Əlaqə Arxiv
news Image
2012.11.19
10:34
| A A A
Valyutdəyişmə məntəqələri vergidən uzaq düşüblər
Samir Əliyev: “Bu, nəticədə insanların daha baha qiymətə valyuta dəyişməsinə gətirib çıxaracaq” Ruslan Atakişiyev: “Bu mexanizmin tətbiq olunması valyutdəyişmə məntəqələri arasında rəqabətin daha da artmasına gətirib çıxaracaq”

Məlum həqiqətdir ki, hazırda ölkəmizdə xeyli sayda valyutdəyişmə məntəqəsi fəaliyyət göstərir. Həmin valyutadəyişmə məntəqələrinin qazancı isə valyuta məzənnəsinin fərqindən olan gəlirlərdən formalaşır. Lakin maraqlıdır ki, bu gəlirlərdən hələlik heç bir vergi tutulmur. Amma bir çox xarici praktikada dəyişdirilən valyutanın dəyərinə uyğun verginin tətbiqi mövcuddur. Elə MDB ölkələrindən Ukrayna da bu kimi vergitutulma mexanizminin tətbiqinə hazırlaşır. Bəs görəsən həmin vergitutma mexanizmi ölkəmiz üçün nə dərəcədə effektiv olar? Burada isə ekspertlər fikirləri fərqlidir.

İqtisadçı ekspert Samir Əliyev bildirir ki, Azərbaycanda valyutadəyişmə prosesi Avropa ölkələri ilə müqayisədə kifayət qədər liberaldır: "O baxımdan ki, bu gün istədiyimiz məbləğdə pul dəyişə bilərik. Valyuta dəyişməsi zamanı da bizdən heç bir sənəd tələb olunmur. Amma halbuki inkişaf etmiş ölkələrdə belə, konkret olaraq Avropanın əksər ölkələrində valyuta dəyişdirilməsi zamanı mütləq sənəd tələb olunur. Digər tərəfdən də orada valyuta dəyişdirilən zaman əlavə komisyon haqlarüı da tutulur. Ona görə də müqayisə etsək, Azərbaycanda hər hansı valyutanı dəyişmək sərfəlidir, nəinki Avropada. O baxımdan Azərbaycanda bu iş sadədir və müştəri üçün daha əlverişlidir".

Samir Əliyev bildirdi ki, bizdə vergitutma prinsipi bir qədər başqadır: "Çünki, maliyyə xidməti göstərən qurumlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Digər tərəfdən ƏDV ödəyicisi də ola bilməz. Sadəcə olaraq ƏDV ödəyiciləri ya bankların tərkibində, ya da onların lisenziyası əsasında fəaliyyət göstərir. Burada əsas vergi ödəyicisi qismində bankın özü iştirak edir. Odur ki, bütün vergi yükünün az olması valyuta dəyişməsinin daha ucuz olmasına gətirib çıxarıb. O baxımdan hazırda Azərbaycanda olan sxemin tərəfdarıyam. Çünki, bu, müştəri üçün çox rahatdır".

Ekspert qeyd etdi ki, Mərkəzi Bank hər gün Azərbaycan manatının xarici valyutalara nisbətən məzənnəsini dərc edir: "Burada müəyyən bir limit də qoyur ki, valyutadəyişmə məntəqələrində Mərkəzi Bankın qoyduğu limitdən çox ola bilməsin. Bu əslində ölkədə valyutaların qiymətini tənzimləmək üçündür. Yəni, hərə öz bildiyi qiymətə satmasın. Əgər bizdə də həmin vergi tətbiq edilərsə, valyutadəyişmə məntəqlərdəki qiymətlərə Mərkəzi Bank qiymətləri arasındakı fərqin böyüməsinə gətirib çıxaracaq. Eyni zamanda həmin valyutdəyişmə məntəqələri öz vergilərini kompensasiya etmək üçün əhalidən əlavə komisyon haqları tutacaqlar. Bu da nəticədə insanların daha baha qiymətə valyuta dəyişməsinə gətirib çıxaracaq".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, Azərbaycanda valyutadəyişmə xidmətləri əsasən banklar tərəfindən həyata keçirilir: "Burada əlavə haqq tutulmur. Həmin xidmət zamanı sadəcə olaraq valyutanın məzənnə fərqindən gəlirlər formalaşır. Amma bankda hesab açılanda valyuta dəyişməyə ehtiyac yaranan zaman banklar konventasiya fəaliyyəti həyata keçirirlər. Həmin konventasiyaya görə, məzənnə fərqindən əlavə komisyon haqqı tutulur. Bütün bunlardan da gəlirlər əldə olunur ki, bu gəlirlərə görə də banklar müvafiq qaydada gəlir vergisi verirlər. Amma Avropa ölkələrində geniş spektrlı, adi valyutdəyişmə məntəqəsinə müraciət edilən zaman əhalidən əlavə komisyon haqqı tutulur. Yəni, məzənnə fərqindən əlavə pul ödənilir. Bu əlavə tutulan məbləğ də dəyişdirilən valyutanın miqdarına görə dəyişkən olur. Müvafiq olaraq da həmin vəsaitlər yenə də vergiyə cəlb olunur".

Ekspert bildirdi ki, göstərilən hal bizdə tətbiq olunarsa, bu, yalnız valyutdəyişmə məntəqələri üçün ola bilər: "Çünki, banklarda açılmış hesablara görə , onsuz da konventasiya haqları tutulur. Bu mexanizmin tətbiq olunması valyutdəyişmə məntəqələri arasında rəqabətin daha da artmasına gətirib çıxaracaq. Çünki, əhali daha az komisyon haqqı tutan məntəqəyə müraciət edəcək. Amma bu gün həmin mexanizmin tətbiqinə o qədər də ehtiyac yoxdur. Çünki, banklarda faiz dərəcələrinin yüksək olduğu bir şəraitdə belə bir mexanizmin tətbiq olunması məqsədəuyğun hesab olunmur. Gələcəkdə isə xidmət keyfiyyətinin artırılması baxımından nəzərdən keçirilə bilər".

Ruslan Atakişiyev onu da qeyd etdi ki, əlavə olaraq komisyon haqlarının tutulması məzənnələrin dəyişməsinə təsir etmir: "Çünki, o, öz əksini məzənnənin daxilində yox, sadəcə əlavə xidmət haqq kimi alınır. Məzənnələrin müəyyənləşdirilməsi isə Mərkəzi Bank tərəfindən həyata keçirilir".

Sizin Reklam Yeriniz