news Image
2016.05.02
15:50
| A A A
SOCAR-ın "Bulla-dəniz" yatağındakı 6 nömrəli stasionar dəniz özülü istismara verilib

Mayın 2-də SOCAR-ın "Bulla-dəniz" yatağındakı 6 nömrəli stasionar dəniz özülü istismara verilib.

Movqe.az xəbər verir ki, özülün istifadəyə verilməsi mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri iştirak ediblər. R.Abdullayev əvvəlcə özüldə çalışan neftçilərlə görüşüb, onları bu əlamətdar hadisə münasibətilə təbrik edib və uğurlar arzulayıb.


Özülə baxış keçirən SOCAR-ın prezidentinə məlumat verilib ki, şirkətin daxili imkanları ilə 2014-cü ildən inşasına başlanılan özülün layihəsi "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən verilib, istismara hazır vəziyyətdə olan birinci buraxılış kompleksi üzrə tikinti işləri "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib. Bir ədəd axtarış və 3 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 19-20 metr dərinliyində quraşdırılıb. Dəniz səviyyəsindən özülün döşəməsinədək olan məsafə isə 11 metrdir.


Bildirilib ki, özüldə bir ədəd helikopter, 10 gəmi yanalma və 4 minik-düşmə meydançası quraşdırılıb. İşçi personalın rahat və təhlükəsiz çalışması üçün 88 nəfərlik vaqon tipli yaşayış evi və digər zəruri evciklər inşa edilib. Özül yükqaldırma qabiliyyəti 4-28 ton olan 3 stasionar qaldırıcı kran, 3 ədəd 42 nəfərlik xilasedici qayıq və 9 ədəd 10 nəfərlik xilasedici sal ilə təchiz edilib.


Qeyd olunub ki, özüldə 5900-6300 metr dərinliyə qazılacaq quyularım hər birindən sutkada 150 ton kondensat və 500 min kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması planlaşdırılır. İstismar işləri N.Nərimanov adına neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçiriləcək.


İnşaat işlərinin müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirildiyini deyən SOCAR-ın prezidenti R.Abdullayev görülən işlərdən razı qaldığını bildirib, özüldə qazılacaq ilk axtarış quyusunda qazma dəzgahını işə salıb. "Bulla-dəniz" yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayan R.Abdullayev obyektin vaxtında və keyfiyyətlə istismara buraxılmasını yüksək qiymətləndirib. Qeyd edib ki, ölkənin neft-qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan hasilat və nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.


Bildirilib ki, layihə dərinliyi 5900 metr olan 78 nömrəli şaquli quyu məhsuldar qatın VIII horizontunun neft-qazlılığını öyrənmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirmək məqsədilə SOCAR-AQŞ birgə müəssisəsi tərəfindən qazılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs