Əlaqə Arxiv
news Image
2016.05.04
09:00
| A A A
Dollarla neft satışının sonu çatır
Rəşad Həsənov: “Razılıq əsasında ticarət əlaqələrinin milli valyutalarla qurulması praktikası var” Oqtay Haqverdiyev: “Xarici ticarətdə dollardan imtina etmək uzun illər tələb edən prosesdir”

Rusiya neft satışlarında dollardan imtina etməyə hazırlaşır. Moskva əsas ixrac məhsulu olan "Urals" nefti üçün öz fyuçers müqaviləsini buraxmağa hazırlaşır. Bunda məqsəd neft satışlarından gəlirlərin artırılması və neftin qiymətinin hesablanmasında dollardan imtinadır. Məlumdur ki, İran da bu istiqamətdə konkret addım atıb. Cənub qonşumuz neftini ancaq avroya satır. Mütəxəssislər perspektivdə bunun neft ticarətində dolların rolunu azalda biləcəyini düşünürlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirir ki, bu kimi yanaşma həmişə olub: "Müxtəlif ölkələr dünya iqtisadiyyatında dolların rolunu və funksiyasını azaltmağa cəhd ediblər. Rusiyanın bu addımı xarici ölkələrin rubla olan marağını artırmaq məqsədi daşıyır. Rusiyadan neft alan ölkələr şərtlər qane edərsə, Rusiya bazarlarında rubl almağa məcburdur. Bu, rublun möhkəmlənməsinə gətirib çıxara və əhatə dairəsinin genişlənməsinə xidmət edə bilər. Bu kimi cəhdlər həmişə olub, ancaq baş tutmayıb.

Hansısa dövlətlərlə qarşılıqlı razılaşma əsasında bu münasibəti formalaşdırmaq mümkündür. Razılıq əsasında ticarət əlaqələrinin milli valyutalarla qurulması praktikası var. Amma nəzərə almaq lazımdır ki, bəzi ölkələrin Rusiyaya satdıqları ondan aldıqlarından daha çoxdur. Bunun qarşılığında onların rubl ehtiyatları artır. Ancaq rublun gələcəyi risk altındadır. Bu baxımdan həmin ölkələr rubl vasitəsi ilə ticarət həyata keçirməkdə maraqlı olmurlar. Ona görə də dünya birjalarında Rusiyanın neftini rublla satışını həyata keçirmək hələlik mümkün görünmür. Ancaq qarşılıqlı razılaşma əsasında iki dövlət arasında belə hallar mümkündür".

Ekspert əlavə etdi ki, Rusiyanın təşəbbüsü həyata keçsə də, dolların məzənnəsinə təsiri olmayacaq: "Yalnız psixoloji təsirlər yarada bilər. Hazırlıq mərhələsində investorlar arasında şübhə yarana bilər. Yəni, bir-iki saat ərzində dolların mövqeyinin zəifləməsinə gətirib çıxara bilər. Amma dolların tənzimləməsində FES və dünya ticarəti əsas amillərdən hesab olunur. FES dolların ucuzlaşmasında, bahalaşmasında maraqlı olarsa, proses baş verəcək. Ancaq Rusiyanın bu kimi təklifləri FES-in uçot dərəcəsini artırmaq qərarına dəstək də ola bilər. Rusiya belə bir addım atarsa, dollar dünya bazarında müəyyən qədər zəifləyəcək. Zəifləmiş mövqeyini bərqərar etmək üçün FES uçot dərəcəsini artıra bilər. Amma Rusiyanın qərarı uzunmüddətli təsiri ola bilən hal yarada bilməz. Çünki, bu gün Rusiya Avropa ölkələrinə neft satır. Bunun qarşılığında aldığı pul isə avrodur. Yəni, burada dollara qarşı ciddi təzyiq olmayacaq".

Digər iqtisadçı-ekspert Oqtay Haqverdiyev də eyni qənaətdədir: "Oxşar təşəbbüs zaman-zaman Çin, İran və digər ölkələr tərəfindən də irəli sürülüb. Amma nefi satandan sonra dünya bazarında onlar nələrsə almalıdırlar. Hansı ki, onlar da dollarla və avro ilə satılır.

Ümumiyyətlə, dünya ticarətində əməliyyatların 80%-i dollarla həyata keçirilir. Yəni, Rusiya bunu edə bilər. Ancaq nəzərə alaq ki, dollar indeksdir. Ondan ayrılmaq mümkün deyil. Rusiyanın neftdən, qazdan ayrı məhsulu yoxdur. Onları da rublla satsa, dolları haradan alacaq? Yəni, bunu elan edə bilər. Bu, siyasi addımdır. Amma heç vaxt icrasına keçə bilməyəcəklər.

Hər bir valyutanın tutumu var. ABŞ dollarının tutumluğu ən nəhəng və müasir iqtisadiyyata bağlıdır. Rusiya, İran isə dünya bazarına neft və qazdan başqa nəsə çıxara bilməzlər ki, ona valyuta gəlsin. Xarici ticarətdə dollardan imtina etmək uzun illər tələb edən prosesdir. Yəni, ölkələrin bu cəhdləri dolların məzənnəsinə təsir edə bilməz. Ancaq özlərinə zərər vuracaqlar".




Sizin Reklam Yeriniz