news Image
2016.05.03
12:30
| A A A
Rüfət Aslanlı: "Dövlət "Bank Standard"a maliyyə dəstəyi verəcək"

 Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən müvəqqəti inzibatçı təyin olunan "Bank Standard" QSC-də mövcud olan likvidlik probleminin həlli üçün dövlət öz dəstəyini verəcək.

 

Movqe.az xəbər verir ki, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Palatanın müraciəti əsasında Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı müvafiq qərar qəbul edib və 6 ay ərzində banka 15 mln. manat həcmində dəstək verəcək: "Bizdə olan məlumata görə, maliyyə vəsaiti artıq bankın hesablarına köçürülüb. Bununla yanaşı, bankda likvid aktivlərin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcminin, məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmənin qərarı ilə 1 ay müddətində fiziki və hüquqi şəxslərin əmanətləri üzrə ödənişlər dayandırılıb. Başqa sözlə, fiziki və hüquqi şəxslər əmanətləri üzrə bank ödənişlərinə 3 iyun 2016-cı il tarixinədək moratorium qoyulub. Bu müddət ərzində dövlət dəstəyinin həcmi tam müəyyənləşdiriləcək. Onun mənbəyi artıq bəllidir. 1 aydan sonra fiziki və hüquqi şəxslər üzrə ödənişlər tam bərpa olunacaq. Tətbiq olunmuş moratorium heç bir halda bankın və onun müştəriləri olan təşkilatların işçilərinə əmək haqlarının ödənişinə şamil olunmur. Artıq banka ayrılmış likvidlik dəstəyi hesabına əmək haqlarının ödənişinin keçirilməsinə başlanılıb".

 

R. Aslanlı qeyd edib ki, Palata tərəfindən banka təyin olunan inzibatçı yalnız likvidlik məsələləri ilə deyil, eyni zamanda bankın idarəetməsi ilə də məşğul olacaq.

 

Sədr qeyd edib ki, "Bank Standard" əhalinin əmanətlərinin həcmi baxımından ölkənin ikinci ən iri bankıdır: "Bu səbəbdən dövlət banka zəruri dəstəyi verəcək".

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs