 2018-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır. Yəni, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi işə düşəndə buradan çıxarılan qazın nəqli üçün TANAP kəməri hazır olacaq. Gələcəkdə digər yataqlardan çıxarılan qazın nəqlini də təmin etmək üçün TANAP kəmərinin nəqletmə imkanları genişləndirilə bilər.

Sizin Reklam Yeriniz