Əlaqə Arxiv
news Image
2012.11.15
16:38
| A A A
Elektron ticarət vergiyə cəlb olunurmu?
Şahin Məmmədov: «Ən qabaqcıl ölkələrin təcrübəsini öyrənmək üçün Avropadaxili vergi təşkilatları ilə iş aparılır» Akif Musayev: «Bu sahədəki çətinliklər daha çox texniki xarakter daşıyır»

İqtisadi sferada bu gün hökumət üçün prioritet məqamlardan biri də ölkədə nağdsız ödənişlər sistemindən geniş istifadə olunmasıdır. Bu istiqamətdə mühüm məqamlardan biri isə ölkədə elektron ticarətlə bağlıdır.

"Elektron ticarət haqqında" qanun ölkəmizdə 2005-ci ildə qəbul edilib. Qanun elektron ticarətin bütün vəziyyətlərini, elektron ödəmə prosesini də tənzimləyir. Qanunun qəbulundan sonara son illər elektron ödəmə və internet vasitəsi ilə alış-veriş sistemi inkişaf etməyə başlayıb. İnsanlar internet vasitəsi ilə elektron ödəmələr həyata keçirməklə istədikləri malı ala bilirlər. Bu proses qərb ölkələrində daha geniş yayılıb.

Bəs Azərbaycanda elektron ticarətdə vergi tutulurmu? Bu proses necə həyata keçirilir?

Vergilər Nazirliyi Analitik informasiya şöbəsinin rəhbəri Şahin Məmmədov məsələ ilə bağlı Mövqe.Az-a açıqlama verdi: "Bu məsələ ilə bağlı onu qeyd edə bilərəm ki, ən qabaqcıl ölkələrin təcrübəsini öyrənmək üçün Avropadaxili vergi təşkilatları ilə iş aparılır. Bu təcrübəni öyrəndikdən sonra vergi məcəlləsini həm stimullaşdıracaq, həm də inzibati dəyişikliklər nəzərdə tutulacaq."

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev məsələ ilə əlaqədar aşağıdakıları qeyd edir: "İnformasiya texnologiyalarının inkişafı nəticəsində elektron ticarətin meydana gəlməsi və onun, demək olar ki, iqtisadiyyatın bütün sahələrinə nüfuz etməsi digər sahələrdə olduğu kimi, vergitutma sahəsində də yeni və kifayət qədər mürəkkəb problemlərin qarşıya çıxmasına səbəb olub. Bu sahədəki çətinliklər daha çox texniki xarakter daşıyır. Bu sahədə araşdırmalar aparan mütəxəssislərin məsələyə yanaşması belədir ki, elektron ticarətin vergiyə cəlb olunması üçün yeni vergi növlərinin tətbiqinə zərurət yoxdur. Yəni ənənəvi vergi növlərini elektron ticarət fəaliyyətinin xüsusiyyətlərinə uyğunlaşdırmaqla bu sahənin vergiyə cəlb olunması məsələlərini həll etmək mümkündür.

Elektron ticarətin vergiyə cəlb olunması məsələsinə toxunarkən, ilk növbədə, birbaşa və dolayı vergi növlərini nəzərdən keçirmək lazımdır. Birbaşa vergilərə hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi, dolayı vergilərə isə ƏDV və aksiz aiddir.

Elektron ticarət həyata keçirildikdə sifarişlərin göndərilməsi, onların qəbulu, ödəmələrin həyata keçirilməsi avtomatlaşdırılmış kompleks tərəfindən həyata keçirildiyindən bu əməliyyatların hansı yerdə və ölkədə baş verdiyini müəyyənləşdirmək o qədər də asan olmur.

Elektron ticarətin dolayı vergilərə cəlb olunmasında daha çox diqqəti cəlb edən məsələ ƏDV-nin tətbiqi ilə bağlıdır. Məlumdur ki, ƏDV - istehlakçıdan tutulan vergi olmaqla birbaşa deyil, satıcı vasitəsilə tutulur və buna görə də dolayı vergi adlanır. Elektron ticarətin bu vergiyə cəlb olunmasında meydana çıxan əsas problemlərdən biri əməliyyatın aparıldığı və alıcının olduğu yerin müəyyən edilməsidir. Buna aydınlıq gətirmək üçün ƏDV-nin tutulmasının əsas prinsiplərinə nəzər salmaq lazımdır. Həmin prinsiplərə ƏDV ödəyicisi tərəfindən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi, son istehlakçılar tərəfindən əvəzləşdirmənin aparılmaması, ƏDV ödəyicisi olan idxalçılar tərəfindən idxal olunmuş mallara görə onların gömrük dəyərindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi, ixrac olunan mallara və xidmətlərə görə ƏDV-nin sıfır dərəcə ilə tətbiq olunması və s. aiddir. Onu da qeyd etmək lazımdır ki, bu prinsiplər nə qədər sadə olsa da, elektron ticarət zamanı aparılan əməliyyatlarda onlara əməl olunması məsələsi problem olaraq qalmaqdadır. Bu problemin həlli ilə bağlı meydana çıxan müzakirələrə daha çox əsas yaradan suallar xidmətlərin ƏDV-yə cəlb olunması xüsusiyyətlərindən irəli gəlir. Avropada tətbiq olunan ƏDV modelinə əsasən, xidmətlərin göstərilməsi zamanı vergi tutulan əməliyyatın aparıldığı yer xidmət alıcılarının olduğu yerlə müəyyən edilir. Elektron ticarətin ən geniş yayılan forması olan "rəqəmsal məhsulların" (kompüter proqramlarının, audio-video materialların və s.) satışının xidmətlərin göstərilməsi sayıldığını nəzərə alsaq, bu fəaliyyətin ƏDV-yə cəlb olunması məqsədilə xidmət alıcılarının olduğu yerin müəyyən edilməsi problemi daha da aktuallaşır.

Yuxarıda qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, elektron ticarətin vergiyə cəlb olunmasının səmərəli sisteminin yaradılması üçün qanunvericiliyin və informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində beynəlxalq səviyyədə, o cümlədən Azərbaycanda mühüm işlərin görülməsi tələb olunur".

Sizin Reklam Yeriniz